Gerb

24 may 2010, 17:42

Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısının təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 494; 2009-cu il, № 2, maddə 66, № 6, maddə 421; 2010-cu il, № 2, maddə 80, № 3, maddə 188) ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın mətni aşağıdakı yeni redaksiyada verilsin:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq:

1. 1-7-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri və administrasiya (aparat) rəhbərlərinin müavinləri, işlər müdirləri və işlər müdirlərinin müavinləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinləri;

2. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən dövlət müşaviri, müşavir, köməkçi, Təhlükəsizlik Şurasının katibi, mətbuat katibi, Protokol xidmətinin rəisi və rəis müavini, tibbi təminatını həyata keçirən dövlət orqanının rəisi və rəis müavini;

3. kollegial orqanların fəaliyyətini təmin edən dövlət orqanlarının rəhbərləri (katib və s.) və rəhbər müavinləri;

4. 6-cı və 7-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbər müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti orqanlarının ərazi vahidləri üzrə nümayəndələri və nümayəndələrinin müavinləri, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanların rəhbərləri və rəhbər müavinləri;

5. 1-7-ci kateqoriya dövlət orqanlarına aid qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının bilavasitə sədr (rəhbər) köməkçiləri, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Baş nazirinin köməkçisi və müşaviri, İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, Azərbaycan Respublikasının Hesablama Palatası sədrinin köməkçisi.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il.