Gerb

29 sentyabr 2014, 15:00

Hörmətli cənab Prezident!

Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir.

Son illər dünyanı bürüyən iqtisadi böhran bir sıra Avropa ölkələrini iflasa uğratsa da, ölkəmizə heç bir təsir göstərə bilmədi.

Əksinə, müasir müstəqil Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyevin vaxtilə təməlini qoyduğu düzgün iqtisadi strategiya əsasında inamla addımlamaqda davam edən ölkəmiz Sizin sayənizdə daha da inkişaf etdi.

Bu inkişafın müsbət nəticələri bizim Kürdəmir rayonunda da özünü göstərir. Rayondaxili və kəndlərarası yollar təmir olunub, müasir işıqlandırma sistemi quraşdırılıb, su və kanalizasiya xətləri çəkilib, müasir ictimai obyektlər tikilərək istifadəyə verilib.

Eyni zamanda, qeyd etməliyəm ki, dövlət qurumlarında vətəndaşların qəbulu işinin səmərəli təşkili və problemlərinin həlli ilə əlaqədar onlara lazımı köməyin göstərilməsi bizdə dövlətimizə olan inamı daha da artırır. Bu, onu deməyə əsas verir ki, Sizin məmurlar qarşısında qoyduğunuz tələblər uğurla icra edilir.

Möhtərəm Prezident! Biz fəxr edirik ki, Sizin kimi rəhbərimiz var. Sizə uzun ömür, cansağlığı və işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Məhərrəmov Qənbər Məhərrəm oğlu.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Ərəbqubalı kəndi.