İlham Əliyev Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirak etmişdir

21 may 2014, 11:09
İlham Əliyev Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında iştirak etmişdir

Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısı keçirilmişdir.

Prezident İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir.

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını qarşıladı.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Sonra Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısının birinci iclası keçirildi.

İclası açıq elan edən Çin Xalq Respublikasının sədri Si Cinpin nümayəndə heyətlərinin başçılarını salamladı. O, dünyada təhlükəsizliyin təmin olunmasının önəminə diqqət çəkərək bunun dialoq və çoxtərəfli əməkdaşlıq sayəsində mümkün olduğunu vurğuladı. Bildirdi ki, regional və beynəlxalq səviyyədə əməkdaşlıq Müşavirə iştirakçısı olan ölkələrin yürütdüyü siyasətin əsas tərkib hissəsi olmalıdır. Si Cinpin Müşavirənin bundan əvvəl Türkiyənin sədrliyi ilə uğurlu yol keçdiyini, bir çox vacib qərarların qəbul edildiyini bildirdi, Qətərin və Banqladeşin Müşavirəyə bərabərhüquqlu üzv qəbul olunduğunu diqqətə çatdırdı. O, Zirvə Toplantısının əsas müzakirə mövzularının regionda və dünyada beynəlxalq təhlükəsizlik məsələlərinə həsr edildiyini vurğuladı.

Bundan əvvəl quruma sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirdi ki, bu Müşavirə dörd milyard insanın yaşadığı regionda təhlükəsizlik məsələlərinin həll olunmasına böyük dəstək verir. Müşavirənin təhlükəsizlik baxımından yeni konsepsiyanın qəbul olunmasına geniş imkanlar açdığını deyən Ə.Davudoğlu qurumun digər beynəlxalq təşkilatlarla əlaqələrinə də toxundu. Türkiyə xarici siyasət idarəsinin rəhbəri 2016-cı ilə qədər Müşavirəyə sədrliyi Çinin həyata keçirəcəyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin!

Hörmətli nümayəndə heyətlərinin rəhbərləri!

Xanımlar və cənablar!

İlk növbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə uğurla sədrlik etdiyinə görə Türkiyəyə təşəkkür edirəm. Eyni zamanda, səmimi qonaqpərvərliyə və Zirvə Toplantısının yüksək səviyyədə təşkilinə görə Çin Xalq Respublikasının Sədrinə minnətdarlığımı bildirirəm. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə öz fəaliyyəti ilə sülhün, sabitliyin və əməkdaşlığın təşviq olunmasında artıq nüfuzlu beynəlxalq foruma çevrilmişdir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin Çin tərəfinə keçməsi münasibətilə Çin Xalq Respublikasını səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, iki il ərzində Çinin sədrliyi Asiyada sülh və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

Bu gün Azərbaycan-Çin əlaqələrinin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı məmnunluq doğurur. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirik. Son iki il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında birgə fəaliyyət göstərmişik.

Fürsətdən istifadə edərək, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləyən bütün dövlətlərə təşəkkür etmək istərdim. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan quruma sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri müzakirəyə çıxarmış, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürmüşdür.

Asiyada təhlükəsizlik tədbirləri qlobal təhlükəsizliyin bir hissəsidir. Biz təhlükəsizlik tədbirlərinə kompleks yanaşmanın tərəfdarıyıq. Terrorizmə qarşı mübarizə, regional, enerji, nəqliyyat və informasiya təhlükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin həlli kimi məsələlər bir-biri ilə sıx bağlıdır və bəşəriyyətin təhlükəsizliyi üçün vahid mövqenin ortaya qoyulmasını zəruri edir.

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstəkləyir. Azərbaycan özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik illərində erməni terror təşkilatları Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq terror aktı törədiblər ki, bunun da nəticəsində 2000-dən çox insan həlak olub.

Bu terror aktları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 1992-ci ilin fevral ayında erməni silahlı qüvvələri Xocalıda dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Bu soyqırımı nəticəsində 613 günahsız insan qətlə yetirilmişdir. Bu gün dünyada 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanımışdır.
Beynəlxalq birlik və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Mən, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan dövlətlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərinə görə təşəkkür edirəm.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Münaqişə şəraitində olmasına baxmayaraq, Azərbaycan son illərdə sürətli inkişaf dövrünü yaşayır. İqtisadiyyatımız 3 dəfədən çox artmış, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür. Bu inkişaf Azərbaycanda sabitliyin təmin olunması nəticəsində əldə edilmişdir. Eyni zamanda, bu nailiyyətlər sabitliyi daha da möhkəmləndirir.

Azərbaycanın bu gün iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradıb. Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm. Bu layihələr həm Cənubi Qafqazın, həm də daha geniş regionun enerji xəritəsini tam dəyişərək, bütün iştirakçılara fayda gətirən çox mühüm əməkdaşlıq nümunəsinə çevrilmişdir.

Ölkəmizin neft ixracının təxminən 28 faizi Asiyadakı tərəfdaşlarının payına düşür. Bununla Azərbaycan Asiya ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Düşünürəm ki, bu əməkdaşlığın daha böyük perspektivləri vardır.

Azərbaycan artıq Asiya ilə Avropanı birləşdirən tranzit ölkəyə çevrilərək, iki qitənin nəqliyyat təhlükəsizliyində vacib rol oynamağa başlayır. Son illər ərzində Azərbaycan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə böyük sərmayələr yatırmışdır. 2003-2014-cü illər ərzində ölkənin nəqliyyat sahəsinə 21 milyard ABŞ dollarına yaxın investisiya, o cümlədən avtonəqliyyat sektoruna 13,6 milyard, dənizçilik sektoruna 1,3 milyard, hava nəqliyyatına isə 2,7 milyard ABŞ dolları vəsait qoyulmuşdur.

Azərbaycan Xəzər dənizində ən böyük limanı inşa edir. Bakı yaxınlığında tikilən Ələt Beynəlxalq Dəniz Ticarət Limanı yük daşımalarının birinci mərhələdə 10 milyon tona, ikinci mərhələdə isə 20 milyon tonadək artırılmasına imkan verəcəkdir. Bu ilin aprel ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı da açılmışdır.

Biz, həmçinin tarixi İpək Yolunun bərpasına töhfə veririk. Maliyyə yükünün böyük hissəsini Azərbaycanın öz üzərinə götürdüyü Bakı-Tbilisi-Qars dəmir yolu gələn ilin əvvəlində istismara veriləcəkdir. Bu, Asiya ilə Avropanı birləşdirən ən rahat və qısa yol olacaqdır.

Azərbaycanın orbitə çıxardığı telekommunikasiya peyki, təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi, Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən tranzit optik xətlər ölkəmizin informasiya təhlükəsizliyinə verdiyi töhfədir.

Sonda mən bir daha ev sahibi cənab Si Cinpinə səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirir və Zirvə Toplantısının işinə uğurlar arzulayıram.

Diqqətinizə görə minnətdaram.

X X X

Şanxay Zirvə Toplantısında Bəyannamə qəbul edildi.

Bəyannamədə Azərbaycan üçün önəmli olan müddəalar əksini tapmışdır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10