Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi QAYDALARI

30 aprel 2014, 19:55

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 dekabr tarixli 55 nömrəli Fərmanının 3.6-cı bəndinə uyğun olaraq hazırlanmışdır və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər (bundan sonra - tədbirlər) keçirilməsi ilə bağlı öhdəlik götürülməsi mexanizmini müəyyən edir.
1.2. Tədbirlərin keçirilməsi ilə bağlı öhdəlik götürülməsi dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən xarici dövlətlərlə, habelə yerli və (və ya) beynəlxalq təşkilatlarla danışıqlar aparılmasını, tədbirlərin keçirilməsinə razılığın verilməsini və öhdəlik nəzərdə tutan sənədlərin (qərarların, protokolların, bəyannamələrin və s.) qəbul edilməsini nəzərdə tutur.
1.3. Bu Qaydaların 1.4-cü bəndində göstərilənlər istisna olmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı təkliflərin verilməsi və öhdəlik götürülməsi birbaşa həyata keçirilir.
1.4. Aşağıdakı qurumlar tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı təkliflərin verilməsi və öhdəlik götürülməsi onların tabe olduqları dövlət orqanları vasitəsilə həyata keçirilir:
1.4.1. mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olan qurumlar və ya tabeliyində olan digər qurumlar;
1.4.2. yerli icra hakimiyyətinin başçısı yanında olan qurumlar və ya yerli icra hakimiyyəti başçısının tabeliyindəki hüquqi şəxslər.
1.5. Tədbirlərin keçirilməsi üçün dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar tərəfindən tədbir keçirilməsi ilə bağlı təklif verilməsi və öhdəlik götürülməsi mexanizmi bu Qaydaların 2-ci və 3-cü hissələrinə uyğun olaraq tənzimlənir. Həmin təşkilatlar tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı təkliflərin verilməsi və öhdəliklərin götürülməsi onların fəaliyyət sahəsi üzrə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı vasitəsilə aparılır.
1.6. Bu Qaydalar dövlət büdcəsindən maliyyələşən təşkilatların dövlət büdcəsi üzrə xərclərində nəzərdə tutulan təxsisatlar çərçivəsində beynəlxalq və ölkə səviyyəli tədbirlərinin keçirilməsinə, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbuluna şamil olunmur.

2. Tədbirlərin keçirilməsi ilə bağlı təkliflərin verilməsi

2.1. Hər il növbəti il üçün dövlət büdcəsinin layihəsi hazırlanarkən dövlət büdcəsindən maliyyələşən təşkilatların növbəti ildə Azərbaycan Respublikasında beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı təklifləri tədbirin keçiriləcəyi büdcə ilindən əvvəlki ilin iyul ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra - Maliyyə Nazirliyi) təqdim edilir.
2.2. Keçirilməsi növbəti büdcə ilindən sonrakı il (illər) üçün nəzərdə tutulan tədbirlərlə bağlı təkliflər xarici dövlətlər, habelə yerli və (və ya) beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürülməsinin son tarixindən əvvəlki ilin iyul ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilir.
2.3. Təqdim edilmiş təkliflərə aşağıdakı məlumatlar əlavə olunur:
2.3.1. tədbirin adı;
2.3.2. tədbirin məqsədi;
2.3.3. tədbirin keçirilməsinin məqsədəuyğunluğunun əsaslandırılması;
2.3.4. tədbirin təşkilatçıları;
2.3.5. tədbirdə iştirakı nəzərdə tutulan şəxslərin (xarici iştirakçılar göstərilməklə) sayı;
2.3.6. tədbirin keçiriləcəyi yer, ehtimal olunan tarixi;
2.3.7. Azərbaycan Respublikası tərəfindən tədbirdə iştirak edəcək təşkilatların adı;
2.3.8. tədbirin keçirilməsi üçün ehtimal olunan xərclər, o cümlədən Azərbaycan Respublikası tərəfindən təşkilatçıların (dövlət büdcəsindən maliyyələşən) üzərinə düşən xərclərin məbləği;
2.3.9. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tədbirin məqsədəuyğunluğu barədə rəyi (beynəlxalq səviyyəli tədbirin keçirilməsi nəzərdə tutulduqda).
2.4. Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən növbəti büdcə ilində (illərində) keçirilməsi nəzərdə tutulan tədbirlərə dair təkliflərə baxır, həmin tədbirlərlə bağlı məlumatların əks olunduğu ümumi siyahını fərdi və icmal maliyyə tutumu barədə rəyi ilə birlikdə cari ilin avqust ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
2.5. Azərbaycan Respublikasının Nazirlər Kabineti cari ilin sentyabr ayının 1-dək bu Qaydaların 2.4-cü bəndində göstərilən ümumi siyahı üzrə tədbirləri və onların maliyyə tutumunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq edir və növbəti ilin (illərin) dövlət büdcəsi layihəsində nəzərə alınması üçün Maliyyə Nazirliyinə göndərir.

3. Tədbirlərin keçirilməsi üçün öhdəliklərin götürülməsi

3.1. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tədbirlərin keçirilməsi ilə bağlı öhdəlikləri yalnız bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş qaydada təkliflər verildikdən və tədbirlərin ümumi siyahısı və maliyyə tutumu Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra götürürlər.
3.2. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən bu Qaydaların 3.1-ci bəndinin tələblərinə riayət edilmədən tədbirin keçirilməsinə dair razılıq verilməsinə və öhdəlik nəzərdə tutan sənədlərin (qərarların, protokolların, bəyannamələrin və s.) qəbul edilməsinə yol verilmir.

4. Yekun müddəa

4.1. Dövlət büdcəsindən maliyyələşən təşkilatlar bu Qaydaların 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlərin ümumi siyahısına və maliyyə tutumuna uyğun olaraq xarici dövlətlər, habelə yerli və (və ya) beynəlxalq təşkilatlar qarşısında maliyyə öhdəliyi götürür və tədbirləri həmin siyahıda nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirirlər.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04