17 dekabr 2010, 13:47

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivindən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan xalqının ən zəngin mənəvi sərvətlərindən olan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi şərəfli həyatının 70-ci ilini başa vuraraq ömrünün səkkizinci on ilinə qədəm qoydu. Bu şanlı yubiley ədəbiyyatımızın, mədəniyyətimizin, elmimizin böyük bayramına çevrildi və bu sonsuz sevinci bizə bəxş etdiyinizə görə Sizə ən səmimi təşəkkürümüzü bildiririk.

Bu fərəhli anları biz Sizin Nizami muzeyinə daimi diqqət və qayğınız sayəsində yaşayırıq. Çünki Nizami muzeyi XIX əsrin ortalarında inşa edilmiş qocaman binada yerləşirdi və bu tikili vaxt ötdükcə bir çox cəhətdən yararsız hala düşmüşdü. 2004-cü il dekabrın 30-da muzeyə gəlişiniz bu söz məbədinin həyatında büsbütün yeni bir mərhələnin başlanğıcını qoydu.

Siz muzeyin təmiri və əsaslı şəkildə yenidən qurulması ilə əlaqədar qərar verdiniz və bu nəcib niyyətin gerçəkləşdirilməsindən ötrü lazımi addımları atdınız. Nizami muzeyi təməlindən damınadək yenilənərək ən müasir tələblərə cavab verən biçimdə təmir edildi, kompyuterləşdirildi, eksponatları bərpa edildi, ekspozisiyası tamamilə təzələndi. Bu, Nizami muzeyinin həyatında yeni bir mərhələnin, ikinci gəncliyin başlanması demək idi.

Dövlət başçısı olaraq ilk dəfə muzeyimizə qonaq gələrkən burada əsaslı təmir və yenidənqurmanın axırıncı dəfə nə vaxt aparıldığını soruşmuşdunuz. Bunun sonuncu dəfə 1939-cu ildə, bina Nizami muzeyinə çevrilərkən edildiyini söyləmiş və arzulamışdıq ki, gərək biz də elə edək bina yeni təmirdən sonra 50-60 il xidmət göstərə bilsin. Dərhal etiraz etmişdiniz: “Yox, biz elə təmir edəcəyik ki, bina 100 il də rahat xidmət göstərə biləcək”.

Başqa işlərinizdə olduğu kimi, bu dəfə də dediniz və sözünüzə ən yüksək səviyyədə əməl etdiniz. Siz bununla Azərbaycanı, paytaxtımız Bakını daha gözəl, daha yaşamalı etmək, milli dəyərlərimizi ləyaqətlə qoruyub uzaq sabahlara çatdırmaq yolundakı bir xoş məramınızı da gerçəkləşdirdiniz. Amma eyni zamanda Siz bununla sədaqətli davamçısı olduğunuz böyük ustadınız, millət rəhbəri, unudulmaz Heydər Əliyevin vacib bir vəsiyyətinə və arzusuna da əməl etdiniz. Ulu Öndər: “Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi nadir bir binadır, unikal bir muzeydir. Oranı qorumaq, saxlamaq lazımdır”, - söyləmişdi. Qorudunuz, saxladınız, muzeyin ömrünə ömür əlavə etdiniz və bununla da qədir bilən xalqımızın yeni sevgilərini qazandınız. Lakin bununla da kifayətlənmədiniz. Bayramımıza bayram əlavə etdiniz, Nizami muzeyinin 70 illiyinin təntənəli şəkildə qeyd olunması ilə əlaqədar Sərəncam imzaladınız, muzeyin bir sıra əməkdaşlarını fəxri adlara, təltiflərə layiq gördünüz.

Hörmətli cənab Prezident!

Siz misilsiz quruculuq işləri görürsünüz, yurdumuzda indiyədək oxşarı olmamış yollar, körpülər salırsınız. Nizami muzeyi bu yolların ən uzunu, bu körpülərin ən möhtəşəmidir. Çünki bu yol Azərbaycanın bu günündən bir neçə min il qədimdəki dünəninə və gələcək əsrlərin qoynundakı sabahına uzanır. Çünki bu körpü ölməz soz və sənət yadigarlarımızı yaratmış ulu babalarımızla gələcək nəsilləri qovuşdurur.

Uğurla kifayətlənməmək, bir zəfəri əldə edincə yenisinə doğru can atmaq! Hörmətli cənab Prezident, bu, Sizin siyasətiniz, Sizin xəttinizdir. Bu, rəhbəri olduğunuz güclü, gələcəyə inamlı müasir Azərbaycan dövlətinin dəyişməz yoludur. Dövlətimiz naminə, millətimiz naminə, ölkəmizin daha xoşbəxt, daha firavan sabahı naminə bütün fədakar çalışmalarınıza görə Sizə minnətdarıq.

Böyük yolunuzda, böyük siyasətinizdə daim Sizinləyik!

Dərin hörmətlə,

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin kollektivi

14 dekabr 2010-cu il.