20 iyun 2014, 12:30

Fuad Əliyev və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Biz, Gəncə şəhər ziyalıları Sizə - ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarını yeni dünya nizamına uyğun tərzdə ləyaqətlə həyata keçirən uzaqgörən, müdrik rəhbərə Nizami yurdunun ictimaiyyəti adından dərin minnətdarlıq və böyük qürur hissi ilə müraciət edirik.

Biz fəxr edirik ki, Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan müstəqil siyasət aparır, beynəlxalq miqyasda böyük hörmət və nüfuza malik güclü, qüdrətli dövlət kimi tanınır. Multikulturalizm ənənələrinə sadiq olan ölkəmiz milli həmrəylik, tolerantlıq modeli kimi dünya dövlətləri üçün nümunə göstərilir.

Möhtərəm Prezident! Doğma Gəncəmizin bugünkü siması ölkəmizin dinamik inkişafının bariz nümunəsidir. Görkəmli şəxsiyyətlərin vətəni, qədim mədəniyyət, elm mərkəzi, 4000 illik tarixə malik qədim Gəncə son illər ərzində həqiqətən öz adına layiq tərzdə yenidən qurulur, tarixinin ən şərəfli dövrünü yaşayır. Tarixiliyi, milliliyi, müasirliyi özündə ehtiva edən əsaslı təmir-tikinti, abadlıq işləri, sosial infrastrukturun inkişafı, milli-mənəvi, ümumbəşəri dəyərlərin geniş təbliği, elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində işlərin müasir dövrün tələbləri səviyyəsində təşkilinə göstərilən diqqət və qayğı insanların mənəvi-psixoloji ovqatını, milli ruhunu yüksəldir, ictimai-siyasi fəallığını artırır. Gəncədə şəhər fəalları sırasında gənclərin, qadınların fəaliyyəti genişlənir, onların potensialının aşkara çıxarılması üçün şərait yaradılır, ictimai sabitlik hökm sürür.

Möhtərəm cənab Prezident! İntibah və tərəqqi dövrünü yaşayan Gəncəmiz 2014-cü il iyunun 10-da təbii fəlakətlə üzləşmişdir.

Baş vermiş güclü qasırğa və leysan yağışının törətdiyi fəsadların qısa zaman kəsiyində aradan qaldırılması istiqamətində verdiyiniz tapşırıqlar şəhər sakinlərinin ürəyinə hərarət, qoluna qüvvət verdi. Şəhər ictimaiyyəti görülən məqsədyönlü, ardıcıl tədbirləri Heydər Əliyev ideyalarına sədaqətin, xalqa fədakarlıqla xidmətin örnəyi kimi qiymətləndirir.

Çox hörmətli Prezident! Sizə dərin minnətdarlığımızı və sonsuz məhəbbətimizi bildiririk. Sizin böyük diqqət və qayğınızı bundan sonra da əməli işimizlə doğruldacağımıza söz veririk. Sizə möhkəm cansağlığı, respublikamızın gələcək inkişafı və qüdrətlənməsi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Gəncə şəhər ziyalıları adından dərin hörmətlə,

Əliyev Fuad Yusif oğlu
Məmmədova Siddiqə Rza qızı
Cəfərov İbrahim Həsən oğlu
Pişnamazzadə Samir Polad oğlu və başqaları (cəmi: 50 nəfər)

Azərbaycan Respublikası, Gəncə şəhəri.