29 sentyabr 2014, 13:30

Pirallahı rayonu 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının kollektivindən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi fəaliyyətə başladığınız ilk gündən dövlətimiz və xalqımız qarşısındakı xidmətləriniz hamıya məlumdur. Sizin sayənizdə Azərbaycan iqtisadiyyatı davamlı inkişafa qədəm qoyub. Son illər ərzində sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı artıb, tikinti işlərinin həcmi genişlənib, iqtisadiyyatımız şaxələndirilib və bir sıra yeni istehsal sahələri yaradılıb.

Bundan əlavə, ordumuzun maddi-texniki bazası gücləndirilib, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində bir sıra böyük layihələr və tədbirlər həyata keçirilib və saysız-hesabsız uğurlar əldə olunub.

Sizin Sərəncamınız əsasında yaradılmış Pirallahı rayonunda da qısa müddət ərzində xeyli iş görülüb. Biz əsaslı təmirdən sonra bu ilin əvvəlində istifadəyə verilmiş 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışırıq və bizim üçün yaradılmış şəraitdən çox razıyıq. Rayonumuzu Bakı şəhəri ilə birləşdirən və yerli sakinlər üçün əsas yol hesab edilən Qala-Pirallahı avtomobil yolunun yüksək standartlara uyğun tikintisi bizi xüsusilə sevindirir.

Möhtərəm Prezident! Siz xalqımızın ümummilli lideri Heydər Əliyevin yolunu layiqincə və ləyaqətlə davam etdirirsiniz. Bu yol bizi parlaq gələcəyə, inkişafa aparan yoldur. Bu yolda Sizə və bütün xalqımıza uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

10 nömrəli Birləşmiş Şəhər Xəstəxanası kollektivi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.