30 sentyabr 2014, 12:30

Telman Məmmədovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident!

Dünyanın əksər ölkələrində daxili çəkişmələrin və münaqişələrin tüğyan etdiyi bir vaxtda Azərbaycanda ictimai-siyasi sabitliyin saxlanması, iqtisadiyyatın və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunması üçün çox səbirli davranılması və möhkəm iradə nümayiş etdirilməsi təqdirəlayiq haldır və Sizin möhkəm siyasi iradəyə malik lider olduğunuzu göstərir.

Biz məcburi köçkünlər də ölkəmizin inkişafından fərəhlənir, həmçinin bizə göstərilən qayğıdan razılığımızı bildiririk. Bu qayğını təkcə biz deyil, xarici vətəndaşlar, beynəlxalq təşkilatlar və onların səlahiyyətli nümayəndələri də yüksək qiymətləndirirlər. Bir milyondan artıq qaçqın və məcburi köçkünün yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, kommunal xidmət haqlarından azad edilməsi, habelə digər yardım və güzəştlər, onlara yemək xərci üçün aylıq müavinətlər verilməsi doğrudan da alqışa layiqdir. Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər artıq neçə ildir ki, təhsil haqqını ödəməkdən azad edilmişlər. İndi məcburi köçkünlər Bakıətrafı qəsəbələrdə və respublikanın müxtəlif bölgələrində salınmış şəhərciklərdə onlara verilmiş təmirli mənzillərdə çox rahat yaşayırlar. Biz Abşeron qəsəbəsində salınmış şəhərcikdə yaşayırıq. Diqqətinizə çatdırmaq istəyirik ki, burada hər cür şərait yaradılıb, ictimai və inzibati binalar tikilərək istifadəyə verilib.

Möhtərəm Prezident!

Bütün xalqımız kimi biz məcburi köçkünlər də Sizdən çox razıyıq. Ölkəmizin inkişafı və xalqımızın rifahının yaxşılaşdırılması naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allah ömrünüzü uzun etsin!

Hörmətlə,

Məmmədov Telman,
Zəngilan rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.