Gerb

13 dekabr 2013, 13:00
W1siziisijiwmtuvmdyvmtuvnhbsczfozzb3c18ynjk0mi5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=5b33e4de8595bd4c

Bakının Nərimanov rayonunda ucaldılan “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud parkının açılışı olmuşdur.

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

“Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, Azərbaycan xalqının tarixi keçmişi, Oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunmuşdur. Dastan dilimizin qədim incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir.

Müasir dövrdə “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, Azərbaycanda tanınmış sənət xadimlərinin iştirakı ilə “Dədə Qorqud” bədii filmi çəkilmişdir. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə dastanın 1300 illiyi türkdilli ölkə rəhbərlərinin iştirakı ilə dövlət səviyyəsində qeyd olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınmışdır. Bu tarixi abidənin qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, Prezident İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında iştirak etmişdir. Dövlətimizin başçısının 2007-ci ildə imzaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən, Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verilmişdir. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınmışdır. Parkın mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılmışdır.

Dövlətimizin başçısı kompleksdə həyata keçirilən tikinti-quruculuq işlərini daim nəzarətdə saxlamış, mütəmadi olaraq əraziyə gələrək müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Yeni salınan park Bakı şəhərinin simasının daha da gözəlləşməsinə geniş imkanlar açaraq paytaxt sakinlərinin istirahəti baxımından xüsusi əhəmiyyət daşıyır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə park haqqında ətraflı məlumat verdi.

Dövlətimizin başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən, bu ərazidə xüsusi layihə üzrə müasir səviyyədə yeni park salınmışdır. Bu istirahət məkanı paytaxtın ən böyük parklarından biridir. Parkda sakinlərin istirahəti üçün hər bir şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, müasir standartlara uyğun işıqlandırma sistemi qurulmuşdur. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Park Azərbaycan Diplomatik Akademiyasının yanında salınmışdır. Burada ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə bağlı toplanan məlumatlar şübhəsiz ki, şəhər sakinlərinin, qonaqların, xüsusilə də Azərbaycan Diplomatik Akademiyasının yerli və əcnəbi tələbələrinin informasiya almasında mühüm rol oynayacaqdır.

Parkda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasimdə iştirak edən elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü.

Dövlət başçısı mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Bu gün çox əlamətdar bir gündür. Biz Bakıda Dədə Qorqud abidəsinin açılışına toplaşmışıq. Mən sizin hamınızı bu münasibətlə ürəkdən təbrik edirəm.

Bu abidənin ucaldılması böyük hadisədir. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar. Bu əsərdə Azərbaycan toponimləri əks olunmuşdur. Bir sözlə, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu gün bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür.

Bildiyiniz kimi, 1950-ci illərə qədər “Kitabi-Dədə Qorqud” Sovet İttifaqında qadağan edilmişdi. Ancaq 1950-ci illərdən sonra Azərbaycan alimlərinin səyləri nəticəsində bu əsər tədqiq edilməyə başlanmışdır. Təsadüfi deyil ki, bu əsərin tədqiqi ilə bağlı olan elmi işlər Azərbaycan alimlərinə məxsusdur. Bu, bir daha onu göstərir ki, bu əsər bizim xalqımıza, bütün türk dünyasına məxsusdur. Amma Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanına xüsusi münasibət vardır. Əsərdə Oğuz eli kimi coğrafi məfhum bütün Azərbaycan ərazilərini əhatə edir. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə əsərin təbliği, onun sovet, dünya ictimaiyyətinə çatdırılması ilə bağlı konkret qərarlar qəbul edilmişdir. Ulu Öndərin tövsiyəsi ilə 1970-ci illərdə bədii film çəkilmişdir. Ondan sonra, müstəqillik dövründə - 1993-2003-cü illərdə artıq bu dastanı dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük işlər görülmüşdür.

2000-ci ildə Bakıda dastanın 1300 illik yubileyi təntənəli şəkildə keçirilmişdir. Bütün türkdilli ölkələrin dövlət başçılarının, UNESCO-nun baş direktorunun iştirakı ilə böyük təntənəli mərasim keçirilmişdir. “Dədə Qorqud” ensiklopediyası nəşr olunmuşdur. Ulu öndər Heydər Əliyev Dədə Qorqud heykəlinin ucaldılması haqqında Sərəncam vermişdir. Yəni, bütün bunlar bir daha onu göstərir ki, Dədə Qorqud Azərbaycan xalqının qəlbində daim yaşayırdı, yaşayır və yaşayacaqdır. “Kitabi-Dədə Qorqud” dastanı, eyni zamanda, bütün türk dünyasını daha da sıx birləşdirir. Azərbaycan türkdilli dövlətlərin daha da sıx birləşməsi üçün öz səylərini əsirgəmir. Bu, bizim xarici siyasətimizin ayrılmaz hissəsidir, əsas istiqamətlərindən biridir. Türkdilli ölkələrin dövlət başçılarının Azərbaycanda keçirilmiş Zirvə görüşləri bunun əyani sübutudur. Bakıda, Naxçıvanda, Qəbələdə keçirilmiş bu Zirvə görüşləri türk dünyasını daha da sıx birləşdirir. Son Zirvə görüşündə mən qeyd etmişdim və bir daha demək istəyirəm ki, XXI əsr türk dünyasının əsri olmalıdır.

Türk dünyasında gedən inkişaf, qarşılıqlı əməkdaşlıq, müsbət demoqrafik dinamika əlbəttə ki, bizi daha da gücləndirəcək və bütün türkdilli dövlətlərin əməkdaşlığı, bir-birinə olan dəstəyi hesabına hər bir dövlət öz milli maraqlarını daha da böyük dərəcədə qoruya biləcəkdir.

Bizim ölkələrimizi əlbəttə ki, siyasi maraqlar, iqtisadi sahədəki əməkdaşlıq bağlayır. Ancaq əməkdaşlığımızın təməlində ortaq tarix, tarixi köklər dayanır, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanı burada çox böyük rol oynayır. Ona görə, mən hesab edirəm ki, bugünkü mərasim bütün türk dünyasında gözəl əks-səda verəcəkdir.

Eyni zamanda, bu gün biz gözəl parkın - Dədə Qorqud parkının açılışını qeyd edirik. Yəqin ki, hamımız yaxşı xatırlayırıq, bu ərazi çox baxımsız vəziyyətə düşmüşdü. Burada böyük abadlıq işlərinə ehtiyac var idi. Bu parkın ərazisi genişləndirilmişdir, gözəl süni göl yaradılmışdır. Bu gölün sahəsi üç hektardır. Gəzinti zolaqları yaradılmışdır. Yəni, bu park Bakı sakinlərinin sərəncamına verilir və əminəm ki, bu, növbəti gözəl istirahət zonası olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, Ulu Öndərin Sərəncamı ilə Dədə Qorqud heykəlinin məhz bu parkda ucaldılması nəzərdə tutulmuşdur. Sadəcə olaraq, biz Ulu Öndərin siyasətinə sadiq qalaraq bu işləri başa çatdırdıq. Mən çox şadam ki, bu gün bu gözəl park və abidə açılır.

Bakı şəhəri artıq parklar, bağlar şəhərinə çevrilmişdir. Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir və bizim bu sahədəki fəaliyyətimiz getdikcə genişlənəcəkdir. Bakıda yeni istirahət zonalarının yaradılması ilə bağlı planlarımız vardır. Onların bir hissəsi icra edilir, bir hissəsi icra edilmişdir.

Bakı nadir bir şəhərdir. Təkcə gözəlliyinə görə yox, ona görə ki, Bakıda bir neçə mərkəz vardır. Adətən, şəhərlərdə, hətta böyük şəhərlərdə bir, ya iki mərkəz olur, ancaq Bakıda bir neçə mərkəz vardır.

İçərişəhər Bakının mərkəzidir. Azadlıq Meydanı, Bulvar şəhərin mərkəzidir. Yeni Bulvar, tikilməkdə olan Ağ Şəhər Bulvarı, Heydər Əliyev Mərkəzi artıq şəhərin mərkəzinə çevrilmişdir. Heydər Əliyev Sarayının önündə və arxa hissəsində salınmış yeni parklar, - onların uzunluğu bir kilometrdən çoxdur, - mərkəzə çevrilmişdir. Yəni, bu, şəhərimizin xüsusiyyətidir. Əlbəttə, bu parkın açılması həm insanların istirahəti üçün yeni imkanlar yaradacaq, eyni zamanda, şəhərin bu hissəsinin abadlaşdırılmasına xidmət göstərəcəkdir. Biz gözəl şəhərimizin daha da gözəlləşdirilməsi işində bundan sonra daha böyük işlər görəcəyik.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan bu gün dünya miqyasında siyasi və iqtisadi mərkəzlərin birinə çevrilmişdir.

Yüksək səviyyəli çoxsaylı tədbirlərin, zirvə görüşlərinin, iqtisadi forumların, dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Forumunun Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizin siyasi və iqtisadi mərkəz kimi təqdim edilməsinə xidmət göstərir.

Eyni zamanda, Azərbaycan bu gün dünyanın humanitar mərkəzlərinin birinə çevrilmişdir. Ölkəmizdə keçirilən humanitar forumlar, Mədəniyyətlərarası Dialoq Forumunun iki toplantısı, digər tədbirlər Azərbaycanı artıq dünya miqyasında bir humanitar mərkəz kimi təqdim etmişdir. Bizim bu sahədəki rolumuz getdikcə artacaqdır. Çünki müasir, qloballaşan, ziddiyyətlə, toqquşmalarla dolu olan dünyada humanitar əməkdaşlığın əhəmiyyəti daha da artmalıdır. Azərbaycan bu sahədə nəinki bu tədbirlərə ev sahibliyi edir, eyni zamanda, öz təcrübəsini bölüşür, öz reallıqlarını ortaya qoyur və sübut edir ki, humanitar sahədə əməkdaşlıq təkcə humanitar sahə ilə məhdudlaşmır. Humanitar sahədə əməkdaşlıq dünyada gedən siyasi proseslərə müsbət təsir edir və etməlidir. Azərbaycanın siyasi konsepsiyası bu təməl üzərində qurulubdur - əməkdaşlıqdan maraqların təmin edilməsinə, qarşılıqlı yardımdan daha da dərin əməkdaşlığa. Bizim bu sahədə siyasətimiz yenə də demək istəyirəm ki, təkcə humanitar məsələlərlə məhdudlaşmır.

Əslində bütün dünya humanitar əsaslar üzərində qurulubdur. Bir daha demək istəyirəm ki, müasir, qloballaşan, böyük çətinliklərlə üzləşən dünyada humanitar əməkdaşlığın çox böyük mənası vardır. Ona görə mədəniyyət sahəsinə ayrılan diqqət, dövlət siyasəti hesab edirəm ki, xalqımız və dünya üçün lazımdır, vacibdir. Azərbaycan cəmiyyəti, əgər belə demək mümkündürsə, çox zəngin mədəni həyatı ilə yaşayır. Ölkəmizdə, Bakıda və bölgələrdə keçirilən çoxsaylı mədəni tədbirlər, festivallar, müsabiqələr artıq bir ənənəyə çevrilmişdir. Azərbaycana gələn qonaqlar dünyanın incəsənət və mədəniyyət elitasını təmsil edirlər, ölkəmizlə tanış olurlar, ölkəmizdən çox gözəl təəssüratlarla ayrılırlar. Bu da Azərbaycanın dünya miqyasında tanınmasında öz rolunu oynayır. Eyni zamanda, xaricdə, dünyanın aparıcı ölkələrində keçirilən Azərbaycan günləri bizim zəngin mədəniyyətimizi bir daha dünya birliyinə çatdırır. Dünyanın aparıcı şəhərlərində açılan Azərbaycan mədəniyyət mərkəzləri öz rolunu oynayır. Xaricdə Azərbaycan sərgilərinin keçirilməsi adi hala çevrilibdir. Yəni, mən hesab edirəm ki, mədəni, humanitar sahələrdə Azərbaycan böyük uğurlara imza atmışdır və cəmiyyətimizin normal, sağlam yaşaması üçün bu sahəyə daim böyük diqqət göstərilməlidir. Mən şadam ki, ölkəmizdə bu sahədə də Heydər Əliyev siyasəti davam etdirilir. Əminəm ki, biz gələcəkdə bu sahədə daha da böyük işlər görə biləcəyik.

Əziz dostlar, bu gözəl hadisə münasibətilə bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Artıq Bakıda Dədə Qorqud parkı, Dədə Qorqud abidəsi vardır. Bir neçə dəqiqədən sonra biz hamımız bu abidənin açılışını qeyd edəcəyik.

Hər bir Azərbaycan vətəndaşına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Sağ olun.

X X X

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar RZAYEV çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Xanımlar və cənablar.

Dədə Qorqud abidəsinin açılışının bu günlərdə keçirilməsi təsadüfi deyildir. Çünki dünən biz tariximizin kədərli bir gününü yaşadıq. On il bundan qabaq böyük ulu öndərimiz Heydər Əliyev dünyasını dəyişmişdir. Bu gün isə sevincli bir gün yaşayırıq. Dədə Qorqudun heykəli açılır. Amma Dədə Qorqudun adı da Heydər Əliyevin adı ilə əbədi bağlıdır. Çünki Dədə Qorqud tədbirlərinin dünya səviyyəsində keçirilməsi məhz Ulu Öndərin xidmətidir.

Biz qırğızların dastanı olan “Manas”ın 1000 illik yubileyində iştirak edəndə orada Dədə Qorquddan söhbət düşdü ki, biz də Dədə Qorqudun yubileyini keçirək. Dünyada heç bir yerdə keçirilməyəcək bir səviyyədə Dədə Qorqud yubileyi keçirildi. “Dədə Qorqud” ensiklopediyası çap olundu. Çoxlu qonaqların iştirakı ilə tədbirlər keçirildi. Dədə Qorqudun abidəsi haqqında qərar qəbul olundu. Mən çox şadam ki, Heydər Əliyevin başqa arzuları kimi, bu arzularını da onun oğlu, bizim hörmətli Prezidentimiz bu gün həyata keçirir. Bu gün biz həmin o Dədə Qorqud abidəsinin açılışında iştirak edirik.

“Dədə Qorqud” Azərbaycan xalqının müqəddəs kitabıdır. Mərhum prezidentimiz Heydər Əliyevin bir böyük xidməti də onda oldu ki, o, Dədə Qorqudun məhz 1300 yaşının olduğunu təsdiq etdi. Bu rəqəm havadan götürülməmişdir. Dastanda deyilir ki, Dədə Qorqud Həzrəti Məhəmmədin müasiri idi. Həzrəti Məhəmməd də məlumdur ki, 1300 il bundan əvvəl yaşayıbdır. Bunu biz əsas götürərək Dədə Qorqudun 1300 illiyini təklif etdik. Ulu Öndərin bu qərarından sonra UNESCO da, türk alimləri də bu qərarı qəbul etdi. Bizim bu 1300 rəqəmi təsadüfi bir rəqəm deyildir. Bu, o deməkdir ki, biz ədəbiyyat tariximizi başqa dillərdə yaranan əsərlərlə yox, öz ana dilimizdə, qədim Azərbaycan dilində, oğuz dilində yaranan bir dastanla başlaya bilərik.
Bu rəqəmin ikinci əhəmiyyəti isə ondan ibarət idi ki, “Kitabi-Dədə Qorqud”un mətnində bilirsiniz, Azərbaycan şəhərlərinin - Dərbəndin, Bərdənin, Gəncənin, Naxçıvandakı Əlincə qalasının adları vardır. Hətta “Gürcüstan”, “Abxaziya” sözləri vardır. Amma bir yerdə “Ermənistan”, “erməni”, “hay” sözü yoxdur. Bu da onu sübut edir ki, 1300 bundan əvvəl də burada ermənilər olmamışlar. Bu da bizim tariximiz üçün çox böyük bir hadisə idi.

Bütün bunları nəzərə alaraq mən bir daha Ulu Öndərimizin ruhuna rəhmət diləyirəm. Təkliflərdən biri də o idi ki, - o vaxt Ulu Öndər bu təklifi də məmnuniyyətlə qəbul etmişdi, - çoxseriyalı “Dədə Qorqud” televiziya filmi çəkilsin. Hörmətli Prezidentimiz İlham Əliyev də burada qeyd etdi ki, “Dədə Qorqud” həm də bütün türk dünyasını birləşdirən bir əsərdir. Yaxşı olardı ki, belə bir çoxseriyalı televiziya filmi çəkilsin.

Mən Sizdən xahiş edirəm, cənab Prezident, bunun da təşəbbüsü Azərbaycandan gəlsin.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Daha sonra Bakı Slavyan Universitetinin rektoru, professor Kamal ABDULLA çıxış edərək dedi:

- Zati-aliləri, cənab Prezident.

Bu gün həqiqətən də böyük mədəni, ədəbi, filoloji bir bayramdır. Bu bayramı Siz Azərbaycan xalqına bəxş etdiniz. Bu bayram bu günün həqiqəti, bu günün sədası, unudulmaz Ulu Öndərimizin böyük arzularından birinin reallığa çevrilməsidir.

Biz bu gün “Dədə Qorqud” dastanlarından təkcə Azərbaycan xalqının, təkcə türk xalqlarının mədəni abidəsi kimi deyil, eyni zamanda, Azərbaycan xalqının dünyaya bəxş etdiyi ədəbi-mədəni bir abidə kimi bəhs edirik. Bu tədqiqatlarımızda biz xarici ölkələrin - Almaniyanın, Fransanın, Rusiyanın, Türkiyənin alimləri ilə bərabər çalışmaqdayıq, müştərək layihələrimiz vardır. Bu gün “Dədə Qorqud” dastanlarını biz qədim germanların “Nibelunqlar nəğməsi”, qədim skandinavların saqaları, ingilislərin “Beovulf” dastanı, qədim yunanların mifləri ilə müqayisədə öyrənirik və bu tədqiqatlarımızı xarici həmkarlarımızla bir yerdə aparırıq. Onlar “Dədə Qorqud”u, Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını, dilini öyrənməyə bu gün sonsuz maraq və həvəs göstərirlər. Nə üçün? Çünki onların bu həvəsi bugünkü Azərbaycana olan maraqdan yaranır. Bugünkü Azərbaycanın dünya qarşısında göstərdiyi bu intibahdan yaranır, bu intibaha olan maraqdan yaranır. Bunun da müəllifi əlbəttə ki, Sizsiniz.

“Dədə Qorqud” dastanının, bayaq burada qeyd olundu, əlbəttə ki, 1300 illik tarixinin o dastanın öz mətnindən çıxan məntiqi vardır. 1300 il “Peyğəmbərimizin zamanına yaxın - “Rəsul-əleyhissəlam dövrünə yaxın Bayat boyundan Qorqud Ata deyilən bir ər qopdu” cümləsindən çıxmışdı. Ulu Öndərimiz bu cümlənin məntiqindən çıxış edərək bu yaşı müəyyən etdi. Onun ən böyük arzusu həm də o idi ki, biz bu dastanın əlyazmasının dünyaya təqdimedilmə tarixini unutmamalıyıq və o tarixi gözləməliyik. Bu, 1815-ci ildir. Böyük alman filoloqu Fridrix fon Dits ilk dəfə olaraq dünyaya “Dədə Qorqud” dastanının əlyazmasının bir hekayətini tərcümə edərək təqdim etdi. Gözəl, rəğbət dolu, məhəbbət dolu bir “Ön söz”lə təqdim etdi. Bu dastanı qədim, dünyaya yaxşı tanış olan yunan mifləri ilə müqayisə etdi. 1815-ci il və 2015-ci il. 200 il kifayət qədər yuvarlaq rəqəmdir ki, biz bunu yenə də dünyanın mədəni mərkəzlərindən biri olan Azərbaycanın filoloji, mədəni bir bayramına çevirək. Bizim alman həmkarlarımız, bizim qorqudşünaslarımız, bizim filoloq həmkarlarımız xarici ölkələrdən də bu rəqəmin ətrafına yığışıb “Dədə Qorqud”u və dünya mədəniyyətinin bir çox nümunələrini tədqiq etməyə, qeyd etməyə hazırdırlar. Mən inanıram ki, biz yaxın vaxtda alman həmkarlarımızla bir yerdə Sizin diqqətinizə layiq bir sənədlə müraciət edəcəyik. Fridrix fon Ditsin bu möhtəşəm xidmətinin 200 illik tarixini mənə elə gəlir ki, Siz də diqqətinizdən kənarda qoymazsınız. Elə bunun özü də bizim ulu, unudulmaz öndərimiz Heydər Əliyevin arzularından biri idi.

Zaman keçəcək, Azərbaycanda nəsillər bir-birini əvəz edəcəkdir. Bu gözəl abidənin ətrafına, bu gözəl parka yeni nəsil azərbaycanlılar, formalaşmaqda olan məktəblilər, tələbələr, yaşlı nəslin nümayəndələri gələcəklər. Onlar Dədə Qorqud ruhuna təmasdan minnətdarlıq hissi ilə bu günü, bu günün yaradıcılarını, Dədə Qorquda olan yeni məhəbbət dalğasının yaradıcılarını, ilk növbədə unudulmaz Ulu Öndərimizi, Sizi minnətdarlıq hissi ilə xatırlayacaqlar. O minnətdarlıq hissini yüz illərdən, min illərdən sonra da Azərbaycan xalqı öz ürəyində saxlayacaqdır. Təşəkkür edirəm.

X X X

Heykəltəraş Görüş BABAYEV də çıxışında “Kitabi-Dədə Qorqud”un dövlət səviyyəsində qorunmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident.

Xanımlar və cənablar.

Çox həyəcanlıyam. Buraya gəlməzdən əvvəl ürəyimdə çox sözlər fikirləşmişdim ki, nə deyəcəyəm. Amma inanın, həyəcandan bir söz deyə bilmirəm. Yaxşı ki, ürəyimdəki sözləri deyə bilmirəm, çünki onun sonu yoxdur.

Çox sağ olun ki, bu işi mənə həvalə etdiniz. Bu işi işləmək indi danışmaqdan mənə yüngül idi. İndi 2-3 dəqiqə danışa bilmirəm, amma mən bu işin üzərində bir il yarımdı ki, çalışıram. Bu işi mənə etibar etdiyinizə görə Sizə ürəkdən təşəkkür edirəm, minnətdaram. Özümü çox xoşbəxt hesab edirəm. Çox sağ olun.

X X X

Sonra Azərbaycan Prezidenti abidənin üzərindəki örtüyü götürdü.

“Kitabi-Dədə-Qorqud” abidəsində dastanın müqəddiməsi və 12 boyundan hissələr əks olunmuşdur. Buradan da görünür ki, Oğuz türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri idealların tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur. Dastanın dilində və bədii məzmununda Azərbaycan və digər türk xalqlarına məxsus qədim izləri görmək mümkündür. Dastandakı bir çox hadisələr Dərbənd, Bərdə, Gəncə, Əlincə, Göyçə gölü və digər yerlərdə baş verir. Epos Azərbaycan tarixinin öyrənilməsi üçün tarixi-etnoqrafik məlumatlarla zəngindir.

Abidənin önündə xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev və mərasim iştirakçıları Dədə Qorqud parkında yaradılan süni gölə də baxdılar. İki hektar sahəsi olan gölün tikintisi və onun mühəndislik həlli bütövlükdə xarici mütəxəssislər tərəfindən layihələndirilmişdir. Gölün inşası zamanı bu sahədə ən son nailiyyətlər tətbiq edilmişdir. On min kvadratmetrə yaxın əraziyə təbii yaşıl örtük döşənmişdir. Parka istirahətə gələnlər xüsusi qayıqlarla gəzintiyə çıxa biləcəklər. Bunun üçün iki liman inşa edilmişdir. Bundan əlavə, süni şəlalənin alt hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpülər inşa olunmuşdur. Ümumilikdə gölün iki yerində xüsusi su bitkiləri ilə örtüləcək kiçik körfəzlər yaradılmışdır. Ümumi su tutumu 25 min kubmetrə yaxın olan göl üçün əlavə olaraq 1200 kubmetr tutumu olan yeraltı ehtiyat hovuz inşa edilmişdir. İdarəolunma nəzarət otağından həyata keçirilir. Burada quraşdırılan xüsusi monitorlar vasitəsilə həm gölün texniki stansiyasında baş verən prosesləri, həm də onun altındakı geotermal sistemin fəaliyyətini müşahidə etmək mümkündür. Parka istirahətə gələnlər monitorlarda əks olunan məlumatları canlı izləyə biləcəklər.


Böyük ölçüdə



Böyük ölçüdə