02 iyul 2014, 17:20

Akif Süleymanovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

İyun ayının 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasındakı qətiyyətli çıxışınız beynəlxalq aləmdə olduğu kimi, Azərbaycanda da diqqətlə izlənilmişdir. Sizin bu çıxışınız ölkə ictimaiyyəti, siyasi şərhçilər, kütləvi informasiya vasitələri və sıravi vətəndaşlar arasında əks-səda doğurmaqla bərabər, hər kəs tərəfindən yüksək qiymətləndirilmişdir. Bu möhtəşəm nitqiniz müstəqil Azərbaycan dövlətinin diplomatiya tarixinin şərəfli səhifələrindən birini təşkil edir. Ən böyük beynəlxalq siyasi təsisatlardan olan Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında yüksək tribunadan tutarlı faktlara əsaslanan, məntiqli mühakimələrlə zəngin nitqinizlə Siz müasir dövrün mahir siyasətçilərindən və dövlət xadimlərindən biri olduğunuzu təsdiq etdiniz. Həmin gün Avropa qədim və bəşəri sivilizasiyanın bir hissəsi olan Azərbaycan haqqında tam və dolğun məlumat almaqla bu ölkəni yenidən kəşf etdi.

Bu gün dünyada baş verən mürəkkəb siyasi proseslər, onların Qafqaz regionuna və Azərbaycana ola biləcək mümkün mənfi təsirlərini uzaqgörənliklə aradan qaldırmağınız Azərbaycan Respublikasını dünyanın ən sabit və sürətlə inkişaf edən ölkələrdən birinə çevirmişdir. Bu amil Azərbaycanın balanslaşdırılmış siyasi kursunun uğurla reallaşmasında, ölkəmizin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən bir sıra nəhəng transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayır. Məhz Sizin uğurlu diplomatik fəaliyyətiniz nəticəsində bu gün dünyada Azərbaycanın müasir siması formalaşmaqdadır. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasındakı çıxışınızla Avropaya bir daha bəyan etdiniz ki, həyata keçirdiyi qətiyyətli siyasi və iqtisadi islahatlar ilə sürətlə güclənən və milli maraqlarını qoruyan müstəqil Azərbaycan dövləti vardır.

Siz tutarlı dəlillərlə sübut etdiyiniz ki, ölkəmizin yolu demokratiya yoludur. Azərbaycan bəşəri və demokratik dəyərlərə sadiqdir. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşır, onu əsas hesab edir. Azərbaycanda bütün fundamental hüquq və azadlıqlar qorunur. Ölkəmizdə bütün dünyaya nümunə ola biləcək dini tolerantlıq, etiqad azadlığı mövcuddur. Söz, fikir, mətbuat və sərbəst toplaşmaq kimi azadlıqlar Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas maddələrdəndir. Bu gün Azərbaycan dünyada sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə, multikulturalizm dəyərlərinin qorunub saxlanmasına töhfə verən əsas və vacib ölkələrdən biridir. Sizin Azərbaycanın siyasi kursunun əsasını təşkil edən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı söylədiyiniz fikirlər ikili standartlarla fəaliyyət göstərən bir sıra dövlətlər və beynəlxalq qurumlar üçün tutarlı cavab idi. Əslində bu çıxışınızla Siz sübut etdiniz ki, Azərbaycanın artan iqtisadi-siyasi, hərbi qüdrəti qarşısında Ermənistan yürütdüyü işğalçılıq siyasəti ilə həm özünü, həm də erməni xalqını iqtisadi fəlakətə, tənəzzülə sürükləyir. Ermənistan yürütdüyü işğalçılıq siyasəti, münaqişənin həlli ilə bağlı tutduğu destruktiv mövqe, mövcud status-kvonun uzadılması və digər təxribatyönümlü əməlləri ilə məhvə məhkumdur. Azərbaycan isə heç vaxt, heç bir halda ərazilərinin işğalı ilə barışmayacaq və hansı yolla olursa olsun öz ərazi bütövlüyünü təmin edəcəkdir. 

Möhtərəm cənab Prezident! Hər bir azərbaycanlıya milli qürur və iftixar hissi bəxş edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran geniş məzmunlu nitqinizə görə Sizə dərin təşəkkürümüzü və sonsuz minnətdarlığımızı bildiririk.

Gəncə şəhəri Azərbaycan Texnologiya Universitetinin çoxsaylı kollektivi adından dərin hörmətlə,

Süleymanov Akif, rektor.
Azərbaycan Respublikası, Gəncə şəhəri.