Gerb

01 may 2014, 17:15
W1siziisijiwmtuvmdyvmtuvndaxmm9nmwh1cv8zmdi5mc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=218a219b09652f74

Prezident İlham Əliyev 220 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasının açılışında iştirak etmişdir.

Azərbaycanın müstəqil elektrik enerjisi sisteminə malik olması vaxtilə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir. Bu gün Prezident İlham Əliyevin enerji müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkə əhalisinin və iqtisadiyyatının elektrik enerjisinə olan tələbatının tamamilə ödənilməsi, respublikada elektrik enerjisinin ixrac potensialının yaradılması sahəsində energetiklər qarşısında qoyduğu tapşırıqların icrası uğurla davam etdirilir.

Bütün bunların nəticəsidir ki, 10 il əvvəl ölkədə mövcud olan enerji problemləri respublikanın müxtəlif bölgələrində yeni elektrik stansiyalarının və yarımstansiyaların inşası nəticəsində tamamilə aradan qaldırılmışdır. Dövlətimizin başçısının sərəncam və tapşırıqları əsasında, həmçinin birinci və ikinci Dövlət proqramları çərçivəsində son on ildə Azərbaycanda 17 yeni elektrik stansiyası istismara verilmiş, 10 min kilometrdən çox elektrik xətləri və 1500-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. 2006-cı ildən başlayaraq, hər il iki yeni elektrik stansiyası istifadəyə verilmişdir. Bu, Azərbaycanın elektrik energetikası tarixində rekord göstəricidir. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilmişdir. Regionlarda bir-birinin ardınca istifadəyə verilən yarımstansiyalar əhalinin elektrik enerjisi ilə davamlı təminatında həlledici rol oynayır. Bu mənada tikintisi yenicə başa çatmış 220 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyası da bölgə üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, “Ağdaş” yarımstansiyasının inşası, onun 110 kilovoltluq şəbəkəyə birləşdirilməsi, 220 kilovoltluq ikidövrəli “Abşeron yarımstansiyası - Mingəçevir Su Elektrik Stansiyası” hava xəttinin tikintisi” layihəsi Prezidentin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ən mühüm layihələrdən biridir. Bu layihəyə əsasən 1949-cu ildə istifadəyə verilmiş, fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar resurslarını tamamilə başa vurmuş 220 kilovoltluq 1-ci və 2-ci Mingəçevir hava xətləri yeni xətlərlə əvəz olunmuş və yeni 220 kilovoltluq “Ağdaş” yarımstansiyası inşa edilmişdir. Xəttin inşasında istifadə edilən xüsusi gücləndirilmiş, qalvanizə edilmiş dayaqlar, elektrik naqilləri, yarımstansiyanın metal konstruksiyaları və digər köməkçi avadanlıqlar Sumqayıt Texnologiyalar Parkında istehsal olunmuşdur. Yarımstansiyada ən müasir elektrik avadanlığı quraşdırılmışdır. Bu, respublikada sayca 13-cü 220 kilovoltluq yarımstansiyadır. Yarımstansiyanın şəbəkəyə birləşdirilməsi üçün 60 kilometrdən artıq 110 kilovoltluq hava xətti çəkilmişdir. Bu da ətraf rayonları elektrik enerjisi ilə etibarlı təmin etmək imkanlarını artıracaqdır.

İnzibati bina ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, yarımstansiya iki avtotransformatordan, 2 açıq paylayıcı quruluşdan, idarəetmə mərkəzindən, xüsusi sərfiyyat üçün 2 transformatordan, ehtiyat xüsusi sərfiyyat mənbəyi olan dizel-generatorundan, qəza yağ qəbuledici tutumundan, yanğından mühafizə sistemindən və digər komponentlərdən ibarətdir.

Bildirildi ki, tikinti zamanı yarımstansiya və xətlərdə 250-dən artıq işçi çalışmışdır. İstismara verildikdən sonra yarımstansiyada 25-ə yaxın işçi daimi işlə təmin olunacaqdır. Bütövlükdə bu layihənin icrasının başa çatması nəticəsində 500 kilovoltluq “Abşeron” yarımstansiyası ilə Mingəçevir Su Elektrik Stansiyası arasında əlaqələr güclənəcək, texniki itkilər xeyli azalacaq və ümumilikdə, aran bölgəsinin, o cümlədən Ağdaş, Göyçay, Ucar və Qəbələ rayonlarının keyfiyyətli elektrik enerjisi ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqdır.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.


Böyük ölçüdə