Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin açılışında İlham Əliyevin nitqi

21 yanvar 2014, 15:40
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin açılışında İlham Əliyevin nitqi

- Artıq Gəncədə də “ASAN xidmət” fəaliyyət göstərir. Çox gözəl hadisədir. Artıq bu iş regionlarda başlamışdır. İndi bu xidmət Bakı, Sumqayıt, Gəncə şəhərlərində vardır və vətəndaşlar böyük maraq göstərirlər. Bir il ərzində 1 milyona yaxın müraciət olmuşdur və hamı razıdır. Bu, yeni bir xidmətdir. Yeniləşən Azərbaycan üçün çox böyük fayda verən bir xidmətdir. Həm insanlara yüksək səviyyəli xidmət göstərilir, eyni zamanda, bütün xoşagəlməz halların qarşısının alınması üçün “ASAN xidmət”in böyük əhəmiyyəti vardır. Əlbəttə, bizim bütün dövlət qurumları, vətəndaşlarla birbaşa ünsiyyətdə olan qurumlar getdikcə bu səviyyədə xidmət göstərməlidir ki, heç bir bürokratiyaya, rüşvətxorluğa, korrupsiyaya yol verilməsin.

İnsanlara yüksək səviyyəli mədəni xidmət göstərilməlidir. Mən hesab edirəm ki, “ASAN xidmət”in yaradılması nəinki ictimai xidmətlər sahəsində, bütövlükdə ölkəmizin gələcək uğurlu, müasir inkişafı üçün öz rolunu oynayacaqdır. Bilirəm ki, artıq digər qurumlarda da “ASAN xidmət”də göstərilən xidmətlərin səviyyəsində iş qurulması prosesi gedir.

Biz müasir, güclü dövlət qururuq. Azərbaycan dövlətində heç bir xoşagəlməz hala rast gəlinməməlidir və mövcud problemlər aradan qaldırılmalıdır. “ASAN xidmət”in fəaliyyəti bu istiqamətdə bizim işimizə böyük dayaqdır. Mən çox şadam ki, Azərbaycan vətəndaşları tərəfindən bu xidmətin fəaliyyətinə böyük dəstək, rəğbət vardır və bu addım yüksək qiymətləndirilir. Dəfələrlə dediyim kimi, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycanın ixtirasıdır və istisna olunmur ki, başqa ölkələr də bu nümunədən istifadə edəcəklər. Hər halda məndə olan məlumata görə, başqa ölkələrdə də xidmətin fəaliyyətinə böyük maraq vardır.

Birillik fəaliyyət özlüyündə gözəl göstəricidir. Çünki hamımız bilirik ki, bəzi hallarda yeni yaradılan hansısa bir layihə, yaxud da ki, irəli sürülən təşəbbüs ilk mərhələdə uğurlu olur, sonra bəzi çətinliklər ortaya çıxır, səviyyə aşağı düşür. “ASAN xidmət”də belə deyildir. Mən hesab edirəm ki, xidmət il ərzində öz işini daha da yüksək səviyyəyə qaldıra bilmişdir, səyyar xidmət göstərilir, bölgələrə xüsusi təchiz edilmiş avtobuslar ezam edilir və bu il Azərbaycanda ən azı 4, bəlkə də 5 yeni “ASAN xidmət” mərkəzi yaradılacaqdır.

Bütün bölgələrdə, ondan sonra hər bir şəhərdə belə xidmət olmalıdır. Bu xidmətin bir əlamətdar tərəfi ondan ibarətdir ki, burada işlərə könüllülər qoşulurlar. Bu da sizin üçün, cəmiyyət üçün çox gözəl hadisədir. Sizin üçün ona görə ki, artıq gənc yaşlarınızdan çox mühüm bir dövlət işində özünüzü göstərəcəksiniz. Cəmiyyət üçün ona görə ki, könüllülük hərəkatı, ümumiyyətlə, çox böyük təqdirəlayiq hərəkətdir, xoş niyyətin, vətənpərvərliyin təzahürüdür, öz xalqına, dövlətinə olan bağlılığın əlamətidir. Əgər hər bir insan ümumi işə könüllü şəkildə öz töhfəsini vermək istəyirsə, bu, ancaq alqışlanır. Könüllülər qruplarının fəaliyyəti hesab edirəm ki, cəmiyyətin uğurlu inkişafı üçün də öz rolunu oynayacaqdır.

Sizi salamlayıram, sizə minnətdaram ki, bu işə qoşulursunuz. Əminəm ki, gələcək illərdə Gəncə “ASAN xidmət”i, əgər belə demək mümkündürsə, qabaqcıl yerdə olacaqdır. Çünki gələcəkdə belə xidmətlər çox göstəriləcək, mərkəzlər açılacaq və bütün mərkəzlər arasında sağlam rəqabət aparılacaqdır. Sizi salamlayıram, sizə uğurlar arzulayıram.
Gəncə şəhərindən könüllü Nigar TAĞIYEVA: Cənab Prezident, Sizi ilk növbədə könüllülərimizin adından salamlamaq istəyirəm. Biz eşidəndə ki, keçən il Bakı şəhərində “ASAN xidmət” yaranıbdır, çox şad olduq. Çünki orada biz yaşda könüllülər dövlət orqanında işləyirlər. Ancaq düşünməzdik ki, tezliklə Gəncə şəhərində də bu xidmət fəaliyyət göstərər. Bu, bizi çox sevindirdi. Könüllülərimiz adından Sizə minnətdarlığımızı bildiririk ki, bizim üçün belə şərait yaradılıb, gənc yaşlarında dövlət orqanında işləyirik. Bizə göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Çox sağ olun.