Gəncə şəhərində Heydər Əliyev park–kompleksinin və Heydər Əliyev Mərkəzinin açılışında İlham Əliyevin nitqi

21 yanvar 2014, 12:10
Gəncə şəhərində Heydər Əliyev park–kompleksinin və Heydər Əliyev Mərkəzinin açılışında İlham Əliyevin nitqi

- Biz bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm.

Düz iki il bundan əvvəl - 2012-ci il yanvarın 21-də bu parkın təməl daşı qoyulmuşdur. Gözəl təsadüfdür ki, düz iki ildən sonra biz parkın və möhtəşəm Mərkəzin açılışını qeyd edirik. Bu parkın və Mərkəzin yaradılması çox böyük hadisədir. Möhtəşəm Mərkəz Ulu Öndərin xatirəsinə gözəl abidədir, burada Ulu Öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır.

Eyni zamanda, bu böyük parkın yaradılması bir möcüzədir. Deyə bilərəm ki, Azərbaycanın ən böyük parkıdır. Ərazisi 450 hektar, uzunluğu 2 kilometrdir. Gəzinti, istirahət üçün bütün imkanlar vardır. Cəmi iki il ərzində demək olar ki, yeni gözəl bir məhəllə yaradılmışdır. Əminəm ki, bu parkın ətrafında gələcəkdə yeni yaşayış binaları da tikiləcəkdir. Belə layihələr vardır.

Dünyada bir neçə böyük park vardır. Onlardan biri də Gəncə parkıdır. Dünyanın beş ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı - nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, Mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir. Mən sizi bütün bu uğurlar münasibətilə ürəkdən təbrik edirəm.

Burada bundan sonra da abadlıq işləri aparılacaqdır. Minlərlə, bəlkə də on minlərlə ağac əkilmişdir və bu ağaclar getdikcə böyüyəcək, yeni ağaclar əkiləcək, yeni binalar, yaşayış binaları tikiləcəkdir. Gözəl bir göl, amfiteatr yaradılıbdır. Yəni, bu, doğrudan da bir möcüzədir. Əminəm ki, gəncəlilər və şəhərin qonaqları buraya gələrkən buradan ən xoş təəssüratlarla ayrılacaqlar. Belə möhtəşəm layihənin icra edilməsi üçün gəncəlilər çox böyük səylər göstərmişlər, xüsusilə, yerli icra hakimiyyəti və fəallar, Gəncə sakinləri. Bu, doğrudan da gözəl hadisədir. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Belə işlər, sözün əsl mənasında, öz xalqına, öz şəhərinə, diyarına olan məhəbbətin təzahürüdür. Ümumiyyətlə, Gəncə gözəlləşir, abadlaşır. Bu, mənim Gəncəyə 12-ci səfərimdir. Mən demək olar ki, son on il ərzində hər il, yaxud da ildə iki dəfə Gəncədə olmuşam və hər dəfə yeniliklər, dəyişikliklər, abadlıq, quruculuq görürəm. İndi binalar təmir edilir, küçələr genişlənir, gözəl bərpa işləri aparılır. Gəncəyə xas olan xüsusi memarlıq üslubu qorunur, saxlanılır, harada lazımdırsa bərpa edilir, ictimai yerlər salınır. Bu da çox önəmlidir. Mən dəfələrlə demişəm ki, Bakıda və bütün başqa şəhərlərdə ictimai yerlər yaradılmalıdır - parklar, bağçalar, ictimai zonalar ki, insanlar burada öz asudə vaxtlarını keçirsinlər. Bu ictimai yerlərin arasında ən böyüyünü siz yaratmısınız. Ən böyük park, ictimai mərkəz Gəncədədir. Parkın gələcək inkişafı, abadlaşması, yeni mədəniyyət ocaqlarının yaradılması əlbəttə ki, bütün gəncəliləri buraya cəlb edəcəkdir.

Gəncənin mədəni həyatı zəngindir. Həmişə belə olubdur. Gəncə Azərbaycanın, o cümlədən mədəniyyət mərkəzlərindən biri olmuşdur. Hazırda şəhərin mədəni həyatı kifayət qədər zəngindir. Yeni muzeylər açılır. Nizami Muzeyi, Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzi, ondan əvvəl bir neçə muzey açılmışdır, filarmoniyanın tikintisi davam edir. Hesab edirəm ki, işlər daha da sürətlə getməlidir. Bu məqsədlə əlavə tədbirlər görüləcək ki, filarmoniya da qısa müddət ərzində istifadəyə verilsin. Bilirəm ki, gəncəlilərin böyük arzusudur ki, filarmoniya olsun, olacaqdır. Artıq daş işləri başa çatmaq üzrədir.

Hesab edirəm ki, biz bu il də olmasa, gələn il filarmoniyanın açılışını bərabər qeyd edəcəyik. Yəni, şəhərin çox zəngin və dolğun ictimai, mədəni həyatı vardır və bu, əlbəttə ki, məni sevindirir, çünki Gəncə Azərbaycanın qədim şəhəridir, ikinci şəhəridir, Nizami yurdudur. Əlbəttə ki, Gəncənin tarixi keçmişini, zəngin tarixi irsini qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Eyni zamanda, Gəncə müasirləşir, burada yeni binalar tikilir, o cümlədən sənaye inkişaf edir, böyük sənaye kompleksləri yaradılır, iş yerləri açılır. Gəncə Azərbaycanın sənaye mərkəzinə çevrilir. Mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Burada yeni sənaye komplekslərinin – alüminium və poladəritmə komplekslərinin tikintisi nəzərdə tutulur. Burada, ümumiyyətlə, iş yerlərinin açılması ilə bağlı gələcək planlar da həyata keçiriləcəkdir. Ola bilər ki, yaxın gələcəkdə başqa rayonlardan da işləmək üçün Gəncəyə gələcəklər. Bir sözlə, şəhərin inkişafı çox sürətlidir, təqdirəlayiqdir. Gəncənin gələcək inkişafı ilə bağlı konkret fikirlər, planlar vardır. Əminəm ki, onların hamısı reallaşacaq və Gəncənin inkişafı üçün əlavə işlər də görüləcəkdir.

Bütövlükdə ölkəmizdə işlər yaxşı gedir. Biz 2013-cü ili yaxşı nəticələrlə başa vurmuşuq. 2014-cü il də yaxşı başlayıbdır. Biz ilin birinci ayında sizinlə görüşürük. Əminəm ki, 2014-cü il də Gəncə, bütün başqa şəhər və rayonlarımız üçün uğurlu il olacaqdır. Çünki iqtisadiyyat artır, sosial məsələlər öz həllini tapır, Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirir. Bir sözlə, bu ili də uğurla başa vurmaq üçün bütün imkanlar vardır. Sadəcə olaraq, biz fəal işləməliyik, hərə öz yerində öz zəhməti, işi ilə doğma Vətənimizin inkişafına töhfəsini verməlidir. Mən gəncəlilərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Siz həmişə öz dövlətinizə çox bağlı olmusunuz, müstəqilliyimizin möhkəmlənməsində də fəal olmusunuz. Azərbaycan Demokratik Respublikası da Gəncədən başlayıbdır. Bu dövlətçilik ənənələri yaşayır, yaşayacaqdır. Ölkəmizin inkişafı üçün bütün lazımi tədbirlər görülür, görüləcəkdir. Azərbaycan bundan sonra da yalnız irəliyə gedəcəkdir. Bir daha sizi ürəkdən salamlayıram və təbrik edirəm.

X X X

- Çox sağ olun, xoş sözlərə görə sizə minnətdaram. Siz doğrudan da çox vacib mövzulara toxundunuz. Dediyiniz sözlər bir daha onu göstərir ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf edir. Mən bunu dəfələrlə demişəm ki, Azərbaycan hərtərəfli şəkildə inkişaf edir. Hər bir sahə üzrə konkret proqram, planlar, iş planı vardır. Biz hər bir istiqamət üzrə inkişaf görürük. Mədəniyyət sahəsində - ölkə üzrə tikilən mədəniyyət sarayları, tarixi abidələrimizin bərpası, tariximizi, mədəniyyətimizi dünyaya çatdırmağımız, beynəlxalq forumlarda Azərbaycan haqqında dolğun, düzgün məlumatın çatdırılması - bütün bunlar Azərbaycanı dünyaya müasir və eyni zamanda, böyük tarixə, mədəniyyətə malik olan ölkə kimi təqdim edir.


Sənaye ilə bağlı siz tamamilə haqlısınız, Gəncənin çox böyük sənaye potensialı vardır. Gəncənin inkişaf planı elə tərtib edilməlidir ki, biz uzunmüddətli inkişaf strategiyamızı düzgün quraq. Çünki Gəncə də böyüyəcək, Azərbaycan da böyüyəcək, əhali də artır. Gəncədə əlbəttə ki, gələcəkdə bir milyon əhali yaşayacaqdır. Şəhərsalma strategiyası düzgün qurulmalıdır. Eyni zamanda, gələcəkdə iş yerləri ilə təmin etmək üçün əlavə tədbirlər görülməlidir. Biz bir milyondan artıq iş yeri yaratdıq. Ancaq əhali artır. Bax, keçən il Azərbaycanda 170 min uşaq doğulubdur. Əhali artır, artacaqdır. Ona görə, Azərbaycanın inkişafı, sənayenin inkişafı, şəhərsalma strategiyamız buna uyğun olmalıdır. Sənaye və iqtisadiyyat sahələrindən danışarkən deməliyəm ki, bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Son on il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat Azərbaycan iqtisadiyyatı olmuşdur. Təsadüfi deyil ki, dünya iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 39-cu yerdədir. İki yüz ölkə arasında 39-cu yerdə olmaq çox böyük bir nailiyyətdir. Neft strategiyamız, qaz siyasətimiz bu gün dünyanın diqqətini cəlb edir. Bizim qəbul etdiyimiz qərarlar gələcəkdə regionumuzda və müəyyən mənada Avropada enerji təhlükəsizliyi məsələlərini həll edəcəkdir.

Bizim beynəlxalq mövqeyimiz birmənalıdır, çox prinsipialdır, qeyd etdiyiniz kimi, dünya birliyinin rəğbətini qazanıbdır. Bizə nəyə görə səs verdilər? Ona görə, gördülər ki, ədalət bizim tərəfimizdir. Ona görə, gördülər ki, biz ədaləti müdafiə edəcəyik. Biz heç bir təzyiqə boyun əyməyəcəyik. Biz prinsipial, ədalətli mövqeni müdafiə edəcəyik və iki il ərzində Təhlükəsizlik Şurasında bunu da etdik.

Azərbaycanda hər bir sahə - təhsil, səhiyyə üzrə, ictimai proseslər çox müsbət istiqamətdə gedir. Siz qeyd etdiniz ki, müxtəlif forumlar keçirilir. Biz buna artıq öyrəşmişik. Amma demək olar ki, Azərbaycanda hər ay zirvə görüşləri, prezidentlər, dövlət, hökumət başçıları səviyyəsində tədbirlər, beynəlxalq forumlar keçirilir. Nizami Gəncəvi Beynəlxalq Cəmiyyətinin işi artıq genişlənir. Bu, nəinki bölgədə, dünya miqyasında böyük bir ictimai hərəkata çevrilmişdir. Madrid Klubu dünyanın mötəbər təşkilatlarından biridir, artıq Nizami Gəncəvi Cəmiyyəti ilə elə bil ki, vahid siyasət aparır.

Gəncədə tədbirlər keçirilir, gələcəkdə də keçiriləcəkdir. Gəncə 2016-cı ildə Avropa gənclərinin paytaxtı elan edilibdir. Bir sözlə, ölkəmizin strateji inkişafı ilə bağlı düzgün seçilmiş siyasət artıq özünü göstərir. Ona görə, ictimai proseslər də müsbət istiqamətdə gedir, Azərbaycan xalqı rahat, təhlükəsiz şəraitdə yaşayır. Biz indi dünyada gedən prosesləri izləyirik. Yaxın ətrafda hansı hadisələr baş verir. Bu barədə danışmaq istəmirəm. Amma biz bu gün informasiya əsrində yaşayırıq.

Hər kəs hər şeyi görür, bilir. Bizim yerləşdiyimiz bölgədə proseslər mürəkkəbdir. Ancaq Azərbaycan bir sabitlik, inkişaf adasıdır, həmrəylik diyarıdır. Bu, bizim ən böyük üstünlüyümüzdür. Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları, bu gün Azərbaycan artıq dünya miqyasında milli və dini münasibətlər məsələlərinin həllində nümunə ölkə kimi göstərilir. Əslində bu, həmişə belə olubdur. Azərbaycan xalqı həmişə xeyirxah, dözümlü xalq olubdur. Ancaq bunu dünyada bilmirdilər. Biz bunu dünyaya çatdırdıq. Ona görə, biz gələcəkdə ölkəmizin əlbəttə ki, uğurlu inkişafını təmin edəcəyik, ancaq müxtəlif tədbirlərlə Azərbaycan haqqında dünyaya daha da dolğun məlumat çatdırmalıyıq. Bunların içərisində ən gözəl tədbirlər Azərbaycanda keçirilən tədbirlərdir. Çünki son on il ərzində mən bildiyiniz kimi, dəfələrlə xaricdə müxtəlif forumlarda, tədbirlərdə, konfranslarda Azərbaycan haqqında danışmışam, reallıqları təqdim etmişəm.

Əlbəttə, bunun da böyük əhəmiyyəti vardır. Ancaq yenə də bəziləri fikirləşir ki, Prezident gəlib öz ölkəsini tərifləyir. Amma Azərbaycana, Gəncəyə, başqa şəhərlərə gələndə bunu artıq öz gözləri ilə görürlər ki, Azərbaycan necə ölkədir. Azərbaycanın uğurlu inkişafı deyə bilərəm ki, bəzilərini qıcıqlandırır, bəzilərini, necə deyərlər, paxıllıq hisslərinə sürükləyir. Bu da inkişafın və uğurun qiymətidir. Eybi yoxdur, qoy həmişə bizə paxıllıq etsinlər ki, biz həmişə irəliyə gedək.
Bir daha sizi ürəkdən salamlayıram, təbrik edirəm, sizə cansağlığı arzulayıram. Bizim görüşlərimiz, Gəncədə gözəl hadisələr hələ çox olacaqdır. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10