Gerb

22 iyul 2014, 15:00
W1siziisijiwmtuvmdyvmtuvotfjmxfsc3oxbl8zmza4os5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=ed0895d8e9a4ead3

Prezident İlham Əliyev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

İqtisadiyyatın güclənməsi nəticəsində əldə edilən gəlirlər hesabına regionların sosial-iqtisadi tərəqqisinə yönəldilən tədbirlərin sayı xeyli artıb. Bu tədbirlər sırasında yeni park, xiyaban və istirahət mərkəzlərinin salınmasına və ya günün tələbləri səviyyəsində yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə yenidən qurulan parklardan biri də Xızıdakı Cəfər Cabbarlı parkıdır. Bu istirahət məkanının yenidən qurulması sosial məna daşımaqla yanaşı, həm də mənəvi əhəmiyyətə malikdir.

Bu park həm də Xızıda doğulmuş Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının xatirəsinə olan ehtiramı nümayiş etdirir.

Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti görkəmli şəxsiyyətlərinin xatirəsinə daim böyük hörmətlə yanaşır, onların fəaliyyətlərini gələcək nəsillərə çatdırmaq və gələcək nəsillərdə dünya səviyyəli azərbaycanlıların xatirəsinə sevgi aşılamaq üçün tarixi işlər görür.

Dövlət başçısı Cəfər Cabbarlının parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə parkda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, ümumi sahəsi 5800 kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb, geniş yaşıllıq zolağı salınıb. Parkda aparılan yenidənqurma işləri zamanı ən xırda detallar da nəzərə alınıb. Bunun nəticəsidir ki, park Xızının ən gözəl və görkəmli yerlərindən birinə çevrilib. Burada yaradılan şərait həm də ümumilikdə rayonda aparılan abadlıq-quruculuq işlərinin həcmini aydın göstərir.

Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri olmuş, görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyan bu parkda yaradılan şərait istər rayon sakinlərinin, istərsə də Xızıya gələn qonaqların istirahətinin mənalı təşkili üçün geniş imkanlar açır.


Böyük ölçüdə