Gerb

14 iyun 2014, 11:30

Hörmətli cənab Prezident!

Uzun illərdən bəri kənd sakinlərini narahat edən əsas problemlərdən biri öz həllini tapmaqdadır. Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında 2014-cü il 11 iyun tarixli Sərəncamınız bizi hədsiz dərəcədə sevindirdi. Biz kənd ağsaqqalları Sizin bu addımınızı minlərlə insanın yol probleminin həllinə hesablanmış mühüm addım hesab edirik. Bu yolun çəkilməsi nəinki bizim digər kəndlərə gediş-gəlişimizi asanlaşdıracaq, həmçinin kənd sakinlərinin sosial rifahına da öz müsbət təsirini göstərəcəkdir.

Möhtərəm cənab Prezident, respublikamızda avtomobil yolları şəbəkəsinin yenilənməsi və genişləndirilməsi istiqamətində görülən işlərə nəzər salarkən ümummilli liderimiz Heydər Əliyevin vaxtilə söylədiyi müdrik kəlam yada düşür: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Bu həyatı bizə bəxş etdiyiniz üçün Sizə Gəncəli kəndinin ağsaqqalları adından “Çox sağ olun” deyirik.

Hörmətlə, 

Dəmirov Mürşüd Hacıqulu oğlu, kənd ağsaqqalı,
Dəmirov Sadiq Mürşüd oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Gəncəli kəndi.