30 aprel 2024, 16:14

Bəsdi Ələkbərovadan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Azərbaycan xalqı qürurla səsləndirir ki, Siz dahi insanın və rəhbərin layiqli övladı olduğunuzu sübut edərək tarixdə öz izinizi qoydunuz. 30 il düşmən tapdağı altında qalan torpaqları azad edən yeganə dövlət başçısı kimi tarixə düşdünüz.

Sizin əzmkarlığınız, yürütdüyünüz müdrik siyasət, şanlı ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci ilin sentyabrın 27-də 44 günlük Vətən müharibəsində qalib gələrək işğal altında olan torpaqlarımızı azad etdik.

2023-cü ilin sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri sayəsində doğma Xankəndimizə, Xocalımıza qovuşduq. Sizin uzaqgörən siyasətiniz bizi bütün qələbələrə addım-addım yaxınlaşdırırdı. Döyüş meydanındakı uğurla yanaşı, Siz diplomatiya və informasiya cəbhəsində də düşmənə layiqli zərbələr endirmisiniz və bu istiqamətdə məqsədyönlü mübarizənizi davam etdirirsiniz.

Mən bir qazaxlı olaraq keçmiş günləri - 1990-1992-ci illərdə yaşanan dəhşətli anları bu gün də ürəkağrısı ilə xatırlayıram. Vaxtilə uzun müddət direktoru olduğum Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə də bu gün azadlığına qovuşan kəndlərin sakinləri məcburi köçkün kimi yerləşmişdilər. O qanlı-qadalı, acılı günlər, soydaşlarımızın çəkdikləri əzab-əziyyət, iztirab gözlərimizin önündən getmir. Dövlətimiz onlar üçün hər cür şərait yaratsa da, daim qayğı ilə əhatə olunsalar da Vətən, yurd həsrəti, nisgili həmin soydaşlarımızın gözlərindən oxunurdu.

Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin apardığınız siyasət nəticəsində Qazax rayonunun 4 kəndinin azad edilməsi barədə razılıq əldə olunması xəbərini aldıqda sevincimin həddi-hüdudu olmadı. Şəhid vermədən, güllə atılmadan, qan tökülmədən düşünülmüş strateji planla daha bir diplomatik uğura imza atmağınız sözün həqiqi mənasında Sizin və dövlətimizin növbəti qələbəsidir.

Cənab Prezident, bu gün Sizin rəhbərliyinizlə qüdrətli dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində minlərlə qarabağlı doğma yurdlarına qayıdır, onlar üçün yeni həyat başlayır. Biz əminik ki, bu, Qazax rayonunun işğaldan azad edilən kəndlərində də davam etdiriləcəkdir. Sizin qayğınız sayəsində gündən-günə çiçəklənən Qazaxımız işğaldan azad edilən torpaqlarda qurub-yaratdıqlarımızla daha da abad və gözəl olacaqdır. Biz buna əminik və Sizə hər zaman inanırıq.

Əziz Prezidentimiz, Sizinlə öyünməyə, qürrələnməyə bizim haqqımız var. Siz Azərbaycan xalqının qəhrəman övladısınız. Yolunuz hər zaman açıq, işləriniz uğurlu olsun! Sizə möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli işlərinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Ələkbərova Bəsdi İbrahim qızı, təqaüddə olan Əməkdar müəllim.

Azərbaycan Respublikası, Qazax şəhəri.