16 dekabr 2010, 12:06

Z.Əlizadə, M.Əliyev və başqalarından, Şəki, Azərbaycan

Möhtərəm Prezident,

2010-cu il dekabrın 10-da qədim oğuz yurdu Şəkidə rayon üçün çox böyük əhəmiyyəti olan daha bir obyektin təməlqoyma mərasimi keçirildi. Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlanması şəkililərə çox böyük sevinc bəxş etdi. Bu layihənin icrası nəticəsində Kiş sugötürücü qurğular sahəsi, əsas magistral boru xətti və mövcud 2 su anbarı bərpa olunacaq, şəkililəri uzun illərdir narahat edən məsələlər birdəfəlik həll ediləcəkdir. Bu layihə Şəkinin inkişafına güclü təkan verəcək, rayonun ekoloji vəziyyətini xeyli yaxşılaşdıracaqdır.

Bundan 2 gün əvvəl isə rayonun İnçə kəndində Şin çayı üzərində 1350 metrlik körpünün açılışı oldu. Biz fəxr edirik ki, Azərbaycanda ən uzun körpü bizim rayonda tikilmiş və bundan sonra 34 min əhalisi olan 21 kənd ondan rahat istifadə edəcək, Şəki ilə Qax arasındakı məsafə 35 kilometr qısalacaqdır.

Hörmətli Prezident, şəkililər bu işləri şəxsən Sizin rayon əhalisinə böyük qayğı və rəğbətinizin təzahürü hesab edir. Gördüyünüz xeyirxah işlərə görə bütün Şəki ictimaiyyəti Sizə dərin minnətdarlığını bildirir, respublikanın inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır.

Biz həmişə Sizinləyik, cənab Prezident, Sizin bu qayğı və diqqətinizi heç vaxt unutmayacağıq.

Hörmətlə,

Z.Əlizadə - AMEA-nın Şəki Regional Elm Mərkəzinin rəhbəri, M.Əliyev - Şəki Mərkəzi rayon xəstəxanasının baş həkimi, R.Rəsulov – Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının direktoru və başqaları.

Azərbaycan Respublikası, Şəki şəhəri.