XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının iştirakçılarına

03 iyun 2014, 10:30

Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram.

Artıq geniş miqyasda nüfuz qazanan ənənəvi tədbiriniz təşkil olunduğu ilk vaxtlardan etibarən Azərbaycanın neft-qaz sənayesinin başlıca istiqamətlərinin və strateji prinsiplərinin çatdırılması üçün gözəl şərait yaratmışdır. Builki sərgi və konfransın əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən hazırlanıb müvəffəqiyyətlə həyata keçirilən yeni neft strategiyasının təməl daşı “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə təsadüf etməsi əlamətdar hadisə kimi onun əhəmiyyətini daha da artırır.

Dünyanın ən iri şirkətləri ilə 1994-cü ildə imzalanmış sazişlərlə başlayan inkişaf yolu bu gün Azərbaycanı Avrasiyanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına çevirmişdir. Ötən müddət ərzində ölkəmiz neft siyasətində davamlı və yüksələn xətt üzrə inkişaf nümayiş etdirərək, qlobal transmilli layihələrin istər təşəbbüskarı, istərsə də icraçısı rolunu layiqincə gerçəkləşdirmişdir. “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri respublikamızın mövqeyini və qlobal tərəfdaşlığını möhkəmləndirən uğurlu addımlardır.

Azərbaycan son illər müxtəlif ölkələrdə neft-qaz sənayesinə irihəcmli investisiyalar yatıraraq dünya enerji bazarındakı nüfuzunu gücləndirməkdədir. Bakıda yeni neft-qaz və neftayırma kompleksinin yaradılması layihəsi də region üçün böyük məna kəsb edir.

Bu ilin ölkəmizdə “Sənaye İli” elan edilməsi ənənəvi neft sənayesi ilə yanaşı, sənayenin qeyri-neft sahələrinin də inkişafına yeni təkan verəcəkdir. İndi Azərbaycanda neft gəlirləri ilə qeyri-neft sektorunun canlandırılması siyasəti ardıcıl icra olunmaqdadır.

İnanıram ki, sərgi və konfransınız həm qlobal, həm regional səviyyələrdə əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə zəmin yaradacaq, dünyada neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu bir daha sübuta yetirəcəkdir. Hamınıza gələcək fəaliyyətinizdə nailiyyətlər, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2014-cü il.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06