15 iyul 2014, 14:57

Azər Ağayev və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin əhalinin sosial rifahının yaxşılaşdırılması, rahat, firavan həyatının təmin olunması üçün gördüyünüz tədbirlər göz önündədir.

Bu məqsədlə ölkəmizin hər yerində geniş quruculuq işləri aparılır. Binəqədidə qısa müddət ərzində görülən işlər nəticəsində rayonumuzun siması xeyli dəyişib.

Möhtərəm Prezident! Sizin tapşırıq və göstərişləriniz əsasında Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsi xeyli genişləndirilib. Yol boyu əkilən ağaclara və salınan yaşıllıqlara baxdıqca adamın ürəyi fərəhlə dolur. Artıq Sulutəpə qəsəbəsində Dəyirmana, hərbi hissəyə, Xocasən bələdiyyəsinə gedən yollara, həmçinin 217 saylı məktəbin ətrafına asfalt örtüyü çəkilib. Sakinlərin asudə vaxtlarının səmərəli keçməsi üçün yeni park salınıb. Parkın ərazisində ağaclar əkilib, insanların rahatlığını təmin etmək məqsədilə oturacaqlar qoyulub, uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb. Artıq qəsəbəmizin bir çox küçələri işıqlandırılıb.

Hörmətli cənab Prezident! Bizim yaşadığımız Sulutəpə qəsəbəsinin yuxarı hissəsində kanalizasiya xətti yox idi. Göstərdiyiniz qayğı nəticəsində bu günlərdə həmin əraziyə yeni kanalizasiya xətti çəkildi.

Qəsəbəmizin sakinləri – ağsaqqallar, ziyalılar və gənclər adından bizə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildirir və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Sulutəpə qəsəbəsi sakinləri adından dərin hörmətlə,
Ağayev Azər
Cənnətəliyev Ramiz
Həsənzadə Ceyhun və başqaları (cəmi: 11 nəfər).

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.