29 avqust 2014, 12:00

Dilbazi Babayevadan, Pirallahı, Azərbaycan

Hörmətli cənab Prezident!

Pirallahı yeni yaradılmış rayon olsa da, təsdiq etdiyiniz Dövlət proqramlarına uyğun olaraq qısa müddətdə burada çox böyük işlər görülüb. Qala qəsəbəsindən rayonumuza müasir avtomobil yolu çəkilib, günəş enerjisinə əsaslanan elektrik stansiyası və Çörək Kombinatı tikilib, 10 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmir olunaraq istismara verilib, şəhidlərimizin əziz xatirəsinə “Vətən uğrunda” abidə-kompleksi ucaldılıb. Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası isə hazırda davam etdirilir. Bu kəmər rayonumuzun fasiləsiz və keyfiyyətli su ilə təmin olunmasına imkan verəcəkdir.

Möhtərəm Prezident! Əminik ki, Sizin 2014-cü il 17 yanvar tarixli Sərəncamınızla təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası da uğurla başa çatdırılacaq, Pirallahı gözəl və müasir rayona çevriləcəkdir. Bütün bunlara görə rayonumuzun bütün sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Babayeva Dilbazi.

Azərbaycan Respublikası, Pirallahı rayonu.