Gerb

25 dekabr 2013, 19:00

Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsi, ərzaq məhsulları istehsalının artırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 2993 nömrəli Sərəncamına əsasən, taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını ödəmək məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılmışdır. Göstərilən vəsait hesabına ölkəyə 150-dən artıq taxılyığan kombayn gətirilməsinə başlanılmışdır və bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının həmin texnikaya olan tələbatının ödənilməsində mühüm rol oynayacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahəyə dövlət qayğısının davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara olan əlavə ehtiyacını təmin etmək üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2013-cü il.