23 iyun 2014, 19:30

Ülfət Əliyevdən, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin diqqət və qayğınız sayəsində respublikamızın bütün bölgələri kimi, Naftalan şəhəri də son illərdə sürətli inkişaf yolu keçmiş, inanılmaz dərəcədə gözəlləşmiş, müasirləşmişdir. Sizin 2008-ci ilin mart ayında şəhərimizə səfəriniz zamanı “Naftalanı dünya şöhrətli kurort şəhərinə çevirək” sözləriniz bu gün artıq gerçəkləşməkdədir. Naftalan unikal müalicəvi əhəmiyyətə malik olan kurort mərkəzi kimi yüksəliş dövrünü yaşayır, infrastruktur yenidən qurulur. Sizin müvafiq göstərişlərinizə əsasən şəhərdə bütün kommunal xətlər yenidən qurulur, çoxmərtəbəli yaşayış binalarında əsaslı təmir işləri aparılır. Yeni turizm obyektlərinin istifadəyə verilməsi yerli sakinlərin işlə təmin olunmasına şərait yaradır.

Hörmətli cənab Prezident! Sizin Naftalana göstərdiyiniz diqqət və qayğı sayəsində şəhərimizə gələn turistlərin sayı ötən illərlə müqayisədə xeyli artmışdır. Biz əminik ki, Sizin sayənizdə Naftalan dünyanın ən qabaqcıl kurort şəhərlərindən birinə çevriləcəkdir. Şəhərimizin sakinləri adından Naftalanın inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əliyev Ülfət Fazil oğlu.
Azərbaycan Respublikası, Naftalan şəhəri.