25 fevral 2014, 13:30

Yusif Əliyevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident!

Televiziya vasitəsilə regionların inkişafına dair ikinci Dövlət Proqramının icrası ilə bağlı dərin məzmunlu nitqinizi böyük maraqla dinlədik. Doğrudan da ötən dövr ərzində ölkəmiz regionda iqtisadi cəhətdən güclü, siyasi baxımdan qüdrətli dövlətə çevrilmişdir.

Bu, biz lənkəranlıları ürəkdən sevindirir və bundan qürur hissi duyuruq. Sizi əmin edirik ki, biz lənkəranlılar dövlətimizin daxili və xarici siyasətini bəyənir, dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. 

Bu gün biz çox sevinirik ki, prezidentliyiniz dövründə ölkəmiz davamlı iqtisadi inkişafa nail olmuş, dövlətimizin beynəlxalq aləmdə nüfuzu artmışdır. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və Sizin tərəfinizdən uğurla aparılan məqsədyönlü siyasi xətt inkişafa, tərəqqiyə yeni təkan verməklə, ölkəmizin gələcək perspektivləri üçün geniş imkanlar açmışdır.

Hörmətli cənab Prezident, regionlara, o cümlədən Lənkərana göstərdiyiniz diqqət və qayğınızı yüksək qiymətləndiririk. “Cənub mirvarisi” adlanan Lənkəran gündən-günə inkişaf edir. Sizin ölkəyə rəhbərliyiniz dövründə Lənkəran müstəqil respublikamızın qızıl tacına çevrilmişdir. Hələ ən yaxşı günlər qabaqdadır. Regionların inkişafı ilə bağlı yeni Dövlət Proqramının qəbulu ilə əlaqədar qarşıya qoyduğunuz vəzifələr ölkədə proqram kimi qəbul edilmişdir. Demək, bu gün Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Biz ziyalılar belə hesab edirik ki, nə qədər müstəqil Azərbaycan dövləti var, ümummilli lider Heydər Əliyev siyasəti və ideyaları daim yaşayacaqdır.

Möhtərəm Prezident, lənkəranlılar Sizin ətrafınızda sıx birləşmiş və Sizi dəstəkləyirlər. Biz Sizə inanırıq. Sizə öz adımdan, ailəmiz adından möhkəm cansağlığı, Azərbaycanın inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə titanik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyev Yusif,
əmək veteranı.

Azərbaycan Respublikası, Lənkəran rayonu.