Gerb

02 dekabr 2013, 09:00

Hörmətli sərgi və konfrans iştirakçıları!

“BakuTel-2013” 19-cu Beynəlxalq sərgi və konfransının öz işinə başlaması münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlmişdir. Respublikada İKT cəmiyyətin həyatına dərindən nüfuz etmişdir. Əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internetdən istifadə edir. Ən yeni texnologiyaların tətbiqi və rəqəmli televiziya yayımı uğurla həyata keçirilir, sahə üzrə investisiya qoyuluşu və özəl sektorun fəaliyyəti ildən-ilə genişlənir.

Ölkəmizin tarixi nailiyyətlərindən biri olan “Azerspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması, eləcə də informasiya texnologiyaları üzrə universitetin və dövlət fondunun, “Yüksək Texnologiyalar Parkı”nın yaradılması, stimullaşdırıcı tədbirlərin tətbiqi ölkədə təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan innovativ və texnoloji tutumlu iqtisadiyyata keçidin təmin edilməsinə möhkəm zəmin yaradır. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 67-ci sessiyasında Avrasiya Rabitə Alyansının təsis edilməsi ilə bağlı təklifinin bəyənilməsi barədə qətnamənin qəbul edilməsi ölkəmizin beynəlxalq İKT çağırışlarının həyata keçirilməsinə dünya ölkələrinin artan dəstəyinin bariz təzahürüdür.

Azərbaycanda hər il keçirilən “BakuTel” beynəlxalq sərgi və konfransı müxtəlif ölkələri təmsil edən təşkilatların, alim və mütəxəssislərin bir araya gələrək öz ideyalarını bölüşməsi, işgüzar əlaqələri genişləndirməsi, qabaqcıl texnoloji nailiyyətlər və yeniliklərlə tanış olması üçün əlverişli imkan yaradır.

Builki sərgi və konfransın ölkəmizdə elan edilmiş “İKT ili” çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər mötəbər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş təmsil olunması bu sərgi və konfransın əhəmiyyətini daha da artırır.

İnanıram ki, “BakuTel-2013” 19-cu Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının gedişində aparılan təcrübə mübadiləsi iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə, beynəlxalq və regional səviyyədə yeni təşəbbüslərin yaranmasına və gerçəkləşdirilməsinə sanballı töhfə verəcəkdir.

Sərgi və konfransın işinə uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2013-cü il.