Gerb

01 may 2014, 13:00
W1siziisijiwmtuvmdyvmtuvnmwxbmlmy2y0cv8zmdiyoc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=b47a27bbdac49230

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rol oynayır. Azərbaycanın əsas və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün bu məsələlərdə yaxından iştirak etməklə xalqın partiyası olmasını aydın nümayiş etdirir. Ümummilli lider, partiyanın yaradıcısı Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Bu gün bu fikrin nə qədər doğru olması özünü daha aydın büruzə verir. Yeni Azərbaycan Partiyası ölkənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına çox mühüm töhfələr verir. Bu gün partiyanın sıralarının genişlənməsi və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması şübhəsiz ki, cəmiyyətdə bu siyasi quruma olan ehtiram və hörmətdən, onun nüfuzundan qaynaqlanır.

Yeni Azərbaycan Partiyasının ümumi məqsədlər və amallar naminə uğurlu fəaliyyətində partiyanın rayon təşkilatlarının da rolu danılmazdır. Respublikanın bütün bölgələrində inşa olunan YAP rayon təşkilatlarının inzibati binaları müasirliyi ilə seçilməklə yanaşı, həm də inşa olunduğu şəhərin gözəlliyini artırır. Bu binalarda ən yüksək səviyyədə işləmək üçün hər cür şərait yaradılır.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yeni inzibati binası da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bina orijinal layihə, maraqlı memarlıq quruluşu ilə Ağdaş şəhərinin gözəlliyini daha da artırır.

Azərbaycan Prezidentinə məlumat verildi ki, ikimərtəbəli, 17 otaqlı binanın inşasına 2012-ci ilin avqust ayında başlanılmışdır. İşlərin yüksək keyfiyyətlə və qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Bina müasir inventar və avadanlıqla təchiz edilmişdir.

Binanın foyesində ulu öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşələr vardır. Müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı da yaradılmışdır. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.

Hazırda YAP Ağdaş rayon təşkilatının 16 min nəfər üzvü vardır. Onların 51 faizini qadınlar, 43 faizini gənclər təşkil edir.


Böyük ölçüdə