25 aprel 2014, 10:50

E.Babayev və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Əhmədli qəsəbəsində yaşadığımız binaların yaxınlığında yerləşən və iki sıra şam ağaclarından ibarət olan park həm böyüklərin, həm də uşaqların, demək olar ki, həmişə ürəyincə olmuşdur. Park 1977-ci ildə salınmışdır. O zaman ulu öndərimiz Heydər Əliyev şəhərin yaşıllaşdırılması məsələsinə xüsusi diqqət yetirirdi. Onun göstərişi ilə yaranan yaşayış massivlərində parklar salınır, şam ağacları əkilirdi. Hətta qəsəbə və kəndlərarası magistrallarda yolboyu ağaclar əkilirdi.

Şükürlər olsun ki, bu siyasət indi də Sizin tərəfinizdən davam etdirilir. Şəhərimiz gündən-günə gözəlləşir, küçələr abadlaşır, qədim binalar bərpa edilir, yeni möhtəşəm tikililər, körpülər və yollar inşa olunur. Bütün bu yeniliklərlə baxmayaraq, şəhərin arxitekturası və yaşıllaşdırılması da unudulmur.

Bakıda bir ağac əkib, onu böyüdüb ərsəyə gətirməyin nə qədər əmək tələb etdiyi hər birimizə bəllidir. Eyni zamanda bir ağacı kəsib, bu əməyi məhv etməyin nə qədər günah olduğunu da hər kəs anlayır. Təəssüf ki, bu yaxınlarda çox sevdiyimiz parkımızda şam ağaclarının bir hissəsi kəsilmişdir. Dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qaynar xətt” xidmətinə zəng edib onları məlumatlandırdıq. Yaxşı ki, vaxtında ölçü götürüldü. Kəsilmiş ağacların yerində iki dəfə artıq şam ağacları əkildi. Parkımız daha da abadlaşdırıldı. Körpə ağacların yaxşı böyüməsi üçün parkımıza yeni su sistemi çəkildi.

Hörmətli cənab Prezident! Biz bilirik ki, bütün bu tədbirlər, ilk növbədə Sizin apardığınız düzgün siyasətin nəticəsidir. Siz həmişə ekologiya məsələlərinə xüsusi diqqət yetirmiş, ağacların kəsilməsi ilə bağlı bütün dövlət qurumlarına ciddi xəbərdarlıq etmisiniz. Bunun nəticəsidir ki, hazırda belə halların qarşısı dərhal alınır.

Siz şəhər və rayonların abadlaşdırılması, vətəndaşlarımızın həyatının yaxşılaşdırılması üçün gecə-gündüz çalışırsınız. Buna görə Sizə təşəkkürümüzü bildirir, bu istiqamətdə fəaliyyətinizi həmişə dəstəkləyirik.

Dərin hörmətlə,

E.Babayev
A.Fərəczadə
A.Hacıyev
P.Məmmədov
M.Mustafayev və başqaları (cəmi 42 imza).

Azərbaycan Respublikası, Bakı şəhəri.