Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

16 oktyabr 2014, 11:10
Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:

- Əziz qonaqlar. Bu gün sizin hamınızı bu zalda görmək bizə xüsusi sevinc bəxş edir. Əminəm ki, indiki görüş Azərbaycan Respublikası və Tacikistan Respublikası xalqlarının rifahı naminə ölkələrimizin zəngin potensialının daha tam və səmərəli şəkildə reallaşması istiqamətində qarşılıqlı səylərin parlaq nümunəsi kimi dövlətlərimizin münasibətlərinin salnaməsinə yeni səhifə yazacaq. Ölkələrimiz regional və qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsinin qəti tərəfdarıdırlar. Onlar istər ikitərəfli formatda, istərsə də üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində dostluq münasibətlərini dəstəkləyirlər. Bugünkü Azərbaycan beynəlxalq münasibətlərin mühüm subyektidir, Qafqaz regionunun iqtisadi, siyasi və mədəni mərkəzidir. Bunu, Azərbaycanın demək olar ki, dünyanın 150 ölkəsi ilə ticarət əməliyyatı aparması və Avropanın bir sıra ölkələrində biznesə sərmayə yatırması təsdiq edir. Bundan əlavə, TRASECA hökumətlərarası komissiyanın daimi katibliyinin fəaliyyəti, Bakıda Dubay Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə nümayəndəliyinin açılması, eləcə də gələn il ölkənizdə Ekobankın illik iclasının keçirilməsi beynəlxalq və regional əməkdaşlıq sistemində Azərbaycanın bir daha önəmli mövqeyinin göstəricisidir. 

Biz əsl dost kimi, şübhəsiz ki, qardaş ölkənin bu nailiyyətlərinə sevinirik.

Fürsətdən istifadə edərək bəyan edirəm ki, Tacikistan Azərbaycanın nüfuzunun möhkəmləndirilməsinə, sülhün bərqərar olmasına, sabitlik və regional əməkdaşlığa hədəflənmiş təşəbbüsləri daim dəstəkləyəcək. 

Əziz qonaqlar. Bir daha xoş gəlmisiniz! Hörmətli İlham Heydər oğlu! Mən böyük məmnunluqla qarşılıqlı münasibətlərimizin vəziyyəti və perspektivləri ilə bağlı fikirlərinizi bölüşməyi xahiş edərdim. Buyurun. 

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Çox sağ olun, hörmətli Emoməli Şərifoviç, əziz dostlar. İlk növbədə, Tacikistana yenidən rəsmi səfər etmək dəvətinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Dost, qardaş Tacikistan torpağında olmağıma çox şadam. Mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən qonaqpərvərlik münasibətlərimizin yüksək səviyyəsinə dəlalət edir. İlk növbədə, Sizi və bütün tacik xalqını müstəqilliyin möhkəmləndirilməsi və Tacikistanın sosial-iqtisadi inkişafı işində böyük nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Həmin uğurlar illik sürətli iqtisadi artım rəqəmlərində özünü göstərir. Bu uğurları elə ilk baxışdan Düşənbənin necə yeniləşdiyini və gözəlləşdiyini görəndə də hiss etmək olar. Qurub-yaratma, inkişaf, beynəlxalq və regional siyasətdə fəal iştirak ölkənizi səciyyələndirir. Biz dost kimi sizin uğurlarınıza sevinirik. 

Əlbəttə ki, rəsmi səfərin imkanlarından istifadə edərək, gələcək əməkdaşlığın yollarını müəyyənləşdirmək istəyirik. Bu gün təkbətək görüşdə qeyd etdiyimiz kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əməkdaşlıq edirik. Biz bütün məsələlərdə bir-birimizi dəstəkləməliyik. Çünki fikir mübadiləsi zamanı qeyd etdiyimiz kimi, bizim çox mürəkkəb, xüsusilə müstəqilliklə bağlı mürəkkəb tariximiz var. Müstəqillik böyük çətinliklərlə əldə edilib. Bəlkə də ən çətin vəziyyətə Tacikistan və Azərbaycan düşmüşdü. Çünki məhz bizim ölkələrimizdə vətəndaş müharibəsi olmuşdu. Sizdə bu müharibə daha uzun müddət çəkdi və daha böyük qurbanlar oldu. Bizdə isə bu müharibə nisbətən az çəkdi, lakin xeyli tələfat oldu. Mahiyyətcə bu sarsıntılar ölkələrimizə inkişaf etməyə imkan vermirdi. Sizin rəhbərliyinizlə Tacikistanda sabitliyin bərqərar edilməsi davamlı inkişaf üçün başlıca amil oldu. Bu gün ölkənizə sərmayələr yatırılır, Tacikistan beynəlxalq və regional təhlükəsizlik sistemində layiqli yer tutur, regionda vacib rol oynayır. Əlbəttə ki, Tacikistan inkişaf etdikcə bu rol daha da artacaq.

gallery-photogallery-photogallery-photo