Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında Azərbaycan Respublikasının Qanunu

14 iyul 2014, 21:50

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiyasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:
1.0.1. uyğunluğun qiymətləndirilməsi – malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsi;
1.0.2. uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra - akkreditasiya)– qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsi;
1.0.3. uyğunluğu qiymətləndirən qurum – malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;
1.0.4. akkreditasiya tələbləri - akkreditasiyanın yerinə yetirilməsi üçün texniki normativ hüquqi aktlarda müəyyən olunmuş tələblər;
1.0.5. akkreditasiya orqanı – akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
1.0.6. akkreditasiya attestatı - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəd;
1.0.7. akkreditasiya nişanı - uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişan;
1.0.8. sınaq – malın (xidmətin, işin), prosesin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş göstəricilərə uyğunluğunun təyin edilməsi üzrə texniki əməliyyat;
1.0.9. sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqi;
1.0.10. inspeksiya orqanı – malın (xidmətin, işin), prosesin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu rəy verməklə müəyyən edən qurum;
1.0.11. idarəetmə sistemi - konkret məqsədə çatmaq üçün istifadə olunan prosedur və proseslərin məcmusu. Bu Qanuna görə idarəetmə sistemi keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və sağlamlığın, qida və informasiya təhlükəsizliyinin və sosial məsuliyyətin idarəetmə sistemlərini əhatə edir;
1.0.12. etalon material istehsalçısı - istehsal və ya təchiz etdiyi etalon materialların xassələrinin təyin edilməsinə görə cavabdeh olan subyekt;
1.0.13. uyğunluğu qiymətləndirən qurumların reyestri - akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlara dair məlumat toplusu.

Maddə 2. Qanunun tətbiq dairəsi

2.1. Bu Qanun uyğunluğu qiymətləndirən aşağıdakı qurumlara şamil olunur:
2.1.1. sınaq laboratoriyaları;
2.1.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar;
2.1.3. idarəetmə sistemlərinin sertifkatlaşdırılmasını aparan qurumlar;
2.1.4. işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar;
2.1.5. inspeksiya orqanları;
2.1.6. etalon material istehsalçıları;
2.1.7. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumlar.
2.2. Texniki reqlamentdə və digər normativ hüquqi aktda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın (xidmətin, işin), prosesin və işçi heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumların akkreditasiyası məcburidir.

Maddə 3. Akkreditasiya haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi

Akkreditasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və Azərbaycan Respublikasının akkreditasiya sahəsini tənzimləyən digər normativ hüquqi aktlarından ibarətdir.

Maddə 4. Akkreditasiyanın prinsipləri

4.0. Akkreditasiya aşağıdakı prinsiplərə əsaslanır:
4.0.1. qanunçuluq;
4.0.2. qərəzsizlik;
4.0.3. şəffaflıq və ictimaiyyətə açıqlıq;
4.0.4. fəaliyyətdə müstəqillik;
4.0.5. kommersiya sirrinin qorunması;
4.0.6. peşəkarlıq;
4.0.7. ictimai marağın təmsil olunması;
4.0.8. marağı olan tərəflərin təmsilçiliyi;
4.0.9. beynəlxalq akkreditasiya qaydalarına uyğunluq;
4.0.10. eyni zamanda akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrində fəaliyyətin yolverilməzliyi.

Maddə 5. Akkreditasiyanın aparılması

5.1. Akkreditasiya, bu Qanunun tələbləri nəzərə alınmaqla, akkreditasiya qaydaları əsasında aparılır.
5.2. Akkreditasiya aşağıdakı mərhələləri əhatə edir:
5.2.1. uyğunluğu qiymətləndirən qurumun müraciəti;
5.2.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi;
5.2.3. akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi.
5.3. Uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın aparılması üçün akkreditasiya orqanına kağız üzərində yazılı və ya elektron formada müraciət edir. Müraciətə bu Qanunun 5.4-cü maddəsinə uyğun akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər əlavə edilir.
5.4. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və akkreditasiya orqanının internet informasiya ehtiyatlarında yerləşdirilir.
5.5. Akkreditasiya barədə müraciət akkreditasiya orqanına təqdim edildiyi gün qeydiyyata alınır.
5.6. Akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə müraciətini 10 iş günündən çox olmayan müddətdə araşdırır. Bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq, akkreditasiya qaydalarında nəzərdə tutulmuş sənədlər və ya məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunmadıqda, akkreditasiya orqanı həmin sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edir.
5.7. Bu Qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş halda əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 iş günündən çox olmamalıdır.
5.8. Əlavə sənədlərin və məlumatların təqdim olunması üçün müddət təyin edilən gündən müraciətə baxılma müddətinin axımı dayandırılır. Əlavə sənədlər və ya məlumatlar akkreditasiya orqanına təqdim edilən andan müddətin axımı bərpa olunur.
5.9. Qiymətləndirmə mərhələsində, ilk növbədə, akkreditasiya üçün təqdim edilmiş sənədlər əsasında, bu Qanun 5.4-cü maddəsində nəzərdə tutulmuş akkreditasiya qaydalarına əsasən akkreditasiya tələblərinə uyğunluq qiymətləndirilir. Qiymətləndirmənin növbəti mərhələsində sahəyə xas texniki meyarlara uyğunluğun qiymətləndirilməsi aparılır.
5.10. Çatışmazlıqlar və onların aradan qaldırılmasına dair düzəliş tədbirləri daxil olmaqla, qiymətləndirmənin nəticəsinə dair hesabat tərtib edildiyi gündən 5 iş günü müddətində ərizəçiyə təqdim edilir. Qiymətləndirmə hesabatında düzəliş tədbirləri üçün müddət aşkarlanan çatışmazlığın mahiyyətindən asılı olaraq təyin edilir.
5.11. Bu Qanunun 5.10-cu maddəsinə uyğun olaraq düzəliş tədbirləri üçün müddət təyin edilən gündən müraciətə baxılma müddətinin axımı dayandırılır. Düzəliş tədbirləri təmin olunan andan müddətin axımı bərpa edilir.
5.12. Bu Qanunun 5.8-ci və 5.11-ci maddələrində nəzərdə tutulmuş hallarda, akkreditasiya orqanı müddətin axımının dayandırılması və bərpası barədə qərar qəbul edir.
5.13. Düzəliş tədbirlərinin təmin edilməməsi uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərarın qəbulu üçün əsasdır.
5.14. Bu Qanunda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir.
5.15. Akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, akkreditasiyanın ümumi müddəti, bu Qanunun 5.7-ci və 5.10-cu maddələrinə uyğun olaraq təyin edilən müddət nəzərə alınmadan, 60 iş günündən çox ola bilməz.

Maddə 6. Akkreditasiya attestatı və akkreditasiya nişanı

6.1. Akkreditasiya barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir.
6.2. Akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır.
6.3. Akkreditasiya attestatının nümunəsi və akkreditasiya nişanının forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6.4. Akkreditasiya attestatı akkreditasiya orqanı tərəfindən, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinə daxil edilir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 7. Şikayət hüququ

7.1. Bu Qanunda nəzərdə tutulmuş akkreditasiya qaydalarının pozulmasından, o cümlədən akkreditasiyadan imtina barədə qərardan və ya uyğunluğu qiymətləndirən qurumunun uyğunluğun qiymətləndirilməsi sahəsində faktiki xarakterli hərəkətindən (hərəkətsizliyindən) şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilir.
7.2. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati şikayət akkreditasiya orqanının bu Qanunun 4-cü maddəsinin tələbləri əsasında yaratdığı apellyasiya şurasına kağız üzərində yazılı və ya elektron formada verilir. Apellyasiya şurasının əsasnaməsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
7.3. Apellyasiya şurası şikayətə 15 iş günü müddətində baxır və akkreditasiya attestatının olduğu kimi saxlanılması, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi barədə rəy verir.
Akkreditasiya orqanı apellyasiya şurasının rəyi əsasında qərar qəbul edir.
7.4. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati şikayətin verilməsi və həmin şikayətə baxılması qaydası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
7.5. Akkreditasiya sahəsində inzibati mübahisələrin məhkəmə qaydasında həlli Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimlənir.


Maddə 8. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumun fəaliyyətinə dair ümumi tələblər

8.1. Uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu Qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir.
8.2. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir.
8.3. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində bu Qanunun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmalıdır.

Maddə 9. Xarici ölkələrin uyğunluğu qiymətləndirən qurumlarının Azərbaycan Respublikasında akkreditasiyası. Azərbaycan Respublikasının ərazisindən kənarda akkreditasiya

9.1. Xarici ölkələrin uyğunluğu qiymətləndirən qurumları Azərbaycan Respublikasının ərazisində uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, bu Qanuna uyğun olaraq akkreditasiya olunurlar.
9.2. Akkreditasiyanın nəticələrinin qarşılıqlı tanınması haqqında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkənin uyğunluğu qiymətləndirən qurumu Azərbaycan Respublikasının ərazisində uyğunluğun qiymətləndirilməsi fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada akkreditasiya orqanı ilə razılaşdırır. Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumu bu Qanuna uyğun olaraq akkreditasiya edildiyi halda fəaliyyəti akkreditasiya orqanı ilə razılaşdırılmış hesab edilir.
9.3. Azərbaycan Respublikasında təsis edilmiş uyğunluğu qiymətləndirən qurum beynəlxalq səviyyədə tanındığı halda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmayıbsa, bu Qanuna uyğun olaraq Azərbaycan Respublikasında akkreditasiya olunmalıdır.
9.4. Xarici ölkənin uyğunluğu qiymətləndirən qurumu bu Qanuna uyğun olaraq akkreditasiyadan keçdikdə və ya fəaliyyətini razılaşdırdıqda Azərbaycan Respublikasında həyata keçirdiyi fəaliyyətində milli akkreditasiya nişanından istifadə edir. Milli akkreditasiya nişanı ilə yanaşı həmin qurum xarici akkreditasiya nişanından istifadə etməkdə sərbəstdir.


Maddə 10. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumun fəaliyyətinə nəzarət

10.1. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət akkreditasiya orqanı tərəfindən ildə bir dəfə, habelə qurumun fəaliyyəti barədə şikayət daxil olduğu hallarda həyata keçirilir.
10.2. Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir).
10.3. Nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır.



Maddə 11. Akkreditasiya sahəsində beynəlxalq əməkdaşlıq

Akkreditasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

Maddə 12. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Maddə 13. Keçid müddəaları

13.1. Bu Qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minir.
13.2. Bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən quruma verilmiş akkreditasiya attestatı, qüvvədəolma müddəti başa çatanadək, etibarlıdır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2014-cü il.