Gerb

01 may 2014, 15:50
W1siziisijiwmtuvmdyvmtuvog9ta3nvnzi4ef8zmdi0ni5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=75d7c61300001a5a

Prezident İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak etmişdir.

Son illərdə ölkənin nəqliyyat sisteminin, o cümlədən dəmir yolunun təkmilləşdirilməsi, sərnişin daşımalarının beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Bu siyasətin tərkib hissəsi olaraq nəinki paytaxt Bakıda, eyni zamanda, regionlarda müasir standartlara cavab verən dəmir yolu vağzallarının tikintisinə və əsaslı təmirinə başlanılmışdır.

Yeni inşa olunan vağzallardan biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin Ləki stansiyasındakı binadır. Ləki dəmir yolu vağzalının binası müasir memarlıq üslubunda inşa olunmuşdur. Ərazidə yaşıllıq zolağı salınmışdır. Yeni binada sərnişinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Dövlət başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxdı. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edildi.

Prezident İlham Əliyevə məlumat verən nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan Ləki dəmiryol vağzalının əvvəlki binası 1897-ci ildə inşa olunmuşdu. Uzun müddət əsaslı təmir işləri aparılmadığından vağzal binasının sökülərək yenisinin inşası zərurəti yaranmışdı. Yeni vağzal binasının tikintisinə 2013-cü ilin yanvarında başlanılmışdır. “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamenti tərəfindən inşa olunan vağzal binasında müasir standartlara uyğun xidmət göstərilməsi üçün hər cür şərait vardır. Gözləmə salonunda sərnişinlər üçün bütün rahatlıq yaradılmışdır. Burada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin və Prezident İlham Əliyevin Ağdaşa səfərlərini əks etdirən fotoguşə quraşdırılmışdır.

Stansiyada ana və uşaq otağı fəaliyyət göstərəcəkdir. Dispetçer otağında da yüksək səviyyədə xidmət üçün müvafiq şərait yaradılmışdır.

Dəmir yolunun Ləki stansiyasının vağzal binası sərnişinlərə xidmətin səviyyəsinin ən müasir standartlara uyğun həyata keçirilməsinin daha bir konkret nümunəsidir. Binanın mühəndis-kommunikasiya sistemləri də müasir standartlara cavab verir. Burada sərnişinlər informasiya monitorundan yararlana biləcəklər.

Bildirilmişdir ki, stansiyada yeni platforma tikilmişdir. Ləki stansiyası xarakterinə görə yük stansiyasıdır. Burada qatarların qəbul edilib yola salınması üçün dörd yol, yükləmə-boşaltma əməliyyatları üçün altı yol, dartı yarımstansiyasının yolu, qoruyucu dalan, dartı yolu və eyni zamanda, stansiyaya birləşən təşkilatlara məxsus 2 dalan yolu vardır. İl ərzində Ləki dəmir yolu stansiyasında orta hesabla 150 vaqon - 19 min 600 ton yükləmə, 2500 vaqon - 150 min ton boşaltma işləri həyata keçirilir. Stansiyanın vağzal binasında isə 7 mindən çox sərnişinə xidmət göstərilir. Stansiyadan orta hesabla gün ərzində 40 qatar yola salınır.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, stansiyanın yeni vağzal binası dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafına mühüm töhfədir və əhalinin paytaxt Bakı və digər regionlarla rahat əlaqəsinin təmin olunması baxımından vacib əhəmiyyət kəsb edir.


Böyük ölçüdə