İbrahim Əliyevdən, Ağstafa, Azərbaycan
29 sentyabr 2014, 16:00
Möhtərəm cənab Prezident!
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın neft strategiyasını müəyyən edən “Əsrin müqaviləsi” adlı sənədin imzalanması yeni müstəqilliyə qədəm qoymuş Azərbaycan Respublikasının dünyaya açdığı ilk pəncərə oldu. Yubiley tədbirində Sizin tərəfinizdən “Cənub” qaz dəhlizinin təməlinin qoyulması Azərbaycan dövlətçiliyində siyasi və iqtisadi varisliyin daha bir nümunəsini əks etdirdi. Ulu Öndərin imzaladığı neft kontraktları ilə Azərbaycan dövləti XX-XXI əsrlərdə özünün inkişaf xəttinin və xalqının firavan həyatının təməlini qoymuşdusa, Sizin imzaladığınız yeni müqavilə ilə bu inkişafın möhkəmlənməsi təmin edilmiş oldu. Inanırıq ki, bu müqavilə yeni əsrin kontraktı olmaqla Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Cənubi Qafqazda sabitlik və iqtisadi inkişafın daha da genişlənməsinə imkan yaradacaq. Bu gün ölkəmiz keçmiş MDB məkanında sabit ictimai-siyasi şəraiti və dinamik inkişafı ilə digər ölkələrə örnəkdir. Bütün bölgələr kimi Ağstafa rayonu da ildən-ilə deyil, gündən-günə daha abad, daha gözəl olur. Rayonumuzun inkişafına göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq.
Dərin hörmət və ehtiramla,
İbrahim Əliyev, “Ağstafa” qəzetinin baş redaktoru.
Azərbaycan Respublikası, Ağstafa rayonu.