Yevlaxda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində İlham Əliyevin nitqi

10 noyabr 2010, 19:46
Yevlaxda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində İlham Əliyevin nitqi

Mən sizi ürəkdən salamlayıram. Bu gözəl, yeni şəhərciyin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl binalardır, yaraşıqlı mənzillərdir. İlk dəfə olaraq bölgələrdə məcburi köçkünlər üçün hündürmərtəbəli binalar tikilibdir. Bir deyil, iki deyil, beşmərtəbəli 10 bina tikilibdir. Burada 612 ailə yaşayacaqdır. Mən indi vəziyyətlə tanış oldum. Gördüm ki, çox gözəl, yaraşıqlı mənzillərdir. Bütün şərait yaradılıb, gözəl məktəb, tibb məntəqəsi, uşaq bağçası – yəni, burada yaşamaq üçün hər bir şərait, bütün imkanlar vardır. Bütün kommunikasiyalar - işıq, su, qaz xətləri çəkilib. Əminəm ki, siz burada rahat yaşayacaqsınız. 

Bilirsiniz ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı - məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar görülən işlərin davam etdirilməsi üçün bütün addımları atır. Xüsusi proqramlar qəbul edilmişdir. Proqramlar icra edilir, bu məqsədlər üçün çoxlu vəsait sərf olunmuşdur. On minlərlə məcburi köçkün artıq yeni mənzillərə, evlərə köçürüldü. Bütün çadır şəhərcikləri ləğv edildi. Artıq üç ildir ki, Azərbaycanda “çadır şəhərciyi” anlayışı yoxdur. Biz bu vəzifəni qısa müddət ərzində icra etdik. İndi belə gözəl, yaraşıqlı evləri tikirik ki, soydaşlarımız müvəqqəti olaraq yaxşı şəraitdə yaşasınlar. 

Bütün bu işləri görmək üçün əlbəttə ki, maliyyə imkanları və düşünülmüş siyasət lazımdır. Maliyyə imkanlarımız vardır. Bütün bu evlər və ölkəmizin müxtəlif bölgələrində məcburi köçkünlər üçün tikilmiş qəsəbələr Dövlət Neft Fondunun vəsaiti hesabına yaradılır. Bu, əslində dövlət vəsaitidir. Ulu öndər Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində Neft Fondu yaradılıb və artıq orada böyük vəsait yığılıbdır. İlk ödənişlər məhz bu məqsədlərə sərf olunmuşdur. Bu gün də hər il kifayət qədər vəsait nəzərdə tutulur. Əgər maliyyə imkanlarımız olmasaydı, biz bu işləri görə bilməzdik. Təkcə maliyyə imkanlarının mövcudluğu hələ məsələnin lazımi səviyyədə həll olunması demək deyildir. Siyasi iradə və düşünülmüş siyasət lazımdır. Bax, bu gözəl şəhərcik görülmüş işlərin bariz nümunəsidir. Biz çalışırıq və çalışacağıq ki, sizi müvəqqəti olaraq yaxşı şəraitlə təmin edək. Dövlət Proqramının icrası nəticəsində gələcəkdə əlavə tədbirlər görüləcək, fin qəsəbələri ləğv ediləcək, məktəblərdə, hərbi hissələrin ərazilərində məskunlaşmış soydaşlarımız da yeni evlərə köçürüləcəklər. Biz bunu edəcəyik və siyasətimizi bunda görürük.

Ancaq qeyd etdiyim kimi, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, yeni kəndlər, qəsəbələr salınacaqdır. Çünki bildiyiniz kimi, erməni qəsbkarları işğal edilmiş torpaqlarda demək olar ki, bütün binaları dağıdıblar, bütün infrastruktur dağıdılıb.

Bunu işğal edilmiş bölgələrə bu yaxınlarda bizim təşəbbüsümüzlə ezam olunan ATƏT-in qiymətləndirmə missiyası da öz gözü ilə görüb və biz hazırda onlardan ədalətli, reallığı əks etdirən hesabat gözləyirik. Yəni, orada ermənilər hər şeyi dağıdıblar, böyük qəddarlıq göstəriblər. Biz torpaqlarımızı qaytarandan sonra orada böyük işlər görəcəyik. Artıq ilkin hesablamalar da aparılmışdır. Biz bilirik hansı ardıcıllıqla nəyi edəcəyik. Əminəm ki, qısa müddət ərzində bundan da gözəl, yaraşıqlı binaları, evləri, məktəbləri, bütün infrastrukturu yaradacağıq. 

Biz çalışırıq ki, məsələ tezliklə öz həllini tapsın. Uzun illərdir ki, soydaşlarımız qaçqın-köçkün şəraitində yaşayırlar. Beynəlxalq normaları pozan Ermənistan əfsuslar olsun ki, beynəlxalq hüquqa hörmət göstərmir, Birləşmiş Millətlər Təşkilatının qərarlarına məhəl qoymur. Digər beynəlxalq təşkilatların da hamısının qərarları bizim mövqeyimizi dəstəkləyir və erməni işğalçı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan tərəfi buna əməl etmir. Belə olan halda qarşımızda duran seçim o qədər də böyük deyildir. Ya siyasi və diplomatik səylərimizi davam etdirmək və iqtisadi üstünlüyümüzü hərbi üstünlüyə çevirərək torpaqlarımızı azad etmək, – bizim əsas vəzifəmiz ondan ibarətdir, - ya da ki, danışıqlar naminə sadəcə olaraq, danışıqlar aparmaq. Azərbaycan dövləti ona heç vaxt getməyəcəkdir. Mən bir daha demək istəyirəm ki, biz danışıqları ancaq məqsədə çatmaq üçün aparırıq. Məqsədimiz də beynəlxalq hüququ, ərazi bütövlüyümüzü bərpa etməkdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Budur bizim məqsədimiz. Biz bu məqsədə çatmaq üçün müxtəlif imkanlardan istifadə edirik və etməliyik. Bu, bizim suveren hüququmuzdur. Biz istəyirik ki, məsələni danışıq yolu ilə, sülh yolu ilə həll edək. Ancaq görünür ki, Ermənistan tərəfi sadəcə olaraq, vaxt uzatmaqla məşğuldur və buna görə danışıqlar prosesində yeni mərhələ başlanır. Biz Ermənistandan təklif olunmuş məsələlərə cavab gözləyirik. Əgər cavab müsbət olmasa, onda öz siyasətimizə əlbəttə ki, dəyişiklik edəcəyik. 

Bununla bərabər, bu da sirr deyil ki, biz ordu quruculuğunu uğurla inkişaf etdiririk. Bizim hərbi gücümüz artır, müdafiə qabiliyyətimiz möhkəmdir. Vətənpərvərlik ruhu, peşəkarlıq yüksək səviyyədədir. Mən şübhə etmirəm ki, Silahlı Qüvvələrimiz qarşıda duran vəzifəni ləyaqətlə və qısa müddət ərzində icra edə bilər. Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu həqiqət tələb edir, bunu tarix tələb edir və bu gün bölgədə yaranmış qüvvələr nisbəti buna dəlalət edir.

Ermənistan heç vaxt Azərbaycan ilə rəqabət aparmaq gücündə olmayacaqdır. Bu gün də bu mümkün deyildir və illər keçdikcə aramızda olan uçurum daha da dərinləşəcəkdir. Bizim üçün bir dövlət kimi əsas vəzifə ancaq və ancaq öz ərazi bütövlüyümüzü bərpa etməkdir. Qarşımızda bundan vacib vəzifə yoxdur. Biz bütün səylərimizi bu vəzifəyə nail olmaq üçün səfərbər etmişik. Bu, bizim ümummilli işimizdir. Bütün Azərbaycan xalqı bu məqsədə çatmaq üçün səylərini birləşdiribdir və əlbəttə, getdikcə gücümüz daha da təsirli, atdığımız addımlar daha da ciddi olacaqdır. Ona görə, əgər ermənilər bir balaca qabağa baxsalar, görərlər ki, bu işğalçı siyasətin gələcəyi yoxdur. Sadəcə olaraq bu, zamanın hökmü və Azərbaycanın, ordumuzun artan gücü ilə həll olunacaqdır. Mən buna şübhə etmirəm və əminəm ki, biz doğma torpaqlarımızı qaytaracağıq. Bu gün qaçqın-köçkün həyatı yaşayan soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. 

Hələlik isə əlimizdən gələni edirik ki, sizin həyatınızı bir az yüngülləşdirək. Belə gözəl, yaraşıqlı evlər tikilib. Mən ümid edirəm ki, siz burada rahat yaşayacaqsınız. Ancaq bilirəm ki, doğma torpağınızı heç vaxt unutmayacaqsınız və unutmursunuz, siz də, gənc nəsil də. Bu gün gənc nəsil böyüyür, onlar o torpaqları görməyiblər. Amma buna baxmayaraq, onlar o torpaqlara qayıtmaq arzusu ilə yaşayırlar. Heç vaxt Azərbaycan xalqı doğma torpaqlarını unutmayacaq, heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Bunu həm qarşı tərəf, həm də məsələ ilə məşğul olan vasitəçilər bilirlər. 

Mən sizi bir daha ürəkdən salamlayıram, təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun.

SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32