Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20 noyabr 2014, 18:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək, ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq və mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün 8,0 (səkkiz) milyon manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2014-cü il.