07 avqust 2014, 19:10

Şamxal Adıgözəlovdan, Xankəndi, Azərbaycan

Möhtərəm cənab Prezident!

Cənab Ali Baş Komandanı! 

Ordu quruculuğunu həmişə diqqət mərkəzində saxladığınız üçün bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı çox yüksək səviyyədədir. Cəbhə bölgəsində çalışan jurnalist kimi deyə bilərəm ki, son günlər erməni hərbçilərinin cəbhədə yaratdığı gərginlik zamanı Azərbaycan ordusunun düşmənə necə layiqli cavab verdiyinin bir daha şahidi oldum. Azərbaycan ordusunun üzbəüz mövqelərini şiddətli atəşə tutaraq, təxribat xarakterli hücuma keçən erməni hərbçiləri bütün hallarda layiqli cavabını alaraq geri çəkilmək məcburiyyətində qaldı. Bir sözlə, Sizin rəhbərlik etdiyiniz milli ordunun ön cəbhədə vətənin keşiyində mübariz dayanan əsgəri düşmənin bütün hücumlarının qarşısını cəsarətlə alır. Mən bir daha əmin oldum ki, bu gün Azərbaycan ordusu Cənubi Qafqazda ən güclüdür. Son 10 ildə ordumuzun büdcəsi xeyli artıb. Hazırda Azərbaycanın hərbi-müdafiə sahəsinə ayrılan vəsaiti işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan ordusunun bu gün ən müasir texnika, silahlarla təmin olunması xalqımızı çox sevindirir. Mən xeyli hərbi hissələrdə olmuşam, onların şəraiti ilə maraqlanmışam. Bütün hərbi hissələr yüksək standartlara cavab verir. Bütün bunlar göstərir ki, Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı azad etməyə qadirdir. Tezliklə qələbə bayrağımız Xankəndidə dalğalanacaqdır.

Hörmətlə,

Adıgözəlov Şamxal Cəlil oğlu,
Xəzər televiziyasının Qarabağ üzrə bölgə müxbiri.

Azərbaycan Respublikası, Xankəndi şəhəri.