İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində çörək zavodunun açılışında iştirak edib

15 noyabr 2014, 16:00
İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində çörək zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi ilə əlaqədar olaraq sənayeləşmə siyasəti çərçivəsində qeyri-neft sektorunun şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet məhsulların istehsalı sahələrinin yaradılması, regionların sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri də Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, dövlətin güzəştli kreditləri hesabına çörəkbişirmə sənayesində ən müasir texnologiya və avadanlıqlar tətbiq edilməklə regionlarda və Bakı şəhərinin qəsəbələrində müasir çörək zavodlarının yaradılmasıdır. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 108 milyon manat, gündəlik istehsal gücü 820 tona yaxın olan 27 çörək zavodunun tikintisinə, ən müasir texnologiya və avadanlıqlarla təchiz edilməsinə 49 milyon 500 min manat güzəştli kredit verilib. Bu çörək zavodlarından gündəlik istehsal gücü 437 ton olan 12-si Bakı şəhərinin qəsəbələrində, gündəlik istehsal gücü 382,5 ton olan 15-i isə regionlardadır. Dünyanın aparıcı şirkətlərinin müasir texnologiya və avadanlıqları əsasında qurulmuş gündəlik istehsal gücü 695 ton olan 21 çörək zavodu artıq istifadəyə verilib. Ölkədə ən müasir texnologiyaların tətbiqinə əsaslanan belə iri çörək zavodlarının yaradılması, istehlakçıları yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məhsulları ilə təmin etməyə imkan verib. Respublikanın regionları arasında ilk dəfə olaraq ən müasir avadanlıqlarla təchiz olunmuş və böyük istehsal gücünə malik olan çörək zavodu Şəmkir rayonunda inşa edilib.

Müəssisənin maketi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 2,8 hektar ərazidə inşa olunmuş və dəyəri 20,5 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat güzəştli kredit verilib. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə çörək zavodu dünyanın bu sahədə məşhur şirkətlərinin ən son texnologiyaları əsasında qurulub. Məhsul buraxılışında istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirildikdən sonra bütün xammal - su, un, duz, şəkər, maya və s. xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsal prosesinə buraxılır. Bu da sanitar-gigiyenik normalara əməl edilməklə, yağdan istifadə olunmadan yüksək keyfiyyət standartlarına cavab verən çörək və müxtəlif çeşidli digər məmulatların istehsalına şərait yaradır.

Prezident İlham Əliyev zavodu işə saldı.

İstehsal prosesini izləyən dövlətimizin başçısına məlumat verildi ki, çörək və kruasan bölmələrindən ibarət olan bu zavodda ölkəmizdə ilk dəfə Niderlandın “Daub” şirkətinin termoyağlı boru xətləri tətbiq olunub ki, bu da çörəyin daha yüksək keyfiyyətli bişirilməsini təmin edəcək. Müəssisədə 4 çörək istehsalı, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü sistemi olan anbar quraşdırılıb.

Zavodda “Nəfis çörək” brendi ilə ilkin olaraq 15 növ - sosial, baton, baton kəpəkli, kərpic dietik, kərpic çovdar, tost, dairəvi alman çovdar çörəyi, fransız bageti, türk batonu, borodin çörəyi, rus Baltik çörəyi, rus karavayı, litva çörəyi, duzbucaqlı və üzümlü çiabatta çörəkləri, həmçinin müxtəlif çeşidli bulka və bulka məhsulları istehsal olunacaq. Gələcəkdə məhsulların növləri artırılacaq. Gündəlik layihə gücü 50 ton olan zavodda istehsal prosesi tam avtomatlaşdırılıb. Un xüsusi nəqliyyat vasitələri ilə zavoda gətirilərək hər birinin tutumu 30 ton olan 4 anbara boşaldılır. Bu andan etibarən istehsal prosesi başa çatanadək məhsula insan əli dəymir. Çörəklər növündən asılı olaraq xüsusi xətt vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır ki, bu da məhsulun istifadə müddətini 48 saatadək artırır.

Hazır məhsullarla tanışlıq zamanı Prezident İlham Əliyevə bildirildi ki, müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına imkan verir. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə yüksək keyfiyyətli çörək məhsulları təqdim edilir. Hazır məhsulların istehlakçılara çatdırılması üçün ixtisaslaşdırılmış 8 nəqliyyat vasitəsi alınıb və satışın həyata keçirilməsi üçün 15 brend mağaza yaradılır. Zavodda ikinövbəli iş rejimi tətbiq edilməklə, ümumilikdə 100-dək yeni iş yeri açılıb.

Prezident İlham Əliyev müəssisənin potensialından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10