Gerb

11 noyabr 2010, 18:20

Hörmətli cənab Prezident!

İcazə verin, Sizə dərin hörmətimi ifadə edim, bütün təşəbbüslərinizdə Sizə uğurlar, sağlamlıq və xoşbəxtlik arzulayım. Ölkənin çiçəklənməsi naminə gördüyünüz bütün işlərə görə çox sağ olun. Əmin olun ki, çoxmilyonlu Azərbaycan xalqı Sizin arxanızdadır. Harada yaşamağımızdan asılı olmayaraq, əsl bayrağımız Azərbaycan bayrağı olacaqdır. O, həmişə yüksəklərdə dalğalanacaqdır! Qoy, xalqın Sizə olan hörməti və məhəbbəti Sizə daha çox güc versin. 

Hər gün respublikadakı hadisələr barədə informasiyanı izləyərkən, iqtisadi inkişafı, paytaxtda və regionlarda quruculuq vüsətini müşahidə edərkən, yüksək səviyyədə keçirilən beynəlxalq konfrans, sərgi, yarış və müsabiqələrin şahidi olarkən, dediyiniz hər bir sözü düşünərkən mənim qəlbim sevinir və qürur hissi ilə dolur. Axı, ölkəmizə gözəl, ağıllı və cazibədar xanımı olan çox savadlı bir Prezident başçılıq edir. Tam qətiyyətlə demək olar ki, Tanrı Azərbaycanı sevir.

Heç nəyə baxmayaraq, biz irəli gedir, inkişaf edir və plan qururuq. Sabahkı günümüzə inanırıq! Vəhdət, həmrəylik, təhlükə qarşısında sıx birləşmək bacarığı – Azərbaycan xalqı, bax, budur.

Hər dəfə Bakını tərk edərkən evə nə zaman dönəcəyim barədə düşünürəm. Xaricdə işimin və dostlarımın olmasına baxmayaraq, bilirəm ki, həyat nə qədər firavan keçirsə, keçsin, insan Vətəndən uzaqda xoşbəxt ola bilməz. Harada oluramsa, olum, ürəyim həmişə Azərbaycandadır. 

Müstəqillik... Onun uğrunda neçə-neçə insan qurban verilib və bütün bu qurbanlar əbəs yerə olmamışdır. Başqalarının onilliklər boyu əldə etmədiklərinə qısa müddətdə nail olmaqla biz, bütün dünyaya sübut etdik ki, böyük potensialı olan bir ölkəyik. 

Biz həmişə var olmuşuq, varıq və bundan sonra da var olacağıq. Bizə qara yaxmaq istəyən hər kəsə cavabımız budur.

Düşmənlərimiz kinli, yalançı və məkrlidirlər. Biz daha müdrikik, torpaqlarımızı geri qaytaracağıq. Biz qalib gələcəyik, çünki “Qılınc qaldıran düşmən qılıncla məhv ediləcəkdir”. 

Biz sülh və əmin-amanlıq istəyirik. Bunu Prezidentimizin müdrik və ölçülüb-biçilmiş siyasəti təsdiq edir.
Ən xoş arzularla,

Sevda Ağalar
Azərbaycan, Bakı şəhəri, akademik H.Əliyev küçəsi 1061, ev 8, mənzil 137