Gerb

29 dekabr 2010, 12:03

Möhtərəm cənab Prezident!

Məlum olduğu kimi, bu gün Azərbaycan Respublikasının sosial-iqtisadi həyatının bütün istiqamətlərində, o cümlədən də səhiyyə sahəsində sürətli inkişaf baş verir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti hazırda ulu öndərin layiqli davamçısı kimi Zati-aliləri, Siz uğurla inkişaf etdirirsiniz. Bir-birinin ardınca müasir standartlara cavab verən səhiyyə müəssisələrinin istifadəyə verilməsi ilə yanaşı, səhiyyəmizdə əməyi olmuş görkəmli şəxsiyyətlərə xüsusi diqqət yetirilməsi, onların adlarının əbədiləşdirilməsi qeyd etdiklərimə gözəl nümunədir. 

Belə ki, 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda tibb təhsili və səhiyyəsinin təşkilatçısı, respublikada cərrahlıq məktəbinin banilərindən biri, akademik M.Topçubaşovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı geniş məzmunlu tarixi bir sərəncam imzaladı. Həmin sərəncamla başlanan ənənə bu gün də davam edir. Alimin adını daşıyan Elmi-Cərrahiyyə Mərkəzinin əsaslı təmir və yenidənqurma işlərindən sonra bu il dekabrın 24-də istifadəyə verilməsi, açılış mərasimində söylədiyiniz dərin məzmunlu nitqiniz səhiyyəmizə göstərdiyiniz əvəzolunmaz qayğı ilə yanaşı, alimin ruhuna sonsuz hörmətin ifadəsidir. 

Səhiyyə xadiminin ailəsi adından Sizə dərin təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək, Zati-alinizə və ailənizə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımızın xoşbəxt gələcəyi naminə uzun ömür və cansağlığı arzulayıram. 

Akademik M.Topçubaşovun ailəsi adından dərin hörmət və ehtiramla,

Ceyhun Topşubaşov.
Azərbaycan Respublikasının Bakı şəhəri, Y.Məmmədəliyev küçəsi, ev 10, mən 16.