İlham Əliyev Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində iştirak etmişdir

07 noyabr 2010, 18:04
İlham Əliyev Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun vida mərasimində iştirak etmişdir

Cəbhənin təmas xəttində işğalçı ermənilərlə döyüşdə böyük şücaət göstərərək qəhrəmanlıqla həlak olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun və Prezident İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun vida mərasimi keçirilmişdir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev vida mərasimində iştirak etmişdir.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəhidlərin valideynlərinə başsağlığı verdi.

Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani şəhidlərin tərcümeyi-halı və keçdikləri şərəfli döyüş yolu haqqında məlumat verərək dedi:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan, 2010-cu il iyunun 18-də döyüş növbəsini yerinə yetirərkən düşmən qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Talış-Borsunlu istiqamətində gedən şiddətli döyüş zamanı şəxsi rəşadət və şücaət nümayiş etdirmiş, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edərək həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun və 2010-cu il sentyabrın 3-də Tərtər bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun nəşləri Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli Birgə Bəyanatına əsasən, 2010-cu il noyabrın 6-da doğma Vətənə gətirilmişdir.

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2005-ci ildə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş və 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Müddətli hərbi xidmətini Daxili Qoşunlarda atıcı əsgər kimi başlayan Mübariz İbrahimov 2007-ci il noyabrın 20-də yarımqrup komandiri kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunu bitirmiş, motoatıcı taborun motoatıcı tağım komandirinin müavini kimi cəbhə bölgəsində əsgəri borcunu şərəflə və vicdanla yerinə yetirmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş şəhid Mübariz İbrahimovun əziz xatirəsi heç vaxt unudulmayacaqdır.

Fərid Güloğlan oğlu Əhmədov 1986-cı il fevralın 13-də Cəlilabad rayonunda anadan olmuş, 2003-cü ildə Nizami adına 1 nömrəli Cəlilabad şəhər orta məktəbini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2007-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birillik ixtisas kursunu keçmiş və cəbhə bölgəsindəki hərbi hissədə kəşfiyyat tağımının və kəşfiyyat bölüyünün komandiri vəzifələrində xidmət etmiş, baş leytenant hərbi rütbəsinə yüksəlmişdir. Vətən qarşısında əsgəri borcunu şərəflə yerinə yetirən Fərid Güloğlan oğlu Əhmədovun qısa, lakin şərəfli ömür yolu Azərbaycan gəncliyi üçün örnəkdir.

X X X

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı

- Bu ilin iyun və sentyabr aylarında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbçilərimiz Mübariz İbrahimov və Fərid Əhmədov qəhrəmancasına həlak olmuşlar. Bu aylar ərzində biz çalışırdıq ki, tezliklə onları Vətənə qaytaraq.

Baxmayaraq ki, bu, çox çətin idi. Ermənistan tərəfi heç bir sivil qaydalara əməl etmədən qəhrəman övladlarımızın meyitlərini qaytarmaqdan imtina edirdi. Bu, misli görünməmiş vəhşilikdir. Heç bir mənəviyyata, heç bir dini normalara sığmayan bir hərəkətdir. Ancaq biz inanırdıq. İnanırdıq ki, biz öz övladlarımızı qaytaracağıq və bu gün gəldi.

Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir.

Fərid Əhmədov döyüş vəzifəsini icra edərkən həlak olmuşdur. Hər ikisi ölümündən sonra Azərbaycan dövləti tərəfindən yüksək mükafatlarla təltif olunmuşdur.

Mən şəhidlərimizin valideynlərinə, onların qohumlarına, yaxınlarına başsağlığı verirəm. Allah onlara rəhmət eləsin!

Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə qəhrəmanlar böyütmüşlər. Onların verdiyi tərbiyə - vətənpərvərlik tərbiyəsi Mübarizi və Fəridi mənəviyyat zirvəsinə ucaltmışdır.

Təmas xəttində hər bir itki bizi sarsıdır, hər bir itki bizim üçün ağırdır. Ancaq biz müharibə şəraitində yaşayırıq və Mübarizlə Fərid öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir.

Bir daha demək istəyirəm ki, bu gün hər bir azərbaycanlı üçün çox kədərli bir gündür. Bu aylar ərzində bütün Azərbaycan Fəridin, Mübarizin ailələrinin yanında idi. Azərbaycan xalqı həmrəylik göstərmişdir. Mən bilirəm, bütün bu aylar ərzində vətəndaşlarımız, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar şəhid övladlarımızın ailələrinə baş çəkib başsağlığı vermiş, öz həmrəyliyini göstərmişlər. Mübarizin və Fəridin qısa və şərəfli həyatı Azərbaycan xalqını daha da birləşdirdi.

Bu gün, eyni zamanda, çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir. Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir. Bizdə nəinki böyük sayda silah-sursat, hərbi texnika, döyüş imkanları vardır, eyni zamanda, ordumuzda böyük ruh yüksəkliyi vardır. Çünki bizim işimiz haqq işidir. Biz heç bir ölkənin torpağını zəbt etməmişik. Bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bizim heç bir başqa dövlətin torpağına iddiamız yoxdur. Amma öz torpağımızdan heç kimə bir qarış verməyəcəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mübarizlə Fərid başqa ölkənin ərazisində həlak olmamışlar, öz doğma torpağında şəhid olmuşlar.

Gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Biz istəyirik ki, bunu danışıqlar yolu ilə həll edək. Biz istəmirik ki, gənclərimiz şəhid olsun. Biz istəyirik ki, gənclərimiz yaşasınlar, oxusunlar, Vətən üçün, dövlət üçün çalışsınlar.

Hər bir döyüş bölgəsində verilmiş itki bizim üçün ağırdır. Ona görə biz çalışırıq ki, bu məsələ öz həllini sülh yolu, danışıqlar yolu ilə tapsın. Danışıqlar prosesində Azərbaycanın mövqeləri getdikcə güclənir. Nəinki siyasi və hüquqi həqiqət bizim mövqeyimizi dəstəkləyir, bu gün istənilən parametr üzrə Azərbaycan Ermənistandan bir neçə dəfə üstündür. Bu üstünlüyü biz yaratmışıq, Azərbaycan xalqı yaradıbdır. Həm siyasi, həm iqtisadi, həm hərbi cəhətdən üstünlüyümüz artıq hər kəs üçün açıq-aydın görünür.

Ancaq bununla bərabər, bu gün bu şərəfli gündə bir daha bəyan etmək istəyirəm ki, biz danışıqları sadəcə olaraq danışıqlar naminə aparmayacağıq.

Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaqdır. Əgər görsək ki, bu mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək, öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Mən şübhə etmirəm ki, bunun üçün bizdə bütün imkanlar - döyüş hazırlığı, maddi-texniki təchizat, kifayət qədər silah-sursat, peşəkar ordu, ruh yüksəkliyi və Azərbaycan xalqının iradəsi vardır. Biz ərazi bütövlüyümüzü istənilən anda hərbi yolla bərpa edə bilərik. Düşmən də bunu bilməlidir və bilir.

Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir, Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur.

İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır. Biz heç vaxt imkan verə bilmərik ki, doğma torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın. Heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaqdır. Bu gün məsələni həll etmək üçün bütün imkanlarımız vardır. Sadəcə olaraq çalışırıq ki, danışıqlar prosesindən maksimum dərəcədə istifadə edək. Biz istəmirik ki, müharibə olsun. Kim istəyər ki, müharibə olsun. Ancaq biz bu vəziyyətlə də heç vaxt barışmayacağıq. Biz bu gün bütün səylərimizi səfərbər etmişik ki, qarşıda duran vəzifəni icra edək. Bu gün şəhid övladlarımızın şücaəti, qəhrəmanlığı bir daha onu göstərir ki, biz buna qadirik.

Əziz şəhidlərimizin valideynləri, sizin üçün bu aylar çox ağır keçdi. Siz övladlarınızı itirmisiniz. Bundan böyük dərd ola bilməz. Ancaq siz əsl vətəndaş kimi bəyan etmisiniz ki, biz hamımız Vətən uğrunda şəhid olmağa hazırıq. Təki Vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

X X X

Sonra Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi şəxsi igidliyə və rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı oxundu.

Prezident İlham Əliyev Milli Qəhrəman medalını və vəsiqəsini şəhidin atası Ağakərim İbrahimova təqdim etdi.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov çıxış edərək dedi:

-9 Noyabr - Azərbaycanın Dövlət Bayrağı günü ilk dəfə keçiriləcəkdir. Mən fəxr edirəm ki, bizim şəhidlərin tabutu Azərbaycanın dövlət bayrağına bükülüb. Mən bir daha Sizə təşəkkür edirəm. Çox sağ olun deyirəm, hörmətli Prezidentimiz. Mən Sizi çox sevirəm.

X X X

Həyatını təhlükə altında qoyaraq hərbi borcunu yerinə yetirərkən igidlik göstərdiyinə görə baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı oxundu.

Prezident İlham Əliyev medalı və vəsiqəni şəhidin anası Nərgiz Əhmədovaya təqdim etdi.

Baş leytenant Fərid Əhmədovun anası Nərgiz Əhmədova çıxış edərək dedi:

-Cənab Ali Baş Komandan, möhtərəm Prezident, bütün şəhid anaları adından Sizə təşəkkürümü bildirirəm. Bu iki cəsədin alınmağında Sizin böyük zəhmətiniz, hünəriniz oldu. Verilməyə də bilərdi, qala bilərdi. O, ana üçün, bütün Vətən üçün ikiqat ağır ola bilərdi, ağır bir dərd olaraq qala bilərdi. Şəxsən Sizə öz təşəkkürümü bildirirəm. Həm qürur duyuram, həm fəxr edirəm. Qürur duyuram ona görə ki, balam Vətən yolunda, Vətənin azadlığı, torpaqları uğrunda qurban gedib.

X X X

Sonra Milli Qəhrəman Mübariz İbrahimovun və şəhid baş leytenant Fərid Əhmədovun cənazələri son mənzilə yola salındı.

Cənazələr Şəhidlər xiyabanına gətirildi. Şəhidləri son mənzilə yola salmaq üçün burada da böyük qələbəlik var idi.

İgid qəhrəmanlarımız yaylım atəşi altında torpağa tapşırıldı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10