Gerb

04 sentyabr 2014, 18:10
W1siziisijiwmtuvmdyvmtuvowizbne5mndixzm0mjy1lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=d4436e530aa59af6

Uelsin Nyuport şəhərində NATO-nun sammiti işə başlayıb.

Prezident İlham Əliyev sammitin açılışında iştirak edib.

Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər. Həmçinin BMT-nin və Avropa İttifaqının ali nümayəndələri də sammitə qatılıblar.

NATO-nun baş katibi Anders Foq Rasmussen və Böyük Britaniyanın Baş naziri Devid Kemeron Prezident İlham Əliyevi və digər dövlət və hökumət başçılarını salamladılar.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

Sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, təhlükəsizliyin təmininə töhfə verən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxil edilib.

Sammitin Əfqanıstan üzrə görüşündə çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen dövlət və hökumət başçılarını salamladı. Bildirildi ki, bu görüş təhlükələrin yaşandığı dünyada sabitliyə nail olmaq istiqamətində önəmli tədbirdir. NATO-nun öz əməliyyatlarının mühüm hissəsini Əfqanıstanda həyata keçirdiyini deyən A.F.Rasmussen İSAF qüvvələrinin hələ də bu ölkədə xidmət keçdiyini diqqətə çatdırdı. NATO-nun məhz onların xidmətləri sayəsində bu gün dünyada ən güclü Alyansa çevrildiyini vurğulayan baş katib Əfqanıstanda sabitliyin qorunmasının ilin sonunadək yerli təhlükəsizlik qüvvələrinə təhvil veriləcəyini bildirdi, Əfqanıstana dəstəyin bundan sonra da davam etdiriləcəyini söylədi. Baş katib gündəlikdə nəzərdə tutulan məsələlərlə bağlı müzakirələrin məhsuldar keçəcəyinə əminliyini ifadə etdi.

Sonra Əfqanıstanda həlak olan hərbçilərin xatirəsi ehtiramla yad olundu.

Böyük Britaniyanın Baş naziri Devid Kemeron da sammitin Uelsdə keçirilməsindən məmnun olduğunu dedi. “NATO bizim gələcəyimiz üçün çox vacib alyansdır”,- deyən Devid Kemeron İSAF proqramında iştirak etməklə Əfqanıstanda təhlükəsizliyə töhfə verən ölkələrə təşəkkür etdi. Bildirdi ki, NATO Əfqanıstandakı missiyasını uğurla başa vurur və bu ölkədə ordunun yaradılması ilə bağlı əldə olunan nəticələrdən qürur hissi keçirir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab baş katib.

Xanımlar və cənablar.

Azərbaycan ilə NATO arasında tərəfdaşlığın iyirmi ili ərzində ölkəmiz Alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib.

Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm rol oynayan ölkədir. Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır.

Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir.

Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir.

Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir. Azərbaycan bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir. Azərbaycanın hərbi kontingenti lap ilkin vaxtlardan İSAF qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub.

İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir.

Bundan əlavə, gələcəkdə iştirak edəcəyimiz “Qətiyyətli dəstək” əməliyyatı üçün mühüm tranzit imkanları yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi gələn bir neçə ay ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün region, həm Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq. Bu, Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun tam ortasında yerləşən Əfqanıstana iqtisadi inkişaf verə bilər. Müstəqilliyin ilk illərində durğunluq və böhrandan davamlı sabitlik və sürətli iqtisadi artıma keçmiş ölkə kimi Azərbaycan öz təcrübəsini Əfqanıstan ilə bölüşməyə və həmin ölkədə müxtəlif yenidənqurma və sərmayə layihələrində iştirak etməyə hazırdır. Sağ olun.

Sammit öz işini sentyabrın 5-də davam etdirəcək. Burada Avstraliya, Gürcüstan, İordaniya, Finlandiya və İsveç ilə əməkdaşlığın növbəti mərhələsi barədə müzakirələr nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəlki sammit 2012-ci ildə Çikaqoda keçirilib.


Böyük ölçüdə