Gerb

28 avqust 2014, 19:30
W1siziisijiwmtuvmdyvmtuvnhr4ndk5ng1ycv8zmzg4mi5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=829585ebcad1edb0

Prezident İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi ziyan görən Horadiz şəhərinin yenidən qurulması, burada geniş abadlıq-bərpa tədbirlərinin həyata keçirilməsi istiqamətində son illərdə bir çox mühüm işlər görülüb. Şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində həyata keçirilən layihələr bu gün də davam etdirilir. Müharibə zamanı dağıntılara məruz qalan şəhərdə quruculuq işləri geniş vüsət alıb, yeni evlər tikilib. Bu sırada 227 evin və çoxmənzilli 3 binanın bərpa işlərindən sonra istifadəyə verilməsi də mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğuna daha bir əyani misaldır. Bundan əlavə, “Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən dövlət başçısının fəaliyyətinin real nəticələridir. Bu layihələr Azərbaycan dövlətinin ilk növbədə, cəbhə xəttində yaşayan vətəndaşların sosial-rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması naminə gördüyü işlər sırasındandır. Bu, həm də Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.

Qeyd edək ki, Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpa edilməsi məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Yüksək keyfiyyətlə və müasir tikinti normaları nəzərə alınmaqla həyata keçirilən inşaat işləri zamanı evlərin hamısı tam bərpa edilib. Mənzillərin hamısı kommunal infrastrukturla təmin olunub, insanların rahat və maneəsiz yaşamaları üçün hər cür imkanlar yaradılıb. Bütün bunlar da bir daha göstərir ki, Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti çətin sınaqlardan çıxan soydaşlarımızda sabaha ümid yaradıb, dövlət başçısının hər zaman onların yanında olduğunu təsdiqləyib. İnsanlar da dövlət başçısının ideyaları ətrafında sıx birləşməyi bacarıblar.

Dövlətimizin başçısı Vəli Şəmilovun ailə üzvləri ilə çay süfrəsi arxasında söhbət etdi.

Prezident İlham ƏLİYEV: Gözəl ev tikilib.

Ev sahibəsi Xuraman QULİYEVA: Bəli, çox gözəldir, Allah Sizi qorusun, ailənizi, uşaqlarınızı xoşbəxt etsin. Çox sağ olun. Bu cür şəraiti bizə Siz yaratmısınız, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Elə də olmalıdır. Əlbəttə, dövlət bu işləri görməlidir. Bu evləri biz bərpa etdik. Çox şadam ki açılışına gəlmişik.

Xuraman QULİYEVA: Bəli, çox sağ olun. O gün olsun Şuşamızda, Qarabağımızda olsun. Biz buna inanırıq, cənab Prezident!
Prezident İlham ƏLİYEV: Əlbəttə, bax buralar işğal altında idi. Deməli, siz burada yaşayırdınız.

Xuraman QULİYEVA: Bəli, cənab Prezident.

Prezident İlham ƏLİYEV: İndi görürsünüz burada necə gözəl şərait yaradılıb.

Xuraman QULİYEVA: Çox gözəl, qısa müddətdə, cənab Prezident. Sizin rəhbərliyinizlə çox gözəl irəliləyiş var. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bizim üçün gözəl məktəb tikilib. Gözəl uşaq bağçamız var. Bu cür şərait heç bir şəhərdə yoxdur. Bunlar Sizin rəhbərliyinizlə yaradılıb. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Təmiz hava. Yaxşı iqlim.

Xuraman QULİYEVA: Bəli, üstünlüyümüzdür təmiz havamız, Qarabağ havası.

Prezident İlham ƏLİYEV: Dolanışıq necədir?

Xuraman QULİYEVA: Çox gözəl, yüksək səviyyədə. Daimi qazımız, işığımız, suyumuz, gözəl asfalt yollarımız, bağımız-bağatımız. Bundan artıq nə lazımdır?! Əvvəlkindən də çox gözəl şəraitdə yaşayırıq. Buna görə Sizə minnətdarıq. Əzizimiz Mehriban xanıma minnətdarıq. Bütün Qarabağımız azad olunsun. Ordumuza inanırıq, Sizə inanırıq, dövlətimizə inanırıq. Cənab Prezident, görün bizə, xalqımıza, qəsəbədə, Füzulidə yaşayan insanlara nə qədər ruh yüksəkliyi vermisiniz.

Prezident İlham ƏLİYEV: Burada 16 yeni qəsəbə salınmışdır.

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: Bəli. Ulu Öndərin Sərəncamı ilə.

Prezident İlham ƏLİYEV: Horadiz böyük bir şəhərdir. Müvəqqəti olaraq Füzuli rayonunun mərkəzidir. Amma Füzuli şəhəri işğaldan azad olunduqdan sonra biz Füzuli şəhərini bundan da gözəl tikəcəyik.

Xuraman QULİYEVA: İnşallah, biz ona inanırıq. Biz Sizə inanırıq, güvənirik.

Prezident İlham ƏLİYEV: Horadizin Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Çünki buralar erməni işğalı altında olan yerlər idi. Azərbaycan Ordusu Ulu Öndərin rəhbərliyi ilə erməni işğalçı qüvvələrini buradan çıxardı. İndi biz onu bərpa etmişik.

Xuraman QULİYEVA: Bəli. Mən o günü heç vaxt unutmaram. Ona görə ki, mən ikiqat həyəcan keçirirdim. Bütün Azərbaycan xalqı həyəcan içində idi. Mənim övladım da hücumda, ön cəbhədə, sırada idi.

Prezident İlham ƏLİYEV: Siz buradan nə vaxt çıxmışdınız?

Xuraman QULİYEVA: 1993-cü il oktyabrın 22-dən 23-nə keçən gecə biz buradan qovulduq.

Prezident İlham ƏLİYEV: Oktyabra qədər burada idiniz?

Xuraman QULİYEVA: Bəli, burada idik. 1994-cü il yanvarın 4-ü heç vaxt unudulmaz gündür. Həmin gün Ulu Öndərimizin rəhbərliyi ilə hücum oldu. Mənim oğlum danışırdı, deyirdi ki, əsgərlər “Heydər Əliyev uğrunda” deyib hücuma keçirdilər. Yəni, qorxmadan özlərini tankın altına da ata bilərdilər. O cür ruh yüksəkliyi ilə. Biz inanırıq ki, yenə də həmin ruh yüksəkliyi ilə döyüşə gedəcəklər. Lazım gəlsə biz analar da Sizinlə bərabər, övladlarımızla bərabər.

Prezident İlham ƏLİYEV: İndi ordumuz daha da güclüdür. İndi imkanlar daha da genişdir. Ruh yüksəkliyi isə Azərbaycan xalqında həmişə olub. Həmişə də yüksək səviyyədə olub. Bu gün də belədir. Vətənpərvərlik ruhu, milli ruh. Bizim iqtisadi, hərbi gücümüz, bu amillər məsələni həll edəcək. Biz qayıdacağıq, nəinki Füzuliyə, Şuşaya da qayıdacağıq. 

Xuraman QULİYEVA: İnşallah, cənab Prezident.

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: Cənab Prezident, son altı ayda 1200 adam işlə təmin olunub.

Xuraman QULİYEVA: Bəli, çox gözəl iş yerlərimiz açılır.

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: Hərbidə mülki işçilər var. Onların hamısı bizdən götürülüb.

Prezident İlham ƏLİYEV: Onu da mən göstəriş vermişəm. Çünki əvvəlki dövrdə bizim ordumuzda mülki işlərlə elə hərbçilər məşğul idilər. Əsgərləri əsas fəaliyyətindən ayırırdılar, onlar gedib orada xidmət sahəsində işləyirdilər. Mən göstəriş verdim ki, əsgərləri bu işlərdən azad edin. Amma bu mülki işlərə yerli camaatı götürsünlər.

Xuraman QULİYEVA: Bəli, götürüblər, bizim qonşulardan işləyənlər var.

Prezident İlham ƏLİYEV: Nə qədər idi burada?

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: 1200 nəfər.

Prezident İlham ƏLİYEV: Nəinki burada, bütün başqa təmas xəttinə yaxın olan yerlərdə, rayonlarda, kənlərdə yerli insanlar gedirlər, xidmət edirlər, dövlət maaş verir. Biz burada iki məqsəd güdürük. Həm əsgərlər xidmətdən ayrılmır, mülki vətəndaşlar isə işləyib maaş alırlar.

Xuraman QULİYEVA: Çox gözəl. Bizim qəsəbəmizdə demək olar ki, işsiz adam yoxdur.

Prezident İlham ƏLİYEV: Əvvəllər belə bir praktika var idi ki, misal üçün, bir yerdən olan gənc xidmətə mütləq gərək başqa yerə göndərilərdi. Biz burada da dəyişikliklər etdik. Çünki xüsusilə zabitlər. Onlar indi öz doğma rayonlarında işləsələr, yaşasalar daha yaxşıdır. Ailələrinin yanında olacaqlar, daha da ürəkli olacaqlar, onlar üçün daha da rahat olacaq. Yəni, orduda islahatlar çoxşaxəlidir. Amma bu hissə də çox önəmlidir. Burada qısa müddət ərzində minlərlə iş yerləri yaradılıb. Məsələn, biri yemək bişirən. Orduda kim idi? Əsgər. Birincisi, əsgər yemək bişirə bilmir, ikincisi, axı yemək bişirmək onun peşəsi deyil. 

Xuraman QULİYEVA: Allah Sizi dünyaya gətirən ataya, anaya rəhmət etsin. Biz onların qarşısında həmişə borcluyuq. Cənab Prezident, elə bil ana kimi mən həmişə Sizə duaçıyam.

Prezident İlham ƏLİYEV: Sağ olun!

Xuraman QULİYEVA: Biz fəxr edirik ki, ölkəmiz ərazicə kiçik olsa da, bütün böyük dövlətlərlə bərabər dayanır. Biz Sizinlə fəxr edirik, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Mən də sizinlə fəxr edirəm ki, siz burada, öz doğma yerinizdə, şəhərinizdə düşmənlə üz-üzə dayanmısınız, mərd dayanmısınız. Hamınız kişi kimi dayanmısınız. Öz doğma torpağınızda dayanmısınız.

Xuraman QULİYEVA: Bəli, Sizə görə. Sizə inandığımıza görə. Ordumuza, dövlətimizə, Prezidentimizə inandığımıza görə.
Vəli ŞƏMİLOV: Güclü ordumuz da, rəhbərimiz də var.

Xuraman QULİYEVA: Bəli, bizim indi hər şeyimiz var. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Çox yaxşı, bir daha sizi təbrik edirəm.

Xuraman QULİYEVA: Biz Sizin hər bir tədbiri çox böyük fəxrlə izləyirik. Allah Sizi Azərbaycan xalqına çox görməsin. 

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun.

Xuraman QULİYEVA: Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Xuraman QULİYEVA: Çox sağ olun, cənab Prezident. Siz bu gün bizə sevinc yaşatdınız.


Böyük ölçüdə