İlham Əliyev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Jolt Çutoranın etimadnaməsini qəbul etmişdir

14 dekabr 2010, 14:00
İlham Əliyev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Jolt Çutoranın etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranın etimadnaməsini qəbul etmişdir.

Səfir Jolt Çutora fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini, əlaqələrimizin yüksək səviyyədə olduğunu bildirdi. Bu yaxınlarda Macarıstanın Baş nazirinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev əməkdaşlığımızın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin istər ikitərəfli, istərsə də Avropa strukturları ilə əməkdaşlıq baxımından önəmini qeyd etdi. Prezident İlham Əliyev səfirin fəaliyyətinin səmərəli olacağına və ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Jolt Çutora Macarıstan Prezidenti Pal Şmittin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizdə bir neçə dəfə olduğunu deyən macarıstanlı diplomat xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük qürur hissi ilə xatırladı. Səfir əlaqələrimizin çox sürətlə inkişaf etdiyini dedi. Ölkəsinin Azərbaycan ilə energetika sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyən diplomat Nabukko və AGRİ kimi layihələrin önəmini qeyd etdi.

Dövlət başçısı Macarıstan Prezidenti Pal Şmittin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Macarıstanın dövlət başçısına çatdırmağı xahiş etdi. 

gallery-photogallery-photogallery-photo