11 avqust 2014, 11:40

Vüqar Namazovdan, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev!

Son günlər erməni hərbçilərinin həm işğal etdikləri ərazilərimizdə, həm də Azərbaycanla sərhəddə törətdikləri hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın etmək cəhdləri Ermənistanın təcavüzkar və işğalçılıq siyasətinin növbəti təsdiqi oldu. Ermənilər bu təxribatlar zamanı Azərbaycan ordusunun layiqli cavabını aldılar. Ciddi itki verərək geri çəkilmək məcburiyyətində qalan ermənilər Azərbaycan ordusunun gücünün bir daha şahidi oldular. Döyüşlərdə ordumuzun 13 əsgərinin şəhid olmasına Azərbaycan vətəndaşlarının reaksiyası isə xalqımızın vətənpərvərlik ruhunun, torpaqlarımızı işğaldan azad etmək əzminin nə qədər yüksək olduğunu göstərdi. 

Hörmətli cənab Prezident! Cəbhədə baş verənlərdən sonra vətənimizin qeyrətli oğulları düşmənlə mübarizə aparmaq üçün silaha sarılmağa hazır olduqlarını bəyan etdilər. Sizin də Ali Baş Komandan kimi bunu yüksək qiymətləndirməyiniz bizə əlavə ruh verdi. Mən idmançı kimi indiyədək dəfələrlə xarici ölkələrdə, beynəlxalq yarışlarda vətənim Azərbaycanın adını ucaltmışam. Bu gün isə bir əsgər kimi Sizin komandanlığınız altında silah götürərək düşmən üzərinə getməyə hazıram. Əgər əmr versəniz Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmaq və Vətən uğrunda döyüşmək mənim üçün böyük şərəf olardı. 

Hörmətlə,

Namazov Vüqar Binnət oğlu,
Pauerliftinq üzrə dünya və Avropa çempionu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.