Gerb

28 dekabr 2010, 12:35
W1siziisijiwmtuvmdyvmtuvodb4ehmxywvmel8zmza2lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=2caa28015317e3fa

Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Oğuz-Qəbələ-Bakı su kəmərinin Abşeron qurğular kompleksinə gələn dövlətimizin başçısını mərasim iştirakçıları hərarətlə qarşıladılar.

“Azərsu” Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayev məlumat verdi ki, Oğuz və Qəbələ rayonlarından yüksək keyfiyyətli içməli suyun Bakıya gətirilməsi təşəbbüsünün müəllifi ümummilli lider Heydər Əliyevdir. Ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev isə Azərbaycanın ən nəhəng infrastruktur layihələrindən olan bu ideyanın reallaşması istiqamətində mühüm addımlar atmışdır. 2007-ci ilin martında Oğuz rayonunun Sincan kəndində bu layihənin təməli qoyulmuş və tikinti işlərinə başlanmışdır. Uzunluğu 262 kilometrdən çox olan kəməri su ilə təmin etmək üçün çoxlu artezian quyusu qazılmış, yarımstansiya quraşdırılmışdır. Oğuz rayonu ərazisində dəniz səviyyəsindən 417 metr yüksəklikdə baş suqəbuledici qurğular kompleksi tikilmiş, eyni zamanda, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olunmuşdur.

İdarəetmə məntəqəsində Prezident İlham Əliyevə təqdim olunan marşrut maketi əsasında boruların diametri, kəmərin uzunluğu, su sərfi, çay, şose və dəmir yolu keçidləri, axına nəzarət, təzyiqqırıcı və təzyiqnizamlayıcı kameralar barədə ətraflı məlumat verildi.

Kəmərin suqəbuledici qurğular sisteminin sxematik planı ilə tanış olan dövlətimizin başçısı Oğuz-Qəbələ-Bakı və mövcud su kəmərləri vasitəsilə Bakı şəhərinə gələn suların paylanması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişindən əvvəl və sonra paytaxtın su təminatı, kəmərin Oğuz rayonu ərazisindəki suqəbuledici qurğular kompleksinin sxematik planlarını nəzərdən keçirdi. Bildirildi ki, bu günədək paytaxt əhalisinin 40 faizi fasiləsiz, 60 faizi isə müəyyən cədvəl üzrə su ilə təmin olunurdu. Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildikdən sonra əhalinin 75 faizə qədəri fasiləsiz, qalanları isə müəyyən cədvəl üzrə içməli su alacaqdır. Cədvələ uyğun su verilməsi müddəti 2 dəfəyə qədər artacaqdır.

Daha sonra bildirildi ki, paytaxtda yeni su xətləri çəkiləcək, mövcud kiçik diametrli borular böyükləri ilə əvəz olunacaq və bununla da yaxın bir neçə ildə şəhərə cədvəl üzrə su verilməsi tamamilə aradan qaldırılacaqdır. Bakıətrafı yaşayış məntəqələrində isə bu problem yeni su təchizatı və kanalizasiya sisteminin yaradılması ilə həllini tapacaqdır.

Burada Prezident İlham Əliyevə su kəmərinin təhlükəsizliyini təmin edən SCADA sistemi barədə də məlumat verildi. Bildirildi ki, bu sistem kəmərdə baş verə biləcək bütün qəzalar və sızmalar haqqında məlumatı dərhal mərkəzi aparata ötürmək imkanına malikdir.

Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri ilə içməli suyun paytaxta verilməsini bildirən qurğunu işə saldı.

Dövlətimizin başçısı kompleksdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış oldu. Muzeydə ulu öndərin rəhbərliyi ilə ölkənin su təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif dövrlərdə həyata keçirilən tədbirləri əks etdirən fotolar və videomateriallar toplanmışdır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür suyunun paytaxta verilməsi üçün görülən işləri əks etdirən sənədli videogörüntülərə baxdı.

Muzeyin digər guşəsində Prezident İlham Əliyevin bu missiyanı uğurla davam etdirməsini əks etdirən fotoşəkillər vardır. Burada Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsini əks etdirən fotolar da nümayiş olunur.

Prezident İlham Əliyev kompleksin inzibati binasında yaradılmış şəraitlə tanış oldu. Dövlətimizin başçısı burada suyun fiziki və kimyəvi analizinin aparıldığı laboratoriyaya baxdı. Bildirildi ki, suyun tərkibinə daim nəzarət etmək üçün burada ən müasir avadanlıq və cihazlar quraşdırılmışdır.

Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta gətirilən sudan içdi.

Sonra dövlətimizin başçısı kəmərdən suyun qəbuledici kameraya daxil olması prosesini izlədi. Bildirildi ki, kəmərdən qəbul edilən su burada öz axarı ilə şəhərdəki mövcud anbarlara ötürülür, oradan isə paytaxtın müxtəlif istiqamətlərinə paylanılır.

Oğuz-Qəbələ-Bakı su kəmərinin sonuncu nöqtəsi olan və dəniz səviyyəsindən 190 metr yüksəklikdə yaradılan Abşeron qurğular kompleksi paytaxtın 17-ci kilometrliyində yerləşir. Burada kəmərin idarə olunması üçün bütün infrastruktur müasir səviyyədə qurulmuşdur. Layihə üzrə idarəetmə və nəzarətin beynəlxalq təcrübəyə uyğun reallaşdırılması üçün tender yolu ilə Almaniyanın “CES Consaulting Engineers Salzgitter” şirkəti seçilmişdir.

Su kəmərinin layihələndirilməsi və tikintisi “Turan Xəzinədaroğlu İnşaat və Ticarət”-“Tekser İnşaat Sənaye və Ticarət”-“Gəncə körpü tikinti-2” hüquqi şəxslər birliyi tərəfindən həyata keçirilmişdir.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Əziz dostlar, bu gün biz çox gözəl və əlamətdar hadisəni qeyd edirik. Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilir. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu, doğrudan da böyük və tarixi hadisədir. Bildiyiniz kimi, Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin mövcudluğu haqqında hələ bir neçə onillik bundan əvvəl məsələ qaldırılmış və o bölgədən Bakıya suyun gətirilməsi üçün təkliflər irəli sürülmüşdü.

Ancaq o illərdə bu layihəni reallaşdırmaq mümkün olmamışdı. Biz bu gün müstəqil Azərbaycanda şəhərimiz, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən bu layihəni həyata keçirdik. Bu, böyük nailiyyətdir, böyük qələbədir. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan hər şeyə qadirdir. Biz ölkəmizi gücləndirmək, ölkəmizdə iqtisadi islahatların uğurla aparılması üçün bütün tədbirləri görürük, insanların sağlamlığı, rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. 

Beş il bundan əvvəl Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə bağlı təşəbbüs irəli sürüldü. Mən o günləri yaxşı xatırlayıram. 2005-ci ildə mənim təşəbbüsümlə geniş müşavirə keçirildi. Müşavirədə layihənin müxtəlif parametrləri müzakirə edildi. O vaxt biz əlbəttə bəlkə təsəvvür edə bilməzdik ki, bu, nə dərəcədə böyük və mürəkkəb layihə olacaqdır. Ancaq iradəmiz və istəyimiz bizə bu layihənin həyata keçirilməsinə imkan yaratdı. 2007-ci ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin təməl daşı qoyuldu, ondan sonra tikintisi başladı və bu gün biz artıq bu kəmərin istifadəyə verilməsini bərabər qeyd edirik.

Bu kəmərin Bakı sakinləri üçün çox böyük əhəmiyyəti olacaqdır. Bildiyiniz kimi, Bakı şəhərində əhalinin 60 faizi içməli suyu fasilələrlə alır. Əlbəttə ki, müasir şəhər üçün bu, dözülməz bir vəziyyətdir. Bakıda su problemi əsrlər boyu mövcud idi. Bütün dövrlərdə Bakının içməli su ilə təmin edilməsi üçün müxtəlif tədbirlər görülürdü. Ancaq paytaxtımızın böyüməsi, şəhərdə əhalinin artması nəticəsində əlbəttə ki, görülən tədbirlər lazımi səmərə vermirdi. Ona görə yeni mənbədən təmiz, keyfiyyətli suyun Bakıya gətirilməsi qarşımızda duran əsas məsələlərdən biri idi. Mən çox şadam ki, biz buna nail olduq. Mənə verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti nəticəsində Bakı şəhərinin əhalisinin 75 faizi fasiləsiz təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə təmin ediləcəkdir.

Biz bundan sonra da çalışmalıyıq ki, Bakı şəhərinin su probleminin əsaslı şəkildə həll edilməsinə nail olaq. Bu məqsədlə əlavə tədbirlər görüləcəkdir. Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron su kanalının istifadəyə verilməsi nəticəsində Bakıda suyun həcmi daha da artacaqdır. Bununla bərabər, artıq bu vaxta qədər bu layihə - Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi və nəzərdə tutulmuş digər layihələr çərçivəsində böyük işlər görülmüşdür. Bakıda su anbarları, paylayıcı xətlər tikilmişdir. Yəni, biz bu infrastrukturu tamamilə yeniləşdirməliyik və elə etməliyik ki, Bakıda su təchizatı ilə bağlı vəziyyət dünyanın aparıcı şəhərlərində olan vəziyyətdən geri qalmasın, bəlkə də ondan daha da yaxşı olsun.

Buna nail olmaq üçün bizdə bütün imkanlar vardır. İlk növbədə güclü iradə, düşünülmüş siyasət vardır. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Biz bu kəmərin tikintisinə böyük maliyyə vəsaiti ayırdıq və bilirik ki, bu vəsait bəlkə də geri qayıtmayacaqdır. Çünki bildiyiniz kimi, bu layihə kommersiya xarakteri daşımır. Bu, sırf sosialyönümlü layihədir və böyük vəsaitin ayrılması onu göstərir ki, Azərbaycan dövləti öz əhalisinin yaxşı, keyfiyyətli içməli su ilə təmin edilməsi üçün hər şeyə qadirdir.

Əgər iqtisadi imkanlarımız olmasaydı, əlbəttə ki, biz bu layihəni həyata keçirə bilməzdik. Çünki inanmıram ki, hansısa beynəlxalq maliyyə qurumu bu layihəyə kredit ayıra bilərdi. Çünki adətən, daha çox kommersiya xarakterli layihələrə vəsait ayrılır. Digər tərəfdən, əgər Azərbaycanın bu gün güclü maliyyə resursları olmasaydı, ümumiyyətlə, xaricdən kredit almaq məsələsi gündəlikdə qalmazdı. Bizim uğurlu iqtisadi siyasətimiz, Azərbaycanın ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və bu gün uğurla icra edilən neft strategiyası bütün bu reallıqları mümkün etmişdir.

Bu gün xaricdən, xarici maliyyə bazarlarından Azərbaycana vəsait cəlb etmək üçün bütün imkanlarımız vardır. Ancaq bu layihəni özümüz öz hesabımıza, kredit almadan həyata keçirdik. Bu layihə Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilmişdir. Bilirsiniz ki, Dövlət Neft Fondunun həyata keçirdiyi layihələr ölkənin inkişafı üçün prioritet məna daşıyır. Hər bir layihənin Dövlət Neft Fondunun investisiya portfelinə daxil edilməsi, əlbəttə ki, geniş müzakirə olunur və lazımi qərarlar qəbul edilir. Neft Fondunun xətti ilə icra edilmiş layihələr bizim üçün prioritet layihələrdir və Oğuz-Qəbələ-Bakı su kəmərinin bu layihələr sırasına salınması bizim niyyətimizi göstərir. Əgər vaxtilə Azərbaycanda uğurlu neft siyasəti aparılmasaydı, bu layihə elə layihə kimi qalacaqdı. Bu layihənin Dövlət Neft Fondunun vəsaiti ilə həyata keçirilməsi digər tərəfdən rəmzi xarakter daşıyır. Neft hasilatından, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından əldə edilmiş gəlirlər Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə yönəldilmişdir.

Bu, doğrudan da çox rəmzi xarakter daşıyan bir məsələdir, bir daha Azərbaycanın uğurlu siyasətini göstərir. Bir də onu göstərir ki, bizim üçün ən böyük sərvət, ən böyük dəyər Azərbaycan vətəndaşıdır. Bizim təbii sərvətlərimiz, artıq güclü iqtisadiyyatımız vardır. Ancaq ölkəmizi gücləndirən, gələcəyə aparan və ölkəmizdə bütün prosesləri müsbət istiqamətdə inkişaf etdirən Azərbaycan vətəndaşlarıdır. Biz bu uğurlara Azərbaycan vətəndaşlarının zəhməti hesabına nail ola bilmişik.

Biz bundan sonra da çalışacağıq ki, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək. Oğuz-Qəbələ-Bakı su kəməri bunu çox açıq-aydın göstərir. Bu, bir daha demək istəyirəm ki, böyük maliyyə vəsaiti, böyük texniki peşəkarlıq tələb edən layihədir. Biz indiyədək bu ölçüdə, bu həcmdə su kəmərləri tikməmişik. Ancaq bu gün biz bunu uğurla həyata keçirə bilmişik. Əsas məsələ ondan ibarətdir ki, bütün başqa sahələrdə nəzərdə tutulan buna bənzər tədbirlər görülsün. Bizim konkret proqramlarımız - regional inkişaf proqramı, ölkəmizin gələcək inkişaf proqramı vardır. Biz fəaliyyətimizi bu proqramlara uyğun şəkildə qururuq. Son illər ərzində əldə edilmiş uğurlar, artan iqtisadiyyat və gözəlləşən, abadlaşan şəhərlər, yeniləşən infrastruktur – bütün bunlar Azərbaycan reallıqlarıdır.

Ölkəmiz gələcəyə uğurla gedir. Bu gün həyata keçirilən infrastruktur layihələri ölkəmizin bundan sonra uzun müddət ərzində, onilliklər ərzində uğurlu inkişafına xidmət göstərəcəkdir. Elektrik xətləri, qazlaşdırma, yolların çəkilməsi, sosial infrastrukturun yaradılması, su kəmərlərinin tikintisi. İndi isə Oğuz-Qəbələ-Bakı su kəməri içməli su layihələri arasında ən böyük layihədir.

Ancaq bununla bərabər hazırda Azərbaycanın bütün bölgələrində içməli su və kanalizasiya problemlərinin həlli üçün praktiki işlər, yaxud da ki, bu işlərin görülməsi üçün hazırlıq tədbirləri aparılır. Bütün rayonlarda bu ağır və çətin, bizim üçün həmişə, əfsuslar ki, ənənəvi olan bu problem öz həllini tapacaqdır. Bununla bərabər, hazırda çaylar boyu yerləşən kəndlərdə sutəmizləyici qurğuların quraşdırılması nəticəsində 300 mindən artıq Azərbaycan vətəndaşı Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edilir. Bu proses davam etdirilir. Onlar vaxtilə keyfiyyətsiz çay sularından istifadə edirdilər.

Yəni bu gün qarşımızda duran əsas məsələlərdən biri içməli su, kanalizasiya layihələrinin həyata keçirilməsidir. Biz çalışırıq ki, bu məsələ də Azərbaycanda dünya səviyyəsində həll olunsun. Mən ümid edirəm ki, yaxın zamanlarda, bir neçə ildən sonra bu problem ölkə miqyasında bütövlükdə həllini tapacaqdır. Bir daha demək istəyirəm ki, bunu etmək üçün bizdə bütün imkanlar, güclü siyasi iradə, düşünülmüş siyasət, konkret proqramlar, artıq peşəkar kadrlar, güclü yerli şirkətlər vardır. Xarici şirkətlərlə əməkdaşlığımız uğurludur və bu layihənin icrasında xarici şirkətlər iştirak etmişlər. Bizdə artıq güclü maliyyə bazası vardır, daxili imkanlar çox böyükdür. Biz istənilən layihəni öz gücümüzlə həll edə bilərik və bunu edirik. İcra edilən bütün layihələrin məqsədi Azərbaycanı gücləndirmək, Azərbaycanda iqtisadi inkişafı sürətləndirmək, insanların yaşayış səviyyəsini və rifah halını yaxşılaşdırmaqdır. Budur bizim əsas məqsədimiz və hədəfimiz.

Bu gün tarixdə qalacaqdır. Bu kəmər, bir də demək istəyirəm ki, insanlara rahatlıq, sağlamlıq gətirəcək, su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir. Təmiz su, təmiz hava – biz bütün bunlara nail olmalıyıq. Bu gün Bakıda və başqa bölgələrdə görülən işlər - ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş işlər bu məqsədi daşıyır. Bu gün Bakıda böyük məişət tullantıları emalı zavodu tikilir, artıq Balaxanı zibilxanası təmizlənibdir və oradan tüstülər daha qalxmır, şəhəri bürümür. Bu, təmiz hava deməkdir. Biz “Avro-2” standartlarına keçmişik. İndi “Avro-3” standartlarına, ondan sonra “Avro-4” və s. daha da yüksək ekoloji standartlara keçməliyik. Bu, nəyə gətirib çıxaracaqdır?! Ona gətirib çıxaracaqdır ki, hava daha da təmiz olacaqdır.

Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Əlbəttə ki, istər-istəməz bu, havanı çirkləndirir. İnsanların yaşayış səviyyəsi qalxır, hər il Bakıya on minlərlə avtomobil gətirilir. Bu da, əlbəttə, havanın çirklənməsinə ən böyük zərbə vuran amildir. Biz havanı təmizləməliyik. İçməli su keyfiyyətli olmalıdır ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. İdmanla məşğul olmaq – bu da sağlamlıqdır. Yeni xəstəxanaların, diaqnostika komplekslərinin tikintisi - bu da sağlamlığı qoruyan amillərdir. Təmiz içməli su, təmiz hava, təmiz ekologiya – bunlar da sağlamlıqdır. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar. Elə etməliyik ki, dünyada mövcud olan ən qabaqcıl meyarlar Azərbaycanda bütün sahələrdə, o cümlədən insanın sağlamlığı üçün əsas olan içməli su məsələlərində tətbiq edilsin.

Mən sizi, Bakı sakinlərini, bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan vətəndaşlarını əmin etmək istəyirəm ki, bundan sonra da biz öz fəaliyyətimizdə ölkəmizin inkişafı, Azərbaycanda sosial problemlərin həlli üçün əlimizdən gələni edəcəyik və ölkəmizi irəliyə uğurla aparacağıq. Əziz dostlar, fürsətdən istifadə edərək qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

X X X

“Azərsu” Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayevin çıxışı

- Möhtərəm cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu sosial-iqtisadi inkişaf siyasəti, cənab Prezident, Sizin tərəfinizdən uğurla davam etdirilir.

Bu inkişaf Sizin böyük qayğı və diqqətiniz sayəsində infrastrukturun bütün sahələrində olduğu kimi, su sektorunda da öz əksini tapmışdır.

Möhtərəm cənab Prezident!

Su ehtiyatları az olan ərazidə yerləşən Bakı şəhəri zaman-zaman içməli su ilə bağlı problemlərlə qarşılaşmışdır. Keçən əsrin əvvəllərində şəhərdə içməli su ilə bağlı yaranmış problem Şollar su kəmərinin tikilməsi ilə aradan qaldırılmışdır. 1970-ci illərdə Bakı şəhərinin içməli suya artan tələbatı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərlərinin tikilməsi sayəsində həll edilmişdir.

Bakı şəhərinin su təchizatı sistemlərinin sıradan çıxması təhlükəsinin meydana gəldiyi 1990-cı illərdə ulu öndərimizin böyük qayğısı və beynəlxalq nüfuzu sayəsində Dünya Bankı tərəfindən su sektoruna ilk dəfə güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi.

Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabr ayında keçirdiyi geniş müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdi. Bu tapşırığa əsasən su mənbəyi ilə bağlı araşdırmalara başlanılmış və Sizin göstərişinizlə, cənab Prezident, bu işlər davam etdirilmişdir.

Möhtərəm cənab Prezident!

Respublikada su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı 2005-ci ilin sentyabrında keçirdiyiniz müşavirədə verdiyiniz tapşırıqlardan sonra Bakı şəhərinin keyfiyyətli su ilə təmin edilməsi üçün çəkiləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsi hazırlandı və 2007-ci ilin martında Oğuz rayonunda Siz bu layihənin təməlini qoydunuz. Siz bu addımınızla XXI əsrin böyük layihələrindən birinə imza atdınız. Bu, yalnız Sizin kimi xalqını və Vətənini sevən bir rəhbərə xas olan xüsusiyyətdir. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanımızı məhv olmaqdan xilas etdi və çiçəklənən bir respublikaya çevirdi. Siz isə, cənab Prezident, bu inkişafı daha da artıraraq müstəqil dövlətimizi yüksək zirvələrə doğru inamla aparırsınız.

Möhtərəm cənab Prezident,

Sizin sərəncamınızla layihələndirilən və tikintisi uğurla başa çatdırılan Oğuz-Qəbələ-Bakı su kəməri bu gün ölkə əhalisi, xüsusən paytaxt sakinləri üçün ən gözəl töhfədir. Çünki su həyatdır, harada su varsa, orada inkişaf vardır, haraya su gedirsə, orada həyat qaynayır.

Əlamətdar haldır ki, hələ vaxtilə “Bakıya bol-bol su gətirəcəyik”, – deyən ulu öndərin böyük arzularından biri olan həyati vacib bu su kəmərinin tikintisi məhz onun sadiq davamçısı, idarəçilik məktəbinin layiqli yetirməsi kimi Sizin rəhbərliyiniz, böyük diqqət, qayğı, məsləhətiniz sayəsində baş tutmuşdur. Əminliklə deyə bilərik ki, ölkəmizdə həyata keçirilən digər nəhəng layihələr kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi də xalqımızın həyatı üçün tarixi əhəmiyyət kəsb edən hadisələrdən biridir.

Bu su kəməri qarşıdakı illərdə Bakı şəhərinin içməli suya olan tələbatını ödəməyə imkan verəcək, insanlar təmiz, saf, keyfiyyətli sudan doyunca bəhrələnəcəklər. Bu su kəməri Neft Fondunun vəsaiti hesabına tikilib başa çatdırılmışdır.

Bu, cənab Prezident, Sizin rəhbərliyiniz altında ölkədə gedən böyük quruculuq işlərinin, iqtisadi inkişafın və tərəqqinin daha bir əyani göstəricisidir.
Möhtərəm cənab Prezident!

İcazənizlə layihənin icrası ilə bağlı məlumat verim. Bu layihəni şərti olaraq iki hissəyə bölmək olar: magistral su kəməri və suötürücü qurğular kompleksi.

Magistral su kəməri uzunluğu 262 kilometr, diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla, özaxınlıdır, təzyiqlidir. Su kəməri 8 rayonun ərazisindən keçir. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 kilometrlik hissəsi polad borulardan tikilmişdir.

Su kəməri boyunca 25 metr enində sanitar-mühafizə zonası yaradılmışdır. Su kəməri 10 yerdə çay məcrasını 8-10 metr dərinlikdə çayın altından, 2 yerdə məcranın üstündən dayaqlar üzərindən, 8 yerdə avtomobil, 2 yerdə isə dəmir yolunu kəsərək keçmişdir. Çay keçidlərində boru kəməri dəmir-beton köynəklə mühafizə olunmuşdur. Su kəmərini normal istismar etmək üçün müxtəlif ölçmə avadanlığı və qurğular tikilməklə SCADA idarəetmə sistemi yaradılmışdır. SCADA sistemi vasitəsilə quyular da daxil olmaqla su kəmərinin hidravlik iş rejimi nəzarətdə saxlanılacaq, su kəmərində baş verə biləcək sızmanın yeri və axıntının miqdarı müəyyənləşdiriləcəkdir.

Suötürücü qurğular kompleksi isə 25 kilometrə qədər ərazini əhatə edir. Bu ərazidə 2 cərgə üzrə 100 istismar və 20 müşahidə quyusu qazılmışdır. İlkin Texniki-İqtisadi Əsaslandırmaya əsasən quyuların 150 metr dərinlikdə 350 millimetr diametrdə paslanmayan polad borulardan qazılması və hər quyudan saniyədə 50 litr suyun götürülməsi nəzərdə tutulmuşdur. Dəqiqləşdirilmiş layihəyə əsasən quyular 170 metrə qədər dərinlikdə qazılmış və hər quyudan saniyədə 70-120 litr su çıxarılır.

Quyulardan çıxan suların öz axını ilə toplanması üçün ümumi uzunluğu 70 kilometr sutoplayıcı şəbəkə tikilmişdir. Quyulardan çıxan sular bu şəbəkə ilə magistral su kəmərinin başlanğıcında tikilmiş suqəbuledici kameraya daxil olur və xlorlanaraq hər birinin həcmi 10 min kubmetr olan iki su anbarına, oradan isə magistral kəmərə ötürülür.

Möhtərəm cənab Prezident!

Qazılmış quyuların bəzilərindən su öz axını ilə, bəzilərindən isə nasosların köməyi ilə çıxarılır. Nasoslar üçün 6 MVt gücündə elektrik enerjisi tələb olunur. Bu güclə enerjini təmin etmək üçün 110/35/10 kV-lıq elektrik yarımstansiyası tikilmişdir. Bu yarımstansiyanı qidalandırmaq üçün iki mənbədən ümumi uzunluğu 72 kilometr olan 110 kV-lıq yüksək gərginlikli elektrik xətləri çəkilmişdir.

Bu yarımstansiya quyularla yanaşı, regionun yaşayış məntəqələrinin də elektrik təchizatının yaxşılaşmasına imkan verəcəkdir.

Bu su kəmərinin ən önəmli cəhətlərindən biri də quyulardan çıxan suyun bir yerə toplanaraq özüaxımlı olmaqla Bakı şəhərinə daxil olmasıdır. Məhsuldarlığı eyni olan Kür su kəmərləri ilə müqayisədə Oğuz-Qəbələ-Bakı su kəmərinin enerji sərfiyyatı 7 dəfəyə qədər azdır. Quyu sahəsi üçün 300 metr enində sanitar-mühafizə zonası yaradılmışdır.

Möhtərəm cənab Prezident,

Oğuz-Qəbələ-Bakı su kəməri ilə verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının bütün tələblərinə tam uyğundur və dünyanın bir çox iri şəhərlərinə verilən suların keyfiyyət göstəricilərindən üstündür.

Bu kəmərin tikintisində ümumilikdə 285 kilometrdən çox diametri 2000 millimetr olan borular, 65 kilometrdən çox diametri 300-1600 millimetr olan borulardan istifadə edilmiş, 15 milyon kubmetrdən çox torpaq, borunun yanlarının kipləşdirilməsi üçün 7 milyon kubmetrdən çox qum-çınqıl işləri görülmüş və min ədəddən çox müxtəlif diametrli siyirtmə quraşdırılmışdır.

Möhtərəm cənab Prezident!

Bildiyiniz kimi, Bakı şəhəri 4 mənbədən su ilə təmin olunur. Ümumilikdə şəhərə hazırda saniyədə 10,2 kubmetr su verilir.

Su şəbəkəsinin uzunmüddətli istismarı, mövcud şəbəkənin şəhərin inkişafı və əhalinin sürətlə artımını təmin edə bilməməsi, binaların zirzəmilərindəki su xətlərinin istismar müddətinin keçməsi və digər səbəblərdən şəhərin su təchizatında problemlər yaranırdı.

Bu səbəblərdən şəhər əhalisinin təxminən 40 faizə qədəri fasiləsiz, 60 faizi isə cədvəl üzrə içməli su ilə təmin olunur.

Möhtərəm cənab Prezident!

Oğuz-Qəbələ-Bakı su kəməri ilə şəhərə verilən suyun qəbul edilməsi və paylanması üçün Sizin göstərişinizlə Bakı şəhərində 250 kilometrdən çox su xətti, 15 ədəd nasos stansiyası, 70 min kubmetr tutumu olan yeni su anbarları tikilmiş, ümumi həcmi 100 min kubmetr olan mövcud su anbarları yenidən qurulmuş, 310 kilometrdən çox kanalizasiya xətti çəkilmiş və digər işlər görülmüşdür. Bunlardan əlavə, bir çox işlərin mərhələlərlə davam etdirilməsinə ehtiyac vardır.

Bu gün su kəməri istifadəyə verilir və suyun şəhərə nəqlinə başlanılır. Texniki tələblərə uyğun olaraq su kəməri fevral ayı ərzində tam layihə gücündə işləməyə başlayacaq və ümumilikdə şəhərə saniyədə 15,2 kubmetr su veriləcəkdir. Son illərdə aparılmış yenidənqurma işləri nəticəsində şəhərin 40 faiz fasiləsiz su alan əhalisinin sayı 75 faizə qədər artacaqdır. Eyni zamanda, 60 faiz cədvəl üzrə su alan əhalinin sayı 25 faizə qədər azalacaq və cədvəllərin müddətləri 2 dəfədən çox uzadılacaqdır.

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınıza əsasən Bakı şəhərinin ətraf qəsəbə və kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə kreditlərin ayrılması üçün bir neçə beynəlxalq maliyyə təşkilatları ilə ilkin razılaşma əldə olunmuş və bu işlər davam etdirilir. Gələn ilin sonuna qədər bir neçə qəsəbə üzrə tikinti işlərinin başlanması planlaşdırılır. Cənab Prezident, Sizin gündəlik qayğınız, nəzarətiniz nəticəsində xalqımızın taleyi ilə bağlı bu irihəcmli layihənin reallaşması ölkəmizin həyatında yeni bir səhifə açır. Yaranmış ənənəyə uyğun olaraq Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası və istifadəyə verilməsi tamamilə haqlı olaraq, möhtərəm cənab Prezident, Sizin adınızla tarixə qızıl hərflərlə yazılacaq və xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Oğuz-Qəbələ-Bakı su kəməri ilə Bakıya axan dumduru bulaq suyunu içən şəhər sakinləri Sizə dərin minnətdarlıqlarını, təşəkkürlərini bildirəcək, “sağ olun” deyəcəklər.

İcazə verin, xalqımızın sağlamlığı və paytaxtımızın inkişafı naminə son dərəcə mühüm əhəmiyyət kəsb edən su kəmərinin tikintisinə göstərdiyiniz xüsusi diqqətə, böyük qayğı və köməyə görə çoxsaylı kollektivimiz və inşaatçılar adından Sizə dərin minnətdarlığımı bildirim.

Sizi əmin edirəm ki, əhalinin sosial rifahının yüksəldilməsi və ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyiniz işlərin və qarşımızda qoyduğunuz məsələlərin həll edilməsində “Azərsu” Səhmdar Cəmiyyətinin kollektivi var qüvvəsini əsirgəməyəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun çıxışı

- Zati-aliləri, möhtərəm Prezident!

Hörmətli tədbir iştirakçıları!

Bu gün ölkəmizin, ələlxüsus paytaxtımızın həyatında əlamətdar, yaddaqalan, nadir tarixi hadisə baş verir. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinin başa çatması ilə Bakı şəhər əhalisinin təmiz içməli suya olan tələbatı həll edilir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə həyata keçirilən bu misilsiz və ölçüyəgəlməz layihə qədirbilən paytaxt sakinləri üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində böyük töhfə və çox dəyərli hədiyyədir. Su bütün dövrlər üçün həyatın başlanğıcı, onun davamlı inkişafı və milli tərəqqimizin qarantı deməkdir. Başqa sözlə, su həm həyat, həm sağlamlıq, təmizlik, həm də paklıq deməkdir. Su, eyni zamanda, millətin genofondunun sağlam təməl üzərində qurulması deməkdir. Torpaqda çalışan insanlar üçün isə su həm də ruzi və bərəkət deməkdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin Bakıya çəkilməsi yaddaşlardan silinməyəcək fövqəltarixi bir hadisədir.

Zati-aliləri, möhtərəm Prezidentimiz, dövlətimizin başçısı kimi Sizin, son illər ictimai həyatımızın bütün istiqamətləri üzrə gördüyünüz təqdirəlayiq, milli, mənəvi və maddi dəyərlərin inkişafına xidmət edən işlər, o cümlədən Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi tarix və müasirlik, real obyektivlik baxımından Azərbaycan xalqına onun böyük və layiqli oğlu tərəfindən yaddaşlarda həmişəlik həkk olunacaq əbədi bir ərməğandır.

Yeri gəlmişkən, yeni su kəmərinin çəkilişi Azərbaycan xalqı üçün son dərəcə əziz və dəyərli olan üç tarixi hadisəni yada salmağa sövq edir. Birinci, Bakının su problemini həll etmək üçün görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Quba-Bakı su kəməri vasitəsilə Bakı şəhərinə Şollar suyunu çəkdirdi. İkinci, ulu öndər Heydər Əliyev gələcək uğurlarımızdan xəbər verəcək Bakı-Tbilisi-Ceyhan neft kəmərini çəkdirməklə öz milləti, xalqı və dövləti qarşısında milli təəssübkeşlik hissini və vətəndaşlıq borcunu yerinə yetirdi. Üçüncü, nəhayət, 2010-cu ilin dekabrında möhtərəm Prezidentimiz İlham Əliyev millətin gələcək inkişafı naminə Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişini başa çatdırmaqla yeni tarix salnaməsinin yeni parlaq səhifələrini yazdı. Bu mənada tam qətiyyətlə və əminliklə deyə bilərik ki, əgər ulu öndər öz rəşadətli əməyi, heyrətamiz zəkası, uzaqgörənliyi və hər siyasi xadimə qismət olmayan fəlsəfi müdrikliyi ilə müstəqil Azərbaycan dövlətinin, dövlətçiliyinin möhkəm, sarsılmaz əsasını qoydusa, zati-aliləri İlham Əliyev bu dövlətçilik ənənələrini göz bəbəyi tək qoruyaraq respublikamızın gündən-günə yeniləşən və modernləşən inkişaf strategiyasının ana xəttini müəyyənləşdirdi. Bu isə nəticə etibarilə bugünkü və gələcək uğurlarımızın astanası, başlanğıcı, davamlı və sonsuz inkişafı deməkdir.

Əziz və hörmətli Prezidentimiz, Azərbaycan xalqının gözəl adət-ənənələri, zərb məsəlləri və müdrik atalar sözləri vardır. Bunlardan birinə istinadən Sizə üzümü tutaraq deyirəm: “Qoy ömrünüz su qədər uzun olsun”. Siz bu nəcib, xeyirxah, müqəddəs işi görməklə əbədiyaşarlıq, dərin hörmət və izzət qazandınız. Qoy Allah-taala Sizi qorusun, ömrünüzü su qədər şirin, saf və parlaq etsin.

Möhtərəm Prezidentimiz, icazə verin, bütün Bakı şəhərinin sakinləri və şəxsən öz adımdan Bakıya həyat suyu axıdacaq kəmərin açılışına görə Sizə dərin minnətdarlığımı, ülvi, təbii, saf hisslərdən doğan rəğbətimi və təşəkkürümü bildirim. Diqqətinizə görə təşəkkür edirəm. 


Böyük ölçüdə



Böyük ölçüdə