Gerb

30 dekabr 2010, 15:08

Xalqımızın tarixi nailiyyəti olan dövlət müstəqilliyimizi daha da möhkəmləndirən, ölkəmizi inkişaf tempinə görə dünyanın aparıcı dövlətləri səviyyəsinə yüksəldən, hər bir Azərbaycan vətəndaşının firəvan həyatı naminə misilsiz xidmətlər göstərən Möhtərəm Prezidentimiz!

Ulu öndərimiz Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi kimi 2003-cü ildən müdrik dövlət başçısı olaraq rəhbərliyiniz sayəsində respublikamızın bütün regionlarında sürətli inkişafa, geniş quruculuq işlərinə nail olunması, ölkəmizdə davamlı sabitliyin yaranması, hüquqi dövlət quruculuğunun bərqərar edilməsi bütün Azərbaycan vətəndaşları kimi biz laçınlıların da qəlbini iftixar hissi ilə doldurur. 

Möhtərəm cənab Prezident!

Hər bir azərbaycanlının ürəyindən Vətənimizi firəvan, dövlətimizi möhkəm və güclü görmək istəyi keçir. Siz uzaqgörən bir dövlət başçısı kimi xalqımızın bu arzularını ləyaqətlə gerçəkləşdirirsiniz. Gündən-günə əhalinin sosial müdafiəsinin yüksəldilməsi, yoxsulluq həddinin azaldılması, aztəminatlı, qaçqın və məcburi köçkün ailələrin qarşılaşdıqları problemlərin həlli istiqamətində gördüyünüz möhtəşəm işlər, yüz minlərlə yeni iş yerlərinin açılması ölkə vətəndaşları kimi biz laçınlı məcburi köçkünləri də ürəkdən sevindirir. 

Ötən illər ərzində ölkəmizin yeganə problemi kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yorulmaz fəaliyyətinizi, qətiyyətli və dəyişməz mövqeyinizi alqışlayır, həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasəti bəyənir və dəstəkləyirik.
Möhtərəm cənab Prezident!

Minnətdarlıq hissi ilə bildiririk ki, Sizin qayğıkeş bir dövlət başçısı kimi yürütdüyünüz siyasət sayəsində ölkəmizdə qısa zamanda bütün çadır şəhərçikləri ləğv olunmuş, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti və sosial rifah halı xeyli yaxşılaşdırılmışdır. 

Hərtərəfli diqqət və qayğınızla əhatə olunan laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları ərazilərdən biri kimi Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində 552 evdən ibarət bütün infrastruktura malik yeni qəsəbənin inşasına başlanması hər bir laçınlıda yüksək bayram əhval-ruhiyyəsi yaratmaqla, məcburi köçkünlərimiz tərəfindən ən gözəl bayram hədiyyəsi kimi qiymətləndirilir. Bu yüksək diqqətə və qayğıya görə Sizə bütün laçınlı məcburi köçkünlər adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Biz qəti sürətdə əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə tarixi torpaqlarımız tezliklə işğaldan azad ediləcək, həmin ərazilərdə yeni kəndlər, qəsəbələr və şəhərlər tikiləcək, bütün məcburi köçkünlər kimi biz də ata-baba yurdumuza dönəcəyik.

Ağcabədi rayonu Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış
laçınlı məcburi köçkünlər adından dərin hörmət və ehtiramla,

Müsü Abüləzimov – rayon ziyalısı, Şakir İsayev - Əməkdar
həkim, Sona Aslanova – “Tərəqqi” medallı müəllimə,
Vəliş Abdullayev rayon ağsaqqalı, İxtiyar Əzizov – İkinci Dünya
Müharibəsi iştirakçısı, Şəfiqə İsgəndərova – şəhid anası.
Cəmi 450 nəfər.

28 dekabr 2010-cu il.