Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışında İlham Əliyevin nitqi

23 aprel 2014, 16:50
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışında İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar, əziz dostlar!

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışını qeyd edirik. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Yeni aerovağzal kompleksinin açılışı böyük hadisədir. Bu möhtəşəm bina ölkəmizin inkişafını, Azərbaycanın gücünü göstərir.

Bu aeroport dünyanın ən gözəl aeroportlarından biridir, nadir memarlıq əsəridir, daxili dizayn da göz oxşayır. Burada bütün işlər yüksək keyfiyyətlə, böyük zövqlə görülmüşdür. Yəni, bu, ölkəmizin hava qapısı kimi bugünkü Azərbaycanın inkişafını göstərir və gözəlləşən Bakıya əlavə yaraşıq verir.

Burada sərnişinlər üçün bütün lazımi şərait yaradılmışdır. Çox rahat istirahət zonaları, ictimai yerlər, böyük hollar tikilmişdir.

Yuxarıdan baxanda isə bu bina qanadlarını açmış böyük quşa bənzəyir. Necə ki, bu gün Azərbaycan da inkişafdadır, Azərbaycan da öz qanadlarını geniş açmışdır, irəliyə gedir, iqtisadi inkişaf templərinə görə dünyada birinci yerdədir. Belə möhtəşəm binaların, nəqliyyat infrastrukturunun yaradılması bizim dövlət siyasətimizdir.

Hava nəqliyyatının inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir, dövlət öz dəstəyini əsirgəmir. Son illərdə hava nəqliyyatının inkişafına böyük dövlət investisiyaları qoyulmuşdur. Dövlət büdcəmizin artması hesabına bu sahəyə də əlavə vəsaitin ayrılması mümkün olmuşdur. Deyə bilərəm ki, son illər ərzində hava nəqliyyatı infrastrukturuna qoyulan vəsaitin hamısı dövlət investisiyaları hesabına mümkün olmuşdur.

Təkcə onu demək kifayətdir ki, bu aeroport ildə 6 milyon sərnişinə xidmət edəcəkdir. On beş il bundan əvvəl tikilmiş və bu yaxınlarda əsaslı şəkildə bərpa edilmiş aeroportun köhnə binası da 3 milyon sərnişini qəbul etmək imkanına malikdir.

Beləliklə, Azərbaycanda ildə 9 milyon sərnişin Bakının hava limanından istifadə də bilər.

Ölkəmizin digər şəhərlərində yeni aeroportlar tikilmişdir. Son 10 il ərzində 7 aeroport tikilmişdir. Onlardan 5-i beynəlxalq statusa malikdir. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala və Yevlax aeroportları tikilib istifadəyə verilmişdir. Bu aeroportlarda həm xarici ölkələrə uçuşlar təşkil edilir və uçuşların sayı artır, eyni zamanda, daxili uçuşların da sayı artmaqdadır.

Mən yaxşı xatırlayıram, biz regional aeroportların tikintisinə başlayanda müxtəlif fikirlər var idi ki, bəlkə buna ehtiyac yoxdur, kim bu aeroportlardan istifadə edəcəkdir, uçuşlar təşkil edilməyəcəkdir. Ancaq baxın, bu gün regional aeroportlarımızdan nə qədər sərnişin istifadə edir, nə qədər Azərbaycan vətəndaşı indi yaşadığı zonadan başqa ölkələrə rahat gedə bilir. Bu gün Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ aeroportlarından xarici ölkələrə uçuşlar təşkil edilir.

Eyni zamanda, dövlət yeni təyyarələrin alınmasında da öz siyasətini davam etdirir. Deyə bilərəm ki, AZAL-ın bir dənə də olsun köhnə təyyarəsi qalmamışdır. Bütün təyyarələr təzədir və ən yüksək standartlara cavab verir. Yəni, bu standartlardan yuxarı standart yoxdur. Çünki AZAL-ın bu gün hava parkı “Boeing”, “Airbus”, “Embraer” təyyarələrindən ibarətdir. Bu gün bizim 25-ə yaxın təyyarəmiz vardır və bu proses davam etdirilir. Yaxın gələcəkdə yeni, böyük təyyarələrin alınması da nəzərdə tutulur. Bu aeroporta hətta dünyanın ən nəhəng təyyarəsi olan “Airbus A 380” də enə və burada ona xidmət göstərilə bilər. Yəni, Heydər Əliyev Beynəlxalq Aeroportu həm gözəlliyi, dizaynı, rahatlığı və həm də burada göstərilən xidmətlər baxımından bu gün dünyada seçilən aeroportlardandır. Azərbaycan dövləti bundan sonra da hava nəqliyyatının inkişafına öz dəstəyini verəcəkdir.

Bu gözəl şərait, maddi dəstək və hava nəqliyyatının infrastrukturuna qoyulan vəsait, eyni zamanda, milli aviaşirkətimizin inkişafına da öz təsirini göstərmişdir. Bu gün AZAL dünya miqyasında seçilən hava şirkətlərindəndir. Təhlükəsizlik və keyfiyyət ön plandadır. Bu iki amil bu gün AZAL-ı dünyada müasir və dinamik şirkət kimi təqdim edir. Mən bilirəm və maraqlanıram, sərnişinlər xidmətdən də razıdırlar. Ümumiyyətlə, AZAL-ın uğurlu inkişafı ölkəmizin ümumi inkişafına da öz müsbət təsirini göstərir. Çünki Azərbaycana, Bakıya və ya digər şəhərlərə gələn ilk qonaq AZAL-la üzləşir və orada göstərilən xidmət ilk dəqiqələrdən ölkəmiz haqqında təsəvvür yaradır.

Bu gün ölkəmiz inkişafdadır. Bu gün müasir Azərbaycan dünya miqyasında öz imkanlarını ortaya qoyur. Əlbəttə ki, belə olan halda ilk təmas yerində də səviyyə ölkəmizin ümumi səviyyəsinə bərabər olmalıdır. Mən çox şadam ki, dövlət dəstəyindən istifadə edərək AZAL bu gün nəinki regionda, dünya miqyasında böyük şirkətlərdən biridir və uçuşların sayı artır. Bu gün dünyanın 30-dan yuxarı aeroportuna uçuşlar təşkil edilir.

Əlbəttə, bu müsbət dinamika əminəm ki, gələcəkdə daha da güclənəcəkdir. Çünki görüləsi işlər çoxdur. Baxmayaraq ki, son illər ərzində hava nəqliyyatı infrastrukturunun yaradılması ilə bağlı, demək olar, bütün əsas işlər görülmüşdür. Aeroportlar tikilib, müasir texnika, yeni təyyarələr alınıb gətirilmişdir, yeni uçuşlar təşkil edilir. Ancaq Azərbaycan inkişaf edir və ölkəmizə gələn qonaqların sayı artır. Belə olan halda əlbəttə ki, hava nəqliyyatının inkişafı bundan sonra da prioritet məsələ olaraq qalacaqdır.

Eyni zamanda, Azərbaycanda yük daşımalarının həcmi də artır. Azərbaycanda karqo aviasiya deyə bilərəm ki, dünya miqyasında ən birinci yerlərdədir. Biz öz coğrafi vəziyyətimizdən çox səmərəli şəkildə istifadə edirik. Çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Bakını nəqliyyat və logistika mərkəzinə çevirək. Bu məqsədlə karqo aviasiya Azərbaycanda uğurla inkişaf edir. Yeni təyyarələr alınır. Karqo terminal neçə ildir ki, fəaliyyət göstərir. Yəni, biz coğrafi vəziyyətimizdən maksimum dərəcədə istifadə etməliyik ki, Azərbaycanı, o cümlədən regionu nəqliyyat mərkəzinə də çevirək. Bu istiqamətdə işlər uğurla gedir. Bu, ölkəmizin önəmini artırır, eyni zamanda, iqtisadi potensialımızı gücləndirir. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi nəticəsində biz imkanlarımızı bölgədə daha da möhkəmləndirəcəyik.

Beləliklə, Azərbaycan dünya miqyasında nəqliyyat-logistika mərkəzi kimi öz rolunu bundan sonra da oynayacaqdır. Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir. Ancaq mən həmişə demişəm - xatırlayıram hələ on il bundan əvvəl nəqliyyat məsələləri ilə bağlı çıxışlarımda demişəm ki, əgər biz bu coğrafi vəziyyətimizi infrastrukturla təmin etməsək, bu coğrafiyanın heç bir mənası olmayacaqdır. Ona görə son illər ərzində başqa sahələrdə aparılan siyasətlə yanaşı, nəqliyyat sektorunun inkişafı da prioritet məsələ olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda ən böyük dövlət investisiyaları nəqliyyat sektoruna qoyulmuşdur. İlk növbədə ona görə ki, buna ehtiyac var idi. Çünki biz bütün nəqliyyat infrastrukturumuzu yenidən qurmalıydıq. Digər tərəfdən, nəqliyyat və infrastruktur iqtisadi inkişafı şərtləndirən birinci amildir. Bəzi hallarda belə hesab oluna bilər ki, yollara, hava nəqliyyatına, dəniz nəqliyyatına qoyulan vəsait tez qayıdan vəsait deyildir. Bu, həqiqətdir. Yeni yaradılan imkanlar, turizm zonaları, iqtisadi inkişaf, şəhərlərarası rabitənin rahatlığı, yük daşımalarının artımı, tranzit potensialımızın inkişafı - bütün bu amillər bizi həm siyasi, eyni zamanda, iqtisadi cəhətdən də gücləndirir. Ona görə nəqliyyat sektoruna qoyulan investisiyalar özünü doğruldur.

Bu gün nəqliyyatın bütün istiqamətləri üzrə konkret proqramlar icra edilir. Avtomobil yolları tikilir. Magistral yollar, şəhərlərarası yollar demək olar ki, tamamlanır. Biz son bir neçə il ərzində ilk növbədə kənd yollarının tikintisi ilə ciddi məşğuluq. Həm dövlət büdcəsinin, həm də Prezidentin ehtiyat fondunun vəsaiti hesabına kənd yollarının tikintisi sürətlə gedir. Hesab edirəm ki, növbəti illərdə - 2018-ci ilə, üçüncü regional proqram başa çatana qədər biz bütün kənd yollarını tikəcəyik və bərpa edəcəyik.

Dəniz nəqliyyatı da prioritet olaraq qalır. Xəzər Gəmiçiliyi dünya miqyasında böyük şirkət hesab olunur. Yaxın keçmişdə bu şirkətin daha da səmərəli fəaliyyəti üçün əlavə tədbirlər görülmüş, struktur islahatları aparılmışdır. Bu gün Xəzər Gəmiçiliyi də “AZAL”ın səviyyəsinə çatmalıdır və çatacaqdır. Bizim 260-dan yuxarı gəmimiz vardır. Düzdür onların bəziləri lazımı səviyyədə deyil. Ancaq son 10 il ərzində 20-yə yaxın gəmi alınmışdır. Onlardan 10-u tanker, 6-sı isə bərədir. Azərbaycanda böyük gəmiqayırma zavodu tikilmişdir. Heç vaxt Azərbaycanda belə zavod olmamışdır. Ancaq gəmi təmiri zavodlarımız olmuşdur.

Amma bu gün gəmiqayırma zavodumuzda istənilən gəmi istehsal oluna bilər. Tanker, bərə, sərnişin gəmisi, neft əməliyyatlarına xidmət edən gəmilər və eyni zamanda, hərbi gəmilər də istehsal oluna bilər. Bu gün Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanı da Azərbaycanda - Ələtdə tikilir. Bu il bu limanın birinci mərhələsi başa çatacaq, istifadəyə veriləcəkdir. Bütövlükdə isə biz gələn il Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd edəcəyik. Birinci mərhələdə 10 milyon, ondan sonra 20 milyon, o cümlədən bir milyon konteyner yük daşıma qabiliyyətinə malik olan bu liman Azərbaycanın tranzit imkanlarını daha da artıracaqdır.

Bununla paralel olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də uğurla gedir. Bu layihəni biz tərəfdaşlarla - Türkiyə və Gürcüstanla bərabər icra edirik. Bu dəmir yolunun tikintisi nəticəsində Azərbaycan iki qitəni birləşdirəcəkdir. Onsuz da biz Avropa ilə Asya arasında olan bir ölkəyik. Dəmir yolları ilə, avtomobil yolları ilə, hava nəqliyyatı ilə biz öz mərkəzi rolumuzu daha da artıracağıq. Bakı-Tbilisi-Qars tarixi layihədir. Azərbaycan maliyyə yükünün böyük hissəsini öz üzərinə götürmüşdür. Azərbaycanın payına düşən tikinti işləri artıq bu ilin sonuna qədər tamamlanacaq və ümid edirəm ki, gələn ildən başlayaraq bu yol tamamilə açıla bilər. Beləliklə, Asya ilə Avropanı birləşdirən ən rahat, qısa yol Azərbaycandan keçəcəkdir.

Bir sözlə, bu gün, bu gözəl və tarixi bir gündə bütövlükdə nəqliyyat sektorunda gedən işlər, bundan sonra aparılacaq islahatlar və siyasət haqqında istərdim ki, öz fikrimi bildirim. Bundan sonra da dövlət öz siyasətini davam etdirəcəkdir. Azərbaycanda nəqliyyat sektoru iqtisadiyyatımızın aparıcı sektoruna çevrilməkdədir. Belə gözəl aeroportların tikintisi, eyni zamanda, gənc, amma müasir və dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə olan Azərbaycanın gücünü göstərir.

Bu aeroportun tikintisində iştirak etmiş bütün insanlara - inşaatçılara, dizaynerlərə, memarlara təşəkkürümü bildirirəm.

Əminəm ki, Azərbaycan vətəndaşları və ölkəmizə gələn qonaqlar bu gözəl imkanlardan istifadə edəcəklər. Bu binaya girərkən adamın ürəyi açılır. Mən fəxr edirəm ki, bizim belə gözəl aeroportumuz vardır.

Əziz dostlar, sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibəti ilə bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55