Gerb 855a02c43d5370399bc542d050954ea44166233ed310256537a33eb6093068b5

26 avqust 2014, 13:30
W1siziisijiwmtuvmdyvmtuvnnqzam5vmwnuov8zmzc4nc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=117f711935244fa7

Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib.

Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.

Muzeyin yeni binasının yaradılması işində Heydər Əliyev Fondunun və UNESCO-nun müvafiq dəstəyi və köməyi olub. Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın ziyarətçilərə təqdimatı üçün binada ideal şərait yaradılıb. Muzeyin fondunda mövcud olan xalça və xalça məmulatlarının saxlanılması və konservasiyası 2013-cü ildə Bakıya dəvət edilmiş və bu sahədə zəngin təcrübəsi ilə dünyada məşhur olan Viktoriya və Albert Muzeyinin parçalarının konservasiyası üzrə mütəxəssis Luis Squirerin tövsiyələri və tərtib etdiyi təlimatlar əsasında təmin olunur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeydə görülən işlərlə bağlı dövlətimizin başçısına və xanımına məlumat verdi.
Müəllifi tanınmış avstriyalı memar Frans Yants olan muzey binasında Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim edilir.

Azərbaycan Prezidenti və xanımı burada fəaliyyət göstərən suvenir mağazası ilə tanış oldular.

Dövlət başçısı Xalça Muzeyinin yeni binasının yaradılması mərhələlərini əks etdirən fotoşəkillərə baxdı.

                                                                                  X X X

Açılış mərasimində çıxış edən Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, bu gün ölkəmizin həyatında çox gözəl və əlamətdar bir gündür. Şəhərimizin mərkəzində, bulvarda Azərbaycan üçün çox böyük dəyər kəsb edən Xalça Muzeyi açılır. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycanda Xalça Muzeyi 1960-cı illərin sonlarında görkəmli alim, professor, rəssam Lətif Kərimovun təşəbbüsü ilə açılmışdır. Ancaq muzeyin öz binası olmamışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə muzeyin fondlarının zənginləşdirilməsi üçün vəsait ayrılmışdı və birinci ekspozisiya İçərişəhərdə Cümə məscidində 1972-ci ildə nümayiş etdirilmişdi. Müstəqillik dövründə isə Xalça Muzeyi Muzey Mərkəzində fəaliyyət göstərirdi. Yadımdadır, 2006-cı ildə Muzey Mərkəzində olarkən, o cümlədən Xalça Muzeyinə də baş çəkdim və əlbəttə, elə o vaxt dərhal qərar qəbul etdim ki, mütləq Azərbaycanda Xalça Muzeyi üçün ayrıca bina tikilməlidir. Çünki orada həm saxlanma yerləri bizim tələblərimizə uyğun deyildi, eyni zamanda, ekspozisiya üçün də yer çox məhdud idi. Ona görə 2007-ci ildə Sərəncam imzalanmışdır ki, Azərbaycanda Xalça Muzeyinin binası tikilsin və 2008-ci ildə bax burada UNESCO-nun baş direktoru cənab Matsuuranın iştirakı ilə bu gözəl, möhtəşəm binanın təməli qoyulmuşdur.

Əlbəttə ki, Azərbaycanda tikiləcək Xalça Muzeyi həm daxili tərtibatı, eyni zamanda, xarici görünüşü ilə də fərqlənməli idi. Çünki xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil. Ona görə layihələndirmə işlərinə böyük diqqət göstərilmişdir və nəticədə Avstriya memarlarının zəhməti hesabına bu layihə təqdim edilmişdir. Bu layihə öz nadirliyi ilə seçilir, fərqlənir. Bu bina xalçanı əks etdirir və əlbəttə ki, Xalça Muzeyinin yerləşdirilməsi ilə bağlı məndə heç bir tərəddüd olmamışdır. Çünki Xalça Muzeyi Bakının ən gözəl yerində, bulvarda olmalı idi. Bu, nadir memarlıq əsəridir.

Azərbaycanın çox zəngin və qədim memarlıq əsərləri vardır ki, onlar UNESCO tərəfindən qorunur. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası bizim milli sərvətimizdir. Eyni zamanda, son illərdə Azərbaycanın və Bakının müasir memarlıq nümunələri də göz oxşayır. Bakıda qədim memarlıq abidələri və müasir abidələr bir vəhdət, vahid ansambl təşkil edir və son illərdə Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bayraq meydanı kimi müasir Azərbaycan simvolları yaradılmışdır. Bu memarlıq əsərləri müasir Azərbaycanın gücünü, inkişafını göstərir. Əlbəttə ki, bu memarlıq əsərləri təkrarolunmaz əsərlərdir. Deyə bilərəm ki, Xalça Muzeyinin binası da bu sıradadır. Bu da öz nadirliyi ilə seçilir və ümid edirəm ki, gələcəkdə heç kim bu memarlıq nümunəsini təkrar etmək istəməyəcək. Çünki Azərbaycanda yaradılan müasir memarlıq əsərlərini bəzi hallarda başqa yerlərdə də görmək olur. Ancaq bu, artıq Azərbaycan məhsuludur və çox şadam ki, bu gözəl, möhtəşəm muzey bu gün açılır.

Əminəm ki, Bakı sakinləri, qonaqlar üçün burada nümayiş etdirilən ekspozisiya çox böyük maraq doğuracaqdır. Çünki muzeydə 15 minə yaxın eksponat var. Burada həm ekspozisiya çox orijinal tərzdə nümayiş etdirilir, - mən burada tikinti zamanı dəfələrlə olmuşam, - eyni zamanda, saxlanma yerləri də müasir standartlara cavab verir. Burada əlbəttə ki, xüsusi temperatur rejimi də var. Yəni, bütün işlər ən müasir səviyyədə qurulub və burada həm daxili tərtibat, bizim milli sərvətimiz olan xalça nümunələri, eyni zamanda, nadir memarlıq birləşir və bu, məni çox sevindirir. Çünki bu, bizim xalqımızın nə qədər istedadlı xalq olduğunu bir daha göstərir. Çünki xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Təsadüfi deyil ki, muzeyin tikintisinə başlayandan sonra bizim təşəbbüsümüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi irsi üzrə reprezentativ siyahısına daxil edilmişdir.
Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilmişdir. Bu, bizim böyük sərvətimizdir və əlbəttə çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik.

Hazırda həm Bakıda, həm də müxtəlif bölgələrdə xalça muzeyləri fəaliyyət göstərir. Bakıda artıq bu gündən fəaliyyət göstərəcəkdir. Eyni zamanda, son illər ərzində demək olar ki, bütün bölgələrdə Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim görkəmli xalçaçılıq ustaları əlbəttə ki, öz təcrübəsini gənc nəslə ötürməlidirlər. Eyni zamanda, bu gündən burada nümayiş etdirilən bizim gözəl xalçalarımız əminəm ki, gəncləri də bu sənətə gətirəcək və beləliklə, Azərbaycan xalçaçılıq sənəti bundan sonra da inkişaf etdiriləcəkdir.

Bizim mədəni irsimiz, tariximiz, mədəniyyətimiz çox zəngindir. Son illər ərzində dünyanın müxtəlif yerlərində Azərbaycanla bağlı təqdimatlar, sərgilər, konsertlər keçirilir. Əlbəttə ki, xalça o təqdimatların mərkəzində yerləşir. Çünki bu, doğrudan da dünya miqyasında böyük bir dəyərdir. Mən hesab edirəm ki, Azərbaycan xalçası dünyada xalçaçılıq sənətinin etalonudur. Təsadüfi deyil ki, bizim xalçalarımız dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir.

Onu da qeyd etməliyəm ki, mən çoxsaylı xarici səfərlərim zamanı müxtəlif yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını görmüşəm. Qeyd etmişəm, öz həmkarlarıma bildirmişəm ki, bax bu xalça Azərbaycan xalçasıdır və onlar bunu bilirlər. Yəni, bu gün Azərbaycan xalçası dünyada məhz Azərbaycan xalçası kimi tanınır.

Uzun illər, əsrlər boyu bizim Azərbaycan xalçaları dünyada nümayiş etdirilirdi. Ancaq biz müstəqil ölkə olmadığımız üçün bu xalçalar Azərbaycan xalçaları kimi təqdim edilmirdi. Ona görə biz - həm dövlət, hökumət, müvafiq qurumlar, həm də ictimai təşkilatlar çox böyük iş apardıq ki, xalçamızı, Azərbaycan xalqına məxsus olan bu böyük sənəti məhz Azərbaycan xalçası kimi təqdim edək. Hesab edirəm ki, bu muzeyin fəaliyyətə başlaması bu işdə əlavə imkanlar yaradacaqdır. Çünki əminəm ki, Bakıya gələn qonaqların əksəriyyəti buraya gələcəklər. Eyni zamanda, hesab edirəm ki, biz bu muzeyin ekspozisiyasını və ümumiyyətlə, muzeylə bağlı məlumatları xarici ölkələrə də çatdırmalıyıq. Biz Azərbaycan xalçasının sərgilərini mütəmadi qaydada dünyanın aparıcı ölkələrində nümayiş etdirməliyik. Bunu biz indi edirik. Bu, sistemli xarakter almalıdır. Bir sözlə, haqlı olaraq fəxr edirik ki, bizim nadir sənətimiz - xalçaçılıq sənəti bu gün var, yaşayır, yaşayacaqdır. Hesab edirəm ki, Azərbaycan xalqının istedadını dünyaya təqdim etmək üçün xalça xüsusi yerə malikdir.

Bütövlükdə Azərbaycanın tarixi abidələrinin, tarixi irsimizin qorunması ilə bağlı müntəzəm olaraq işlər aparılır. Bu işlər öz nəticəsini verməkdədir. Milli dəyərlər - bizim mədəniyyətimiz, incəsənətimiz müstəqilliyimizin əsasıdır. Humanitar sahəyə Azərbaycanda çox böyük diqqət göstərilir. Təsadüfi deyil ki, Beynəlxalq Humanitar forumların Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilmişdir. Dünyanın ən məşhur adamları, Nobel mükafatı laureatları, alimlər, ictimai xadimlər bu forumlarda mütəmadi qaydada iştirak edirlər. Azərbaycanda dinlərarası dialoq forumları keçirilir. Bakıda ən məşhur sərgilər keçirilir. Bu gün Heydər Əliyev Mərkəzi dünya miqyasında bir sərgilər mərkəzinə çevrilmişdir. Musiqi festivalları, müsabiqələr, beynəlxalq muğam müsabiqələri - bütün bunlar Azərbaycanın mədəni həyatını zənginləşdirir və Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Bu gün biz Azərbaycanı həm inkişafda olan, eyni zamanda, böyük dəyərlərə malik olan və bu dəyərləri qoruya bilən ölkə kimi təqdim edirik. Azərbaycana gələn xarici qonaqlar əlbəttə ki, Bakının gözəlliyini qeyd edirlər. Ölkəmizin inkişafını görürlər, eyni zamanda, bizim dəyərlərimizlə tanış olurlar. Memarlıq dəyərlərimiz, musiqi sənətimiz, rəssamlıq məktəbimiz və əlbəttə ki, xalçaçılıq sənəti bizim qürur mənbəyimizdir.

Mən çox şadam ki, Azərbaycanda bu sahədə işlər ardıcıllıqla aparılır. Son illərdə Bakının bütün muzeyləri əsaslı təmir edilmişdir. Artıq bəzilərində indi təmir işləri gedir. Bakıda bir dənə də təmirsiz muzey qalmamışdır. Bölgələrdə, Bakıda yeni muzeylər yaradılır - Müasir İncəsənət Muzeyi, digər muzeylər, Xalça Muzeyi. Bu, əlbəttə ki, ölkəmizin ümumi inkişaf templərini göstərir, eyni zamanda, dövlət siyasətini əks etdirir.

Qeyd etdiyim kimi, xalçaçılıq sənətinin qorunması ilə bağlı qanunvericilikdə ciddi addımlar atılmışdır. Biz praktiki həyatda belə gözəl əsərləri yaratmaqla ölkəmizi zənginləşdiririk. Bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan müstəqil ölkə kimi uğurla yaşayır. Müstəqilliyin bütün üstünlükləri Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Biz məhz müstəqillik dövründə belə gözəl əsərləri yarada bilmişik. Qısa müddətdə - cəmi 23 illik müstəqillik dövründə Azərbaycan çox böyük və şərəfli yol keçmişdir. Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi. Ancaq biz bu yolla gedirik. Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə üzrə konkret proqramlar var. Siyasi, iqtisadi islahatlar aparılır. Regional inkişaf proqramları icra edilir. Əlbəttə ki, mədəni həyatımızla, tarixi irsimizlə, mədəniyyətimizlə bağlı bütün işlər ardıcıl şəkildə aparılır. Bugünkü tədbir bunun bariz nümunəsidir.

Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram. Sağ olun.

                                                                            X X X

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Teymur BÜNYADOV çıxış edərək dedi:

- Uğurlarımızın, qələbələrimizin, müvəffəqiyyətlərimizin ilhamçısı.
Müstəqilliyimizin, dövlətimizin, dövlətçiliyimizin ucalığı. Hörmətli Prezidentimiz cənab İlham Əliyev!

Dahilik, dühalıq zirvəsində qərar tutan, bayrağımız, bayraqdarımız olan Heydər Əliyevin adını daşıyan Fondun prezidenti!
Mədəniyyətimizi, mənəviyyatımızı uca tutan, məşələ çevirən, dünyaya tanıtdıran və dünya ilə bir edən Mehriban xanım!
Əziz dostlar, xanımlar, cənablar!

Xalça bayramınız mübarək olsun. Sizə yeni-yeni uğurlar arzulayıram.
Xalça sənəti bizim xalqın bəşəriyyətə təqdim etdiyi şah əsəridir. Əzəli, əbədi və həmişəyaşar şah əsəri. Xalça bizim bənzərsiz, təkrarsız, tayı-bərabəri olmayan şah əsərimizdir. Ona görə də bugünkü bayram, bugünkü təntənə təkcə bizim xalça sənətimizin, mədəniyyətimizin deyil, ümumiyyətlə, xalqımızın bayramıdır. Bu sənəti xalqımız yaradıb, xalqımız yaşadır və əsrlərdən-əsrlərə keçəcəkdir.

Muğam sənəti xalça sənəti ilə qohumdur. Ona görə də xalça həm də muğamdır, mahnıdır, melodiyadır, bayatıdır, oxşamadır.
Bu gün görüşdüyümüz bu məkan çox rəmzi məna daşıyır. Bir tərəfdən muğam mərkəzi, muğam dünyası, bir tərəfdən xalça dünyamız. Nə qədər rəmzi, nə qədər mənalı, nə qədər məzmunludur. Açığını deyim ki, mən dünən bu muzeyə gəldim. Şər qarışar-qarışmaz, günəş dağın arxasına enər–enməz möcüzə, əfsanə, nağılla qarşılaşdım. Nə böyük əzəmət, nə böyük qürur, nə böyük fəxredici incəlik, zəriflik, həssaslıq.

Ona görə də mən demək istəyirəm ki, hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, zaman keçəcək, əsrlər əsrləri, minilliklər minillikləri əvəz edəcək, qoşa dayanan mərkəzlər Xəzərin ayna sularının laylasında uyuyacaq, xalqımıza, millətimizə şərəf, şöhrət gətirəcək.

Hörmətli Prezident, hörmətli Mehriban xanım, bu muzeyə gələnlər hər şeydən əvvəl Sizi yada salacaq, Sizə minnətdarlıqlarını bildirəcək, bu xoş duyğuları ürəklərdə gəzdirəcək, bu gözəlliyi dünyaya tanıtdıracaqlar. Sizin bu möhtəşəm işinizin tayı-bərabəri yoxdur. Adam valeh olur. İnanın, mən muzeyə girəndə elə bil ki, əfsanələr, nağıllar dünyasına, başqa bir aləmə düşdüm, sanki yuxu görürdüm.

Ona görə də mən Sizə dərin minnətdarlığımı bildirirəm. Çox böyük işlər görürsünüz. Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, yeni-yeni uğurlar, qələbələr, təntənələr arzu edirəm. Sağ olun!

                                                                              X X X

Xalçaçı-rəssam, dosent Məmmədhüseyn HÜSEYNOV dedi:

- Möhtərəm cənab Prezident.
Hörmətli Mehriban xanım.
Əziz dostlar.

Bu gün doğrudan da, bizim qürurlu günlərimizdən biridir. Əcdadlarımızdan miras qalmış, qərinələr boyu bizə şöhrət gətirmiş xalça sənətimizin bayramıdır. Doğrudan da, xalça sənəti Azərbaycan üçün hər şeydir. Çünki Azərbaycan xalça sənətinin kökü, mənbəyi çox qədimlərdən bəri başımızı uca edən bir sənət və dəyər əfsanəsidir. Doğrudan da, Gəmiqayadan, Qobustandan, Kür-Araz mədəniyyətindən qaynaqlanan xalça sənətində rəmzlər dünyası yaşayır.

Xalçalarımız inanc mənbələrimizi, yaradılış, varlıq, ünsürlər aləminin rəmzlərini yaşadır. Bu rəmzlər öyrənilməli, aşkar olunmalı və xalqımıza təlqin edilməlidir. Bu təlqinetmədə yaratdığınız bu yeni muzeyin çox böyük rolu olacaqdır. Mən inanıram ki, bu muzey çox gözəl bir elm mərkəzinə çevriləcək və elm araşdırıcıları, xalçasevərlər hər zaman Sizi xatırlayacaq və deyəcəklər ki, əhsən belə el övladlarına. Əhsən olsun ki, onlar bizim xalqımızın inanc mənbəyini, mədəniyyət kitabəsi olan xalçanı belə dəyərləndirirlər.

Xalçanı öyrənmək bizim xalqımız üçün çox vacibdir. Eyni zamanda, bizim maariflənməyimiz üçün xalçanın əvəzsiz rolu vardır. Nəyə görə? Düzdür, ətrafda, yəni, regionda müxtəlif xalqların xalça sənətləri mövcuddur. Amma bizim xalça sənətimiz bambaşqa bir sənətdir. Çünki xalça sənətinin əsasını, meyarlarını təşkil edən toxuculuq növləri, ornament – xalçanın ana dili olan ornament və şux, əlvan, fəlsəfi rəng ahəngləri digər xalqların yaratdığı xalçalardan çox-çox fərqlənir. Bu fərqliliklər xalqımızın mədəni dəyərlər sistemindən qaynaqlanmasından xəbər verir. Ona görə də biz bu sənəti sevməli və Sizin sevdiyiniz şəkildə xalqa təlqin etməliyik. Sizə “Çox sağ olun” deyirəm.

Sonda istəyirəm bir neçə kəlmə Oğuz ədəbiyyatından, daha doğrusu, “Kitabi-Dədə Qorqud”dan bir neçə sətir deyim. Yəqin ki, hamı bu Oğuz ədəbiyyatı ilə, “Kitabi-Dədə Qorqud”la tanışdır. “Kitabi-Dədə Qorqud”un bütün boylarının əvvəlində bütün qədim xaqanlarımızın uca təpə başında iqamətgah tikdirdiklərini və min bir yerə ipək xalçalar sərdiklərindən xəbəriniz var. Çox maraqlıdır ki, bütün boylarda bu, özünü göstərir. Bəzi boylarda Bayandır xanın, bəzi boylarda Qazan xanın, digər xanlarımızın və bəzi boylarda bildirilir ki, qara yer üzünə min xalı sərirdi bizim xanlarımız.

Mənim arzum budur ki, cənab Prezident, siyasi, ümumi qələbəmizdən sonra bizim Qarabağ torpağımızda öz iqamətgahınızı qurdurasınız və min ipək xalı sərdirib ilk qədəmlərinizi Siz basasınız və biz də Sizin ardınızca o uca Qarabağa addımlayaq.
Mehriban xanım bizim beşliyimizin qoruyucusudur. Beşlik nədir? Biz sənət adamları arasında beşliyi söz, səs, xalça, miniatür və milli memarlığımız adlandırırıq. Bunlar bir mənbədən qaynaqlanır. Bunların kökündə bir inanc ruhu, inanc yaddaşı var. Siz bunların birini qorumaqla beşini, beşini qorumaqla birini qoruyursunuz və bizlərə də bu yolda yol göstərirsiniz. Doğrudan da, Sizin gözəl səfərlərinizdə sanki muğam, xalça Sizinlə birlikdə addımlayır. Siz bizim xalqımızın, mədəniyyətimizin ən bariz təbliğatçısısınız. 26 avqust – bu xoş gün bizim üçün ikiqat bayramdır. Biz bilirik ki, bu gün həm də Sizin ad gününüzdür. Sizə cansağlığı, uğurlar, işinizdə müvəffəqiyyətlər arzulayırıq. Həmişə uca olasınız, cənab Prezidentimizin yanında olasınız. Bu gözəl gündə Sizə alqışlar deyib ürəkdən təbrik edirik.

                                                                            X X X

Sonra Xalça Muzeyinin direktoru Röya TAĞIYEVA dövlətimizin başçısına və xanımına yeni binada yaradılmış şəraitə görə minnətdarlıq edərək dedi:

- Hörmətli cənab Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli qonaqlar.

Mən böyük məmnuniyyət hissi ilə bu gün Sizi yeni Xalça Muzeyinin binasında salamlayıram.
Hörmətli cənab Prezident, Siz 2006-cı ilin mart ayında muzeyimizin yerləşdiyi binada olanda biz gördük Siz necə məmnun qaldınız və dediniz ki, artıq bizim vaxtımız gələcək və Xalça Muzeyinin yeni binası tikiləcək. Sizin tapşırığınızla qısa bir müddətdə bu binanın inşası üçün yeni tədbirlər görüldü və artıq 2008-ci ildə Bakıda, burada böyük təntənəli təməlqoyma mərasimi keçirildi.
Bu gün yalnız xalçasevərlərin bayramı deyil, bütün xalqımızın bayramıdır. Ona görə ki, əsrlər boyu - beş min il xalqımızın yol yoldaşı, ilk qədəmgahı, evinin rahatlığı, gözəlliyi, istiliyi, səcdəgahı, qoruyucusu olan bu sənəti Siz bu gün yaşatdınız. Gələcəyə inam yaratdınız. Mən Sizə dərin təşəkkürümü bildirirəm. Kollektivimiz bu binanı artıq 50 il idi ki, gözləyirdi. Çox sağ olun.

Hörmətli Mehriban xanım, biz təməlqoyma günündən Xalça Muzeyinin tikintisinə Sizin qayğınızı daim görmüşük. Sözsüz ki, Siz çox böyük əmək sərf edərək Azərbaycan xalçasını dünyada tanıtdınız. Artıq 2010-cu ildə Azərbaycan xalçası UNESCO-nun bəşəriyyətin qeyri maddi-mədəni irsi siyahısına daxil oldu. Bu, çox əlamətdar hadisədir. Ona görə ki, hər bir xalq, onun mədəniyyəti o vaxt öz dəyərini alır ki, o, dünya tarixinə düşür. Sizin səyiniz nəticəsində biz həqiqətimizə çatdıq, buna nail olduq. Çox sağ olun. Mən Sizə bütün kollektivimiz adından çox dərin təşəkkürümü bildirirəm.

Bu gün Sizin böyük bayramınızdır. Bizim də böyük bayramımızdır, ikiqat bayramımızdır. İcazə verin, doğum gününüzdə Sizi ürəkdən təbrik edək.

                                                                               X X X

Ad günü münasibətilə Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

                                                                               X X X

Daha sonra Xalça Muzeyi ilə tanışlıq oldu.

Muzeyin ekspozisiyası xalça sənətində əsas bədii istiqamətləri dəqiq əks etdirməklə onların özünəməxsus xüsusiyyətlərini, həmçinin materiallarını, işləmə texnikalarını, incə və çox dərin bədii xüsusiyyətləri ilə ahəngdarlığını aydın şəkildə göstərir.
Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir. Bu xalçalar insanların, heyvanların, quşların üslublaşdırılmış təsviri, bitkilərin ornamentləri, xalqın həyatını təsvir edən süjetli motivlərlə bəzənib.

Muzeyin kolleksiyası müxtəlif növ xovsuz xalçaların nadir nümunələrini də əks etdirir. Burada çoxobrazlı kompozisiya silsiləsi, motivlərin orijinallığı və gözəl koloritliliyi ilə fərqlənən palazlar, cecimlər, kilimlər, sumaxlar, həmçinin xalça məmulatları – məfrəşlər, çullar, xurcunlar, corablar və rəngarəngliyinə və toxuma texnikasına görə seçilən bir çox eksponatlar təqdim olunur.
Muzeyin kolleksiyasında və ekspozisiyasında digər nadir eksponatlar – bədii naxış tikmələri, parçalar və milli geyimlər, həmçinin metal, keramika, şüşə məmulatlardan və çini qablardan ibarət əl işləri nümayiş və mühafizə olunur. Bu eksponatlar bürünc dövründən başlayaraq bizim günlərədək olan müddəti əhatə edir.

Muzeydə quraşdırılmış xüsusi monitor Azərbaycan xalçalarının dünya kolleksiyalarında, Avropa rəssamlarının əsərlərində əks olunduğunu göstərir. Burada, həmçinin Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur “Şeyx Səfi” xalçasının surəti də var. Ekspozisiyada sərgilənən və saxlanclarda yerləşən xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə toxunmuş məşhur kompozisiyalara da rast gəlmək mümkündür. Burada, həmçinin zamanın diktə etdiyi ənənəvi xalq üslublu süjetlərin müəllifləri olan rəssamların müasir işləri əks olunur.

Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Əsas eksponatlar - xalçalar qövsşəkilli divarlardan asılır. Bunların da əksi bütün yuxarı mərtəbələrin əksər yerlərindən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan görmək olur. Muzeyin terrasında - açıq səma altında sərgilərin təşkili mümkün olacaq.

Sonda xatirə şəkli çəkdirildi.


Böyük ölçüdə



Böyük ölçüdə