Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün DÖVLƏT PROQRAMI

26 dekabr 2014, 21:10

Azərbaycan Respublikası Prezidentinin

2014-cü il 26 dekabr tarixli Sərəncamı

ilə təsdiq edilmişdir


1. Giriş

İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. Sənayeləşmə təkcə iqtisadi baxımdan deyil, həm də əhalinin məşğulluğu, gəlir səviyyəsi, urbanizasiya, ixtisaslı işçi qüvvəsi, araşdırma və tədqiqat kimi bir sıra sosial, elmi və mədəni aspektlər baxımından əhəmiyyətlidir.

Dünyada ilk dəfə Bakıda 1848-ci ildə neftin sənaye üsulu ilə hasilatı Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur. XIX əsrin ikinci yarısında neft hasilatının əhəmiyyətli dərəcədə artması sənayeləşmə prosesinə təkan vermiş, bu da öz növbəsində respublikada neftlə əlaqəli infrastrukturun və sənaye sahələrinin yaranması ilə nəticələnmişdir. XX əsrin ortalarından etibarən sənayeləşmə prosesi regionlara nüfuz etmiş və yeni sənaye şəhərlərinin əsası qoyulmuşdur.

Azərbaycanda ötən əsrin 70-80-ci illərində baş vermiş geniş sənayeləşmə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldilmiş, ittifaqmiqyaslı bir sıra iri sənaye müəssisələri qurulmuş, ölkə üçün ənənəvi olmayan yeni sənaye sahələri yaradılmış, sənayenin diversifikasiyası sürətlənmişdir. Bununla yanaşı, sənayenin kadr potensialının gücləndirilməsi məqsədi ilə Sovet İttifaqının qabaqcıl ali təhsil müəssisələrinə kütləvi şəkildə tələbələrin göndərilməsi praktikası geniş vüsət almışdır.

Sovet İttifaqının süqutu ilə başlayan və müstəqilliyin ilk illərində davam edən böhran şəraitində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayedə də tənəzzül yaşanmış, bir tərəfdən planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, digər tərəfdən Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində sənaye istehsalının həcmi və çeşidi kəskin azalmışdır.

Ölkədə siyasi-iqtisadi sabitliyin bərqərar olması ilə 1997-ci ildən başlayaraq sənaye istehsalında artım müşahidə edilmişdir. Müstəqillik dövründə sənayenin inkişafında ilk növbədə neft-qaz sektoruna cəlb edilən xarici investisiyalar həlledici rol oynamış, bu sahənin inkişafı istər birbaşa, istərsə də dolayısı ilə sənayenin digər sahələrinin yenidən canlanmasına təkan vermişdir. Həmin dövrdə həmçinin sənaye müəssisələrinin özəlləşdirilməsi həyata keçirilmiş və bazar iqtisadiyyatı institutlarının əsası qoyulmuşdur.

2004-cü ildən etibarən Azərbaycanda sənayeləşmə templəri yüksəlmiş, sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunmuş, sənaye istehsalı üçün həyati əhəmiyyət kəsb edən enerji təminatı məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, respublika təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilmiş, sənayenin infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Ötən dövrdə infrastruktur layihələri ilə yanaşı, dövlət investisiyaları bir sıra istehsal təyinatlı layihələrə yönəldilmiş, ölkədə əlverişli biznes investisiya mühiti yaradılmış, özəl sektor tərəfindən icra edilən layihələrin güzəştli şərtlərlə dövlət tərəfindən maliyyələşdirilməsi və zərurət yarandığı halda dövlətin bu layihələrdə pay iştirakı təmin edilmişdir.

Görülən işlər nəticəsində sənaye yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu mərhələnin başlanğıcı olaraq Azərbaycan Respublikasında 2014-cü il “Sənaye ili” elan edilmişdir. Sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan daha səmərəli istifadə etməklə Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş fəaliyyət istiqamətləri nəzərə alınmaqla, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.

2. Sənayedə beynəlxalq təcrübə və tendensiyalar

Dünyada yaradılan əlavə dəyərdə xidmət sektorunun payının sürətlə artmasına baxmayaraq, sənaye iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün əsas stimullaşdırıcı amil olaraq qalır. Dünya enerji istehlakında 40 faiz paya malik olan sənaye sektorunun inkişafı bir tərəfdən iqtisadiyyatın resurs sahələrinin, digər tərəfdən isə sənayeyönlü xidmətlərin inkişafını şərtləndirir. Bundan əlavə, sənaye iş yerlərinin yaradılması üçün vacib mənbədir.

Beynəlxalq Əmək Təşkilatının məlumatına əsasən, dünyada sənayedə işləyənlərin sayı 2012-ci ildə 2000-ci illə müqayisədə 190 milyon nəfərdən çox artmış və bu artım əsasən inkişaf etməkdə olan ölkələrin hesabına baş vermişdir. Bu da inkişaf etməkdə olan ölkələrdə sənaye istehsalının inkişaf etmiş ölkələrlə müqayisədə daha sürətlə artması ilə əlaqədardır. Belə ki, inkişaf etməkdə olan ölkələrin emal sənayesində yaradılan əlavə dəyərdə payı 2011-ci ildə 2000-ci illə müqayisədə təxminən iki dəfə yüksələrək, 20 faizdən 38 faizə çatmışdır.

Beynəlxalq təcrübə göstərir ki, sənayenin artım templəri və inkişaf mərhələləri ölkələrin gəlir səviyyəsinə uyğun olaraq dəyişir. Ölkələr inkişaf etdikcə aşağı texnologiyalı və əməktutumlu yeyinti, yüngül və mebel sənayesi sahələri aparıcı mövqeyini orta texnologiyalı kimya, metallurgiya, gəmiqayırma, maşın və avadanlıq istehsalı sahələrinə verir. Sənayeləşmənin ən son mərhələsində elektronika, kompyuter istehsalı, əczaçılıq və kosmik sənaye kimi yüksək texnologiyalı sahələr lokomotiv olaraq çıxış edir və qlobal miqyasda sənayenin inkişafında əhəmiyyətli rol oynayır.

Sənayenin inkişafı da bir sıra qlobal çağırışlarla müşayiət olunur. Bu çağırışlar məhsullardan istifadə siklinin sürətlənməsi və intensivləşməsi, araşdırma və inkişafda təmərküzləşmə, istehlakçı tələbinin coğrafi strukturunun dəyişməsi və istehsal zəncirlərinin mürəkkəbləşməsi kimi amillərdən ibarətdir.

Qloballaşan dünyada şirkətlərin istehsal zəncirlərinin mürəkkəbləşməsi inkişaf etməkdə olan ölkələrin beynəlxalq əmək bölgüsündə daha fəal iştirakı üçün yeni fürsətlər yaradır. Belə ki, istehsal zəncirinin mürəkkəbləşməsi bir məhsulun müxtəlif hissələrinin ayrı-ayrı müəssisələrdə və coğrafi məkanlarda istehsal edilməsi və son məhsulun digər bir ölkədə yığılması ilə xarakterizə olunur. İstehsalın fraqmentləşməsini şərtləndirən əsas amillər ucuz işçi qüvvəsi, beynəlxalq ticarət dəhlizlərinə yaxınlıq, müəyyən regionların bir sıra sənaye sahələri üzrə ixtisaslaşması və inkişaf etmiş ölkələrdə ətraf mühitin qorunmasına tələblərin artmasıdır. İstehsal zəncirinin mürəkkəbləşməsinin digər aspekti yarımfabrikat ticarətinin genişlənməsidir. İstehsal zəncirlərinin qloballaşması ilə bağlı son dövrlərədək mövcud olan yanaşma ondan ibarət idi ki, inkişaf etmiş ölkələr yüksək dəyər yaradan fəaliyyət növlərini özlərində saxlayaraq, əməktutumlu fəaliyyətləri inkişaf etməkdə olan ölkələrə köçürürlər. Lakin son illərdə bir sıra tədqiqatlar göstərir ki, sənayenin qlobal restrukturizasiyası nəticəsində elmi araşdırma, layihələndirmə, məhsul dizaynı və digər yüksək əlavə dəyər yaradan fəaliyyətlər də inkişaf etməkdə olan ölkələrə köçürülür. BMT-nin Sənayenin İnkişafı Təşkilatı tərəfindən aparılan tədqiqatlara əsasən, yüksək əlavə dəyər yaradan iş və xidmətlərin inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə köçürülməsi tendensiyası yaxın illərdə inkişaf etmiş ölkələr üçün əsas, inkişaf etməkdə olan ölkələr üçün isə fürsət olaraq qalacaqdır.

Hazırda sənayedə mövcud olan çağırışlar fonunda beynəlxalq bazarlarda qeyri-müəyyənliyin artması istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrin hökumətlərini iqtisadi tənzimləmə fəaliyyətini artırmağa sövq edir. Dünya təcrübəsində sənayenin inkişafı dörd əsas istiqamət üzrə təşviq edilir. Bu istiqamətlərə dövlətlərin tarif, fiskal imtiyazlar və ya subsidiyalar vasitəsilə tənzimləyici qismində, kredit bazarına təsir göstərərək dövlət və özəl resursları sənaye layihələrinə yönəldən maliyyə tənzimləyicisi qismində, iqtisadi aktivlikdə birbaşa iştirak edən istehsalçı qismində və hökumət satınalmaları vasitəsilə strateji sənaye sahələrinə bazarı təmin edən istehlakçı qismində fəaliyyətləri daxildir. Qeyd olunan istiqamətlərdə dövlətlər tərəfindən sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi tədbirləri dünya təcrübəsində geniş yayılmışdır. Sənayeyə dəstək tədbirlərinin əsas məqsədi sənaye müəssisələrinin rəqabət qabiliyyətini artırmaq və onların beynəlxalq bazarlara çıxışını asanlaşdıracaq potensiala qovuşmalarını təmin etməkdən ibarətdir. Dünya təcrübəsində sənayeyə dəstək tədbirləri investisiyaların təşviqi və iş mühitinin yaxşılaşdırılması, beynəlxalq ticarət və ixracın təşviqi, bacarıqların artırılması və insan resurslarının inkişafı, infrastrukturun qurulması, xüsusi iqtisadi zonalar, sənaye parkları və sənaye klasterlərinin yaradılması, regionların inkişafı, sektorlara xüsusi yanaşma, texnologiyaların transferinin dəstəklənməsi və innovasiyaların təşviqini əhatə edir.

Qeyd olunan dəstək tədbirləri içərisində texnologiyaların transferi və innovasiyaların təşviqi xüsusi əhəmiyyətə malikdir. Bir çox ölkələrdə həyata keçirilən innovasiyaların təşviqi üzrə siyasətləri ölkələrin inkişaf səviyyəsi və tədqiqat potensialına uyğun olaraq 4 qrupa bölmək mümkündür: texnologiyaların transferi, daxili texnoloji potensialın artırılması, kiçik və orta müəssisələrin innovasiya yönümlülüyünün gücləndirilməsi, yüksək və orta texnologiya üzrə yeni şirkətlərin (“start-up”lar) inkişafı.

Sənayeləşmə sahəsində dünya təcrübəsini öyrənmək baxımından XX əsrin ikinci yarısında inkişaf etməkdə olan ölkələrdə həyata keçirilmiş sənayenin inkişafı siyasətləri xüsusi əhəmiyyət kəsb edir. Bu ölkələrdə həyata keçirilmiş sənayenin inkişafı siyasətləri iki modelə əsaslanır. Bunlar xarici bazarlara yönəlmiş Asiya və idxalı əvəzləyici Latın Amerikası modelləridirlər. İxrac modelinə əsaslanan bir sıra Asiya ölkələrində yüksək iqtisadi artım müşahidə olunmuş, qısa müddət ərzində şaxələnmiş sənaye infrastrukturu qurulmuşdur. Sənayeləşmə dövlətin fəal müdaxiləsi ilə başlamış, keçən əsrin 80-ci illərindən başlayaraq iqtisadi liberallaşma, sərt fiskal tənzimləmə, dövlət subsidiyalarının azaldılması, özəlləşdirmə, xarici ticarətin sərbəstləşdirilməsi siyasətləri gündəmə gəlmiş, bu istiqamətlərdə hökumətlər irimiqyaslı islahatlara başlamışlar.

Həmin ölkələrdə sənayeləşmə mərhələlərində əməktutumlu və texnoloji cəhətdən nisbətən daha sadə sənaye məhsullarının ixracını daha çox kapital və bilik tələb edən sənaye sahələrinin qurulması əvəz etmiş, keçən əsrin 80-ci illərinin sonlarından etibarən sənaye istehsalı yalnız ixracın yox, həm də daxili tələbatın ödənilməsi vasitəsi ilə genişlənməyə başlamışdır. İxrac modelinə əsaslanan ölkələrdə metallurgiya, avtomobil istehsalı, maşınqayırma, gəmiqayırma, elektrik avadanlıqlarının istehsalı, elektronika kimi sahələrdə ixtisaslaşma dərinləşdikcə və hər növbəti sahənin texnoloji çətinliyi artdıqca insan kapitalının təşviqi istiqamətində dövlətlərin səyləri güclənmişdir.

3. Azərbaycanda sənayenin mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri

Son illərdə Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində sənayeləşmə prosesi daha da sürətlənmişdir. Düşünülmüş neft-qaz strategiyasının reallaşdırılması ölkənin dayanıqlı maliyyə resurslarının formalaşmasına və bununla da mövcud sənaye potensialından səmərəli istifadə imkanlarının genişləndirilməsinə şərait yaratmışdır. Nəticədə son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artmışdır.

2013-cü ildə sənayedə 33,7 milyard manatlıq məhsul və xidmətlər istehsal olunmuş, ümumi istehsalın 74 faizi mədənçıxarma, 20,1 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrinin payına düşmüşdür. Ötən dövr ərzində sənaye müəssisələrində istər əsas fondların, istərsə də əsas kapitala qoyulmuş investisiyaların həcmində dinamik artım müşahidə olunmuşdur. Sənaye sektorunda əsas kapitala yönəldilmiş investisiya 2003-cü illə müqayisədə 2013-cü ildə 2,2 dəfə artaraq 7 milyard manatı keçmiş və iqtisadiyyat üzrə əsas kapitala yönəldilmiş ümumi investisiyanın 39,6 faizini təşkil etmişdir. 2013-cü ildə sənaye üzrə əsas kapitala qoyulmuş investisiyaların 66,2 faizi mədənçıxarma sənayesinə, 13,8 faizi emal sənayesinə, 14,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə, 5,5 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə yönəldilmişdir. 2012-ci ilin göstəricilərinə əsasən sənaye sektoruna qoyulmuş investisiyanın 44,2 faizi xarici investisiyaların, 55,8 faizi isə daxili investisiyaların payına düşmüş, sənaye üzrə əsas fondların dəyəri 13 faiz artaraq 46,8 milyard manat və ya iqtisadiyyatda mövcud olan əsas fondların 56,9 faizini təşkil etmişdir.

2013-cü ildə sənayedə çalışanların sayı 183,1 min nəfər olmuş və onların 51,9 faizi dövlət, 48,1 faizi isə qeyri-dövlət sektorunda olmaqla, 20,5 faizi və ya 37,5 min nəfəri mədənçıxarma sənayesində, 49,9 faizi və ya 91,4 min nəfəri emal sənayesində, 16,6 faizi və ya 30,3 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 13 faizi və ya 23,9 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində fəaliyyət göstərmişdir.

Sənaye müəssisələrində orta aylıq nominal əməkhaqqı son 10 ildə 4,7 dəfə artaraq 648,5 manata, o cümlədən qeyri-dövlət bölməsində 753,2 manata çatmışdır. 2013-cü ildə orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində 1516,3 manat, emal sənayesində 438,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 467,2 manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 319,4 manat təşkil etmişdir.

Son illərdə həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl və digər hasilat sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənayenin diversifikasiyası genişləndirilmiş, yeni istehsal gücləri istifadəyə verilmiş, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılmışdır.

Sumqayıt Texnologiyalar Parkının, Alüminium İstehsalı Kompleksinin və Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Bakıda Gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması, Sumqayıtda neft-kimya sənayesində modernizasiya işlərinə başlanılması və Karbamid Zavodunun inşası, Qaradağda Sement Zavodunun istehsal gücünün artırılması və yeni zavodun inşası, Qazaxda, Naxçıvanda yeni sement zavodlarının tikilib istifadəyə verilməsi qeyri-neft sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirilməsi üçün geniş imkanlar yaradır.

Ötən dövrdə ölkədə qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılmış, o cümlədən Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panellər, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulmuşdur. Bununla yanaşı, son illərdə güclü müdafiə sənayesinin qurulması istiqamətində mühüm layihələr icra olunmuş, qısa müddətdə bu sahədə 50-yə yaxın yeni istehsal sahəsi yaradılmışdır. Müdafiə sənayesi müəssisələri tərəfindən hərbi təyinatlı məhsullarla yanaşı, mülki məmulatların da istehsalı təşkil olunmuşdur ki, onların həcmi son illərdə 2 dəfə artırılmışdır.

Ötən 10 ildə Bakıda və regionlarda toxuculuq, geyim istehsalı, dəri məmulatları və ayaqqabı istehsalı, kağız və karton istehsalı, mebel istehsalı və digər qeyri-neft emal sənayesi sahələrində fəaliyyət göstərən yeni müəssisələr tikilib istifadəyə verilmişdir.

Bir tərəfdən kənd təsərrüfatının inkişafı, digər tərəfdən regionlarda infrastruktur təminatının yaxşılaşdırılması son illərdə ərzaq məhsullarının istehsalı sahəsində rəqabətqabiliyyətli yeni müəssisələrin yaradılmasına təkan vermişdir. Ötən dövr ərzində İmişlidə Şəkər Zavodu, Abşeronda Duz Zavodu, Sumqayıtda Bitki Yağları Emalı Zavodu, Oğuzda Qarğıdalı Emalı və Qlükoza İstehsalı Zavodu, müxtəlif bölgələrdə süd kombinatları, konserv zavodları və digər ərzaq məhsulları istehsalı müəssisələri istismara verilmişdir.

Müasir dövrdə ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsində müvafiq institutların yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynayır. Buna nümunə olaraq Sumqayıt Texnologiyalar Parkı ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Yüksək Texnologiyalar Parkını qeyd etmək olar.

Azərbaycanda sənayenin gələcəkdə də inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Əlverişli biznes investisiya mühiti, ixtisaslı kadr potensialı, institusional potensial, yenilənmiş enerji və nəqliyyat infrastrukturu, xammal resurslarının mövcudluğu, beynəlxalq bazarlara çıxış və geniş maliyyə imkanları bu şərtlərin əsasını təşkil edir.

Dünya təcrübəsindən də göründüyü kimi, sənayenin inkişafı üçün başlıca şərt makroiqtisadi sabitliyin qorunması və əlverişli biznes investisiya mühitinin yaradılmasıdır. Müşahidələr göstərir ki, sənayenin inkişafı daxili bazarın həcmindən asılı olmayaraq idxaləvəzləyici yanaşmadan ixracyönlü istehsal modelinə keçidi tələb edir. Bunun bir səbəbi kiçik iqtisadiyyatlarda daxili bazara hesablanmış istehsal həcminin maya dəyəri xərclərinin azaldılmasına imkan verməməsi, digər səbəbi isə daxili tələbatda uzun müddət yüksək artım tempinin təmin edilməsinin mümkün olmamasından ibarətdir. Ölkənin daxili tələbat və yüksək artım potensialına malik ixrac imkanları növbəti illərdə sənaye istehsalının strukturunun təkmilləşdirilməsində xüsusi rol oynayacaqdır. Sənayenin diversifikasiyası bir sıra ənənəvi istehsal sahələri ilə yanaşı, ənənəvi olmayan, yeni istehsal sahələrinin qurulmasını tələb edir.

İlk növbədə yerli xammala əsaslanan rəqabətqabiliyyətli ağır sənaye istehsalının genişlənməsi zəruridir. Son dövrlərdə ölkədə yerli xammal hesabına daxili tələbatı ödəyəcək həcmdə sement istehsal gücləri qurulmuşdur. Dövlət Proqramının əhatə etdiyi dövr ərzində metallurgiya, neft-qaz emalı, neft-kimya və kimya sahələrində müasir tələblərə uyğun yeni istehsal güclərinin qurulması zəruridir. Xüsusilə, metallurgiya və neft-kimya sahələrində baza məhsullarının istehsalı son məhsul istehsal edən çoxlu sayda müəssisələrin yaradılmasına təkan verəcəkdir. Bununla yanaşı, metallurgiyanın inkişafı yeni qurulmuş gəmi istehsalı sahəsinin xammal təchizatını yaxşılaşdıracaq, rəqabət qabiliyyətini yüksəldəcək, maşınqayırmanın inkişafı üçün sağlam zəmin yaradacaqdır. Dövlət Proqramının icra müddətində maşınqayırma, xüsusən, neft maşınqayırması sənayesinin inkişafı diqqət mərkəzində saxlanılmalı, bu sahədə istehsal olunan mal və avadanlıqların daxili tələbatın ödənilməsində payının artırılması istiqamətində tədbirlər görülməlidir. Sənaye üçün baza məhsulları istehsal edən ağır sənaye müəssisələrinin qurulmasına zərurət yarandıqda dövlətin yaxından iştirakı təmin edilməli, baza məhsullarından yarımfabrikat və son məhsul istehsalının isə özəl sektor tərəfindən icrası təmin edilməlidir.

Azərbaycanda emal sənayesinin digər sahələrində yeni istehsal güclərinin yaradılması üçün geniş imkanlar vardır. Son illər ölkədə əsasən yeyinti sənayesi, yüngül sənaye, mebel sənayesi, tikinti materiallarının istehsalı sahələrində qabaqcıl texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli çoxlu sayda müəssisələr qurulmuşdur. Bu sahələrdə istehsal həcmlərinin genişləndirilməsi ilə yanaşı, digər sahələrdə, o cümlədən kimya, metallurgiya, maşın və avadanlıq istehsalı, alternativ enerji qurğu və avadanlıqlarının istehsalı, müdafiə sənayesi sahələrində yeni emal müəssisələrinin yaradılması tədbirləri davam etdirilməlidir. Yeni sənaye müəssisələrinin yaradılması zamanı yüksək ekoloji tələblərə cavab verən, enerjiyə qənaət edən texnologiyaların istifadəsi diqqət mərkəzində saxlanılmalıdır.

Dövlət Proqramının icra müddətində yüksək texnologiyaların tətbiqi ilə yeni istehsal sahələrinin fəaliyyətə başlaması da prioritetlər sırasındadır. Bu baxımdan elektron avadanlıqların istehsalının genişləndirilməsi və əczaçılıq məhsullarının istehsalının qurulması imkanları nəzərdən keçirilməlidir. Yüksək texnologiyalı istehsal böyük həcmdə araşdırma və inkişaf etdirmə fəaliyyəti tələb etdiyi üçün bu sahədə prioritetlərin bir neçə konkret sahə ilə məhdudlaşdırılması məqsədəuyğundur.

Sənaye siyasətinin əsas məqsədlərindən biri də sənayenin rəqabət qabiliyyətinin artırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu tədbirlər sahəvi araşdırmalar nəticəsində müxtəlif sektorların xüsusiyyətlərinə uyğun olaraq əlavə tədbirlərlə dəstəklənməlidir. Sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə enerji tariflərinin tənzimlənməsində çeviklik artırılmalı, çevik tarif siyasəti əlverişli vergi və gömrük rejimi və çevik məzənnə siyasəti ilə müşayiət edilməlidir. Bununla yanaşı, sənayeyə investisiyaların cəlb edilməsi üçün imkanlar genişləndirilməli, sənayeyə yönləndirilən dövlətin güzəştli kreditlərindən istifadə və lizinq imkanları artırılmalı, qeyri-neft sənayesinə investisiyaların təşviqi mexanizmi yaradılmalıdır. Sənaye müəssisələrinin quruluş xərclərinin azaldılması, sənaye zonalarından (xüsusi iqtisadi zona, sənaye parkı və sənaye məhəllələri) kənarda yerləşən sənaye layihələrinin müəssisədən kənar infrastruktur təminatının yaxşılaşdırılması, bu məqsədlə dövlət vəsaiti hesabına həyata keçirilən infrastruktur layihələrinin özəl sektorun investisiyaları ilə əlaqələndirilməsi mexanizmi qurulmalıdır. Eyni zamanda, bir sıra qabaqcıl ölkələrin təcrübəsindən istifadə edərək dövlət-özəl tərəfdaşlıq modellərinin tətbiqinin genişləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, onlara informasiya, marketinq və markalanma dəstəyi, standartların və sertifikatların tətbiqində dəstək, treninq dəstəyi göstərilməli və xüsusən sənaye müəssisələrinin araşdırma və inkişaf etdirmə fəaliyyəti dəstəklənməlidir. Məlum olduğu kimi, innovasiyalar sənayenin rəqabət qabiliyyətinin artırılmasında xüsusi rol oynayır. Bu baxımdan özəl sektor tərəfindən həyata keçirilən araşdırma və inkişaf etdirmə fəaliyyətinin dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. Bu proses sənayenin kadr potensialının və elmi təminatının yaxşılaşdırılması ilə müşayiət olunmalıdır.

Dövlət Proqramın icra müddətində mövcud sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, yeni sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, xüsusi iqtisadi zonaların fəaliyyətə başlaması və regionların sənaye potensialının artırılması istiqamətləri diqqət mərkəzində saxlanılmalıdır.

4. Dövlət Proqramının əsas məqsəd və vəzifələri

4.1. Dövlət Proqramının əsas məqsədləri aşağıdakılardır:

4.1.1. sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi;

4.1.2. qeyri-neft sənayesinin ixrac potensialının artırılması;

4.1.3. enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi;

4.1.4. elmtutumlu və innovativ istehsalın genişləndirilməsi;

4.1.5. yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması.

4.2. Dövlət Proqramının vəzifələri aşağıdakılardır:

4.2.1. sənaye istehsalının dəstəklənməsi tədbirlərinin genişləndirilməsi;

4.2.2. ənənəvi istehsal sahələrinin potensialının gücləndirilməsi;

4.2.3. mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsinin dəstəklənməsi;

4.2.4. sənayenin infrastruktur təminatının yaxşılaşdırılması;

4.2.5. qeyri-neft sənayesinə yerli və xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması;

4.2.6. qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi;

4.2.7. sənaye müəssisələrində müasir menecmentin və korporativ idarəetmə prinsiplərinin tətbiqinin təşviqi;

4.2.8. sənaye müəssisələrində standartlaşdırma və sertifikatlaşdırmanın təşviqi;

4.2.9. sənaye müəssisələrinin markalanma, marketinq və reklam fəaliyyətlərinin dəstəklənməsi;

4.2.10. sənaye müəssisələrində sağlam və təhlükəsiz iş yerlərinin yaradılması;

4.2.11. sənayenin inkişaf etdirilməsi istiqamətində özəl sektorun iştirakı ilə son məhsulların istehsalınadək texnoloji zəncirlərin qurulması;

4.2.12. yeni istehsal sahələrinin yaradılmasının dəstəklənməsi;

4.2.13. regionların sənaye potensialının gücləndirilməsi;

4.2.14. hər bir bölgənin və iqtisadi rayonun rəqabət üstünlükləri nəzərə alınmaqla, yeni regional inkişaf mərkəzlərinin, xüsusi iqtisadi zonaların, prioritet sahələr üzrə ərazi-istehsal klasterlərinin və yerli xammala əsaslanan yeni sənaye müəssisələrinin yaradılması;

4.2.15. sənaye və texnologiyalar parklarının və sənaye məhəllələrinin yaradılması;

4.2.16. ixracyönlü qeyri-neft sektorunun inkişafı məqsədi ilə dövlət və özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsi;

4.2.17. xammala qənaət, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunması üçün tullantıların zərərsizləşdirilməsi və təkrar emalı, həmçinin az tullantılı və ya tullantısız texnologiyaların tətbiq edilməsi ilə müvafiq müəssisələrin yaradılmasının dəstəklənməsi;

4.2.18. innovasiya fəaliyyətinin genişləndirilməsi üçün dövlət dəstəyinin gücləndirilməsi;

4.2.19. sənaye müəssisələrində innovasiyayönlü texnologiyaların tətbiqinin stimullaşdırılması.

5. Dövlət Proqramının əsas istiqamətləri

5.1. Sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi

5.1.1. sənayenin rəqabət qabiliyyətinə və ixrac potensialına təsir edən amillərin araşdırılması;

5.1.2. sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;

5.1.3. hər bir sektor üzrə araşdırmaların aparılması, potensial istehsal sahələrinin müəyyən edilməsi;

5.1.4. mövcud istehsal sahələrinin inkişaf etdirilməsi və yeni istehsal sahələrinin yaradılması;

5.1.5. sənayenin regional strukturunun təkmilləşdirilməsi;

5.1.6. sənaye standartlarının təkmilləşdirilməsi;

5.1.7. sənaye sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi.

5.2. Sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi

5.2.1. sənayenin infrastruktur təminatının yaxşılaşdırılması;

5.2.2. sənaye müəssisələrinin maliyyə mənbələrinə çıxış imkanlarının yaxşılaşdırılması;

5.2.3. standartların tətbiqi və sertifikatlaşmaya dəstək verilməsi;

5.2.4. marketinq və markalanma dəstəyi;

5.2.5. informasiya və məlumat dəstəyi;

5.2.6. treninq, seminar dəstəyi;

5.2.7. araşdırma və inkişaf etdirmə fəaliyyətinin dəstəklənməsi.

5.3. Sənaye zonaları və klasterlərinin qurulması

5.3.1. xüsusi iqtisadi zonanın yaradılması;

5.3.2. sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi və yenilərinin qurulması;

5.3.3. sənaye məhəllələrinin yaradılması və inkişafı;

5.3.4. sənaye klasterlərinin təşviqi və inkişafı.

5.4. Kadr potensialının və elmi təminatın gücləndirilməsi

5.4.1. orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinin potensialının gücləndirilməsi;

5.4.2. texniki sahələrdə ixtisaslı kadrların hazırlanması imkanlarının genişləndirilməsi;

5.4.3. ali, orta ixtisas, ilk peşə-ixtisas təhsil müəssisələri və elmi təşkilatlar ilə istehsalat arasında əlaqələrin gücləndirilməsi;

5.4.4. sənayenin elmi təminatının gücləndirilməsi;

5.4.5. təhsil müəssisələrinin kadr hazırlığı üzrə fəaliyyətinin əmək bazarının tələblərinə uyğun təşkil edilməsi.

5.5. Qanunvericiliyin təkmilləşdirilməsi

5.5.1. sənaye müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi.

6. Gözlənilən nəticələr

6.1. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində aşağıdakıların əldə edilməsi gözlənilir:

6.1.1. qeyri-neft sənayesinin modernləşməsi, şaxələndirilməsi nəticəsində bu sahənin iqtisadi artımın əsas mənbəyinə çevrilməsi;

6.1.2. qeyri-neft sənayesinin ixracda artımın əsas mənbəyinə çevrilməsi;

6.1.3. sənaye istehsalında regionların payının yüksəlməsi;

6.1.4. məşğulluğun strukturunda sənayenin payının artması;

6.1.5. sənayedə məhsuldarlığın artması;

6.1.6. ixtisaslı işçi qüvvəsinin artması;

6.1.7. sənayedə yeni iş yerlərinin əsasən orta və yüksək texnoloji müəssisələrin açılması hesabına təmin edilməsi;

6.1.8. texnoloji innovasiyalar tətbiq edən müəssisələrin sayının artması;

6.1.9. sənaye müəssisələrinin araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin artması;

6.1.10. sənaye müəssisələrinin fəaliyyətini dəstəkləyən müvafiq mexanizmlərin qurulması;

6.1.11. sənaye müəssisələrinin sənaye zonalarında cəmləşməsi;

6.1.12. sənayedə beynəlxalq standartların tətbiqinin genişləndirilməsi;

6.1.13. sənaye sahəsində təkmil qanunvericilik bazasının formalaşdırılması.

7. Dövlət Proqramının maliyyələşdirmə mənbələri

7.1. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir:

7.1.1. dövlət büdcəsi;

7.1.2. büdcədənkənar fondlar;

7.1.3. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti;

7.1.4. Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti;

7.1.5. yerli büdcələr;

7.1.6. yerli özəl və birbaşa xarici investisiyalar;

7.1.7. kreditlər və qrantlar;

7.1.8. beynəlxalq və xarici ölkə təşkilatlarının texniki və maliyyə köməyi;

7.1.9. qanunvericilikdə qadağan olunmayan digər mənbələr.

8. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI
 
Sıra №-si
                                 Tədbirin adı
               İcraçılar
İcra müddəti
1. Sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi
1.1.
Sənayenin müxtəlif sahələrində rəqabət qabiliyyətinin artırılması və yeni istehsal güclərinin, o cümlədən yerli xammal və təbii ehtiyatlar əsasında yeni müəssisələrin yaradılması ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2020
1.2.
Sənaye müəssisələrinin yenidən qurulması və yeni emal sənayesi müəssisələrinin yaradılması işlərinin dəstəklənməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi
2015-2020
1.3.
Sənaye məhsulları ixracının dəstəklənməsi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
2015
1.4.
Sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə beynəlxalq standartlar əsasında milli standartların hazırlanması işinin sürətləndirilməsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2015-2020
1.5.
Rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılmasının təşviq edilməsi məqsədi ilə nümunəvi investisiya layihələrinin hazırlanması və sahibkarlara təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
2015-2020
1.6.
Müəssisələrdə enerjidən səmərəli istifadə edən ekoloji cəhətdən əlverişli texnologiyaların tətbiqinin təşviq edilməsi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi, Energetika  Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2015
1.7.
Sənaye müəssisələri tərəfindən avadanlıq və texnikanın lizinq yolu ilə alınması şərtlərinin asanlaşdırılması məqsədi ilə təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi
2015
1.8.
Sənaye müəssisələrinin müəssisədənkənar infrastruktur təminatının yaxşılaşdırılması məqsədi ilə dövlət vəsaiti hesabına həyata keçirilən infrastruktur layihələrinin özəl sektorun investisiyaları ilə əlaqələndirilməsinin təmin olunması
İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2020
1.9.
Yerli istehsalın dəstəklənməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2020
1.10.
Sənaye müəssisələrinin restrukturizasiyası və özəlləşdirilməsi proseslərinin sürətləndirilməsi
Əmlak Məsələləri Dövlət Komitəsi
2015-2017
1.11.
Neft maşınqayırma sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanıb aidiyyəti üzrə təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Neft Şirkəti, “Azneftkimyamaş” ASC
2015
1.12.
Müdafiə təyinatlı yeni növ məmulatlar istehsalının genişləndirilməsi
Müdafiə Sənayesi Nazirliyi
2015-2020
1.13.
Kənd təsərrüfatı təyinatlı maşın, mexanizm, texnika və avadanlıqların istehsalının genişləndirilməsi
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi,  “Gəncə avtomobil zavodu” İB
2015-2020
1.14.
Alternativ enerji qurğu və avadanlığı istehsalının genişləndirilməsi
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
2015-2020
1.15.
Gəncə Alüminium Kompleksinin istehsal gücünün artırılması ilə bağlı zəruri tədbirlər görülməsi
Əmlak Məsələləri Dövlət Komitəsi
2015
1.16.
Azərbaycan Polad İstehsalı Kompleksində dəmir filizi hasilatından polad istehsalınadək istehsal prosesinin qurulması və istifadəyə verilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC
2015-2018
1.17.
Sumqayıt Kimya Sənaye Parkında polimer zavodunun qurulması ilə bağlı zəruri tədbirlərin görülməsi
Dövlət Neft Şirkəti, İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2016
1.18.
Sumqayıtda Karbamid Zavodunun istifadəyə verilməsi
Dövlət Neft Şirkəti, İqtisadiyyat və Sənaye Nazirliyi
2017
1.19.
Tullantıların çeşidlənməsi, daşınması və emalı müəssisələrinin inşa edilərək istifadəyə verilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, “Təmiz Şəhər” ASC
2017-2020
                                          2. Sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi
2.1.
Sənaye müəssisələrinə informasiya dəstəyinin göstərilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2015-2020
2.2.
Sənayedə investisiya imkanları barədə təşviqat xarakterli elektron resursların və çap materiallarının hazırlanması
İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2020
2.3.
Sənayenin inkişafı ilə bağlı seminarların, dəyirmi masaların və elmi-praktik konfransların keçirilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
2015-2020
2.4.
Sənaye müəssisələrinin daxilində təlimlər keçirilməsinin dəstəklənməsi
İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2020
2.5.
Dövlət müəssisələri tərəfindən sifariş edilən sənaye məhsulları barədə yerli istehsalçıların mütəmadi olaraq məlumatlandırılması işinin təşkili
İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2020
2.6.
Sənayenin müxtəlif sahələri ilə bağlı araşdırmalar aparılması və nəticələrin yerli şirkətlərə təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2018
2.7.
Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə beynəlxalq təcrübənin öyrənilməsi, təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi
2015
2.8.
Yerli brendlərin yaradılması, inkişaf etdirilməsi və hədəf  bazarlarda dəstəklənməsi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
2015
2.9.
Sənaye müəssisələri tərəfindən standartların tətbiqinə və beynəlxalq keyfiyyət sertifikatlarının alınmasına köməklik göstərilməsi ilə bağlı təkliflərin hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2018
2.10.
Sənaye müəssisələrində korporativ idarəetmə standartlarının tətbiqinə köməklik göstərilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi
2015-2020
2.11.
Sənayenin müxtəlif sahələri üzrə assosiasiyaların yaradılmasının təşviqi
İqtisadiyyat və Sənaye Nazirliyi, Təhsil Nazirliyi
2015-2020
2.12.
Sənayeyönlü yeni kiçik və orta şirkətlər (start-up) yaradılmasının dəstəklənməsinə dair beynəlxalq təcrübənin öyrənilməsi, təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi
2015
2.13.
Xaricdə keçirilən beynəlxalq sərgilərdə sənaye sahəsi üzrə yerli şirkətlərin iştirakının təşviqi ilə bağlı təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi
2015
2.14.
Sənayenin müxtəlif sahələri üzrə ölkə daxilində keçirilən sərgilərin dəstəklənməsi
İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2020
2.15.
Sənaye müəssisələrinin fəaliyyətinə dair ətraflı məlumatları əhatə edən Müəssisə İnformasiya Sisteminin yaradılması
İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2016
2.16.
Sənaye statistikasının təkmilləşdirilməsi
Dövlət Statistika Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2016
                                          3. Sənaye zonaları və klasterlərinin qurulması
3.1.
Sumqayıt Kimya Sənaye Parkında infrastruktur işlərinin yekunlaşdırılması, parkın fəaliyyətinin təkmilləşdirilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti
2015-2017
3.2.
Balaxanı Sənaye Parkında infrastruktur işlərinin yekunlaşdırılması, parkın fəaliyyətinin təkmilləşdirilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti,
2015-2017
3.3.
Yüksək Texnologiyalar Parkının infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
2015-2016
3.4.
Gəncədə sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili
İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti
2015-2018
3.5.
Mingəçevirdə sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili
İqtisadiyyat və Sənaye Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti
2015-2018
3.6.
Sənaye klasterlərinin yaradılmasına dair təkliflər hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2015-2020
3.7.
Sənaye məhəllələrinin yaradılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2015-2020
                                4. Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi
4.1.
Sənaye müəssisələrinin rəhbər işçilərinin xaricdə innovativ sənaye müəssisələrinə təlim və təcrübə mübadiləsi səfərlərinin təşkili
İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2020
4.2.
Sənaye sahəsində işləyən mütəxəssislər üçün treninqlərin təşkili
İqtisadiyyat və Sənaye Nazirliyi, Təhsil Nazirliyi
2015-2020
4.3.
Sənaye sahəsində işləyən mütəxəssislərin xaricdə ixtisasartırma kurslarında iştirakının dəstəklənməsi
Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2020
4.4.
Sənaye üzrə müxtəlif istiqamətlərdə peşə, ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili, tədris plan və proqramlarının hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə Peşə Tədris Mərkəzlərinin yaradılması
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi
2016-2020
4.5.
Peşə təhsili standartlarının və ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsi
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
2016
4.6.
İlk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi
Təhsil Nazirliyi
2015-2020
4.7.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkili
İqtisadiyyat və Sənaye Nazirliyi
2016
4.8.
Özəl texniki peşə məktəbləri və liseylərinin açılmasının təşviqi ilə bağlı təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması
Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi
2016
4.9.
Sənayenin gələcək inkişaf perspektivləri nəzərə alınmaqla, ali texniki universitetlərin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və tədris proqramının təkmilləşdirilməsi
Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2017
4.10.
Özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzlərinin yaradılması
Təhsil Nazirliyi
2016-2017
4.11.
Yerli ixtiraçılar tərəfindən patentlərinin rəsmiləşdirilməsinin dəstəklənməsi ilə bağlı təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat və Sənaye Nazirliyi
2015
4.12.
Ali məktəblər, elmi təşkilatlar və araşdırma mərkəzləri tərəfindən sənayenin inkişafı ilə bağlı elmi-tətbiqi, araşdırma və inkişaf etdirmə fəaliyyətinin dəstəklənməsinə və sənaye müəssisələri ilə əlaqələrinin genişləndirilməsinə dair təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması
Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi
2015-2020
4.13.
Sənayenin müxtəlif sahələri üzrə ixtisaslaşmış elmi tədqiqat və layihə institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, dəstəklənməsi və sənaye müəssisələri ilə əlaqələrinin koordinasiyası ilə bağlı təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması
İqtisadiyyat və Sənaye Nazirliyi, Sahə elmi tədqiqat və layihə institutlarının tabe olduğu nazirlik, komitə və təşkilatlar
2015-2020
4.14.
Texniki fənlər üzrə reytinqli beynəlxalq jurnallarda məqalələr çap olunmasının həvəsləndirilməsi mexanizminə dair təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması
Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
2015
4.15.
Elm, texnologiya və innovasiyalar sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın  genişləndirilməsi
İqtisadiyyat və Sənaye Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
2015-2017
                                             5. Qanunvericiliyin təkmilləşdirilməsi
5.1.
Sənaye sahəsində fəaliyyəti tənzimləyən qanunvericiliyin təhlil edilməsi və təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanması
İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi
2015-2016
5.2.
İnvestisiyaların təşviqi ilə bağlı mexanizmin və müvafiq normativ hüquqi aktın layihəsinin hazırlanması
İqtisadiyyat və Sənaye Nazirliyi
2015
5.3.
Sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq normativ hüquqi aktın layihəsinin hazırlanması
İqtisadiyyat və Sənaye Nazirliyi
2015
5.4.
Ətraf mühitə ziyan vuran sənaye müəssisələrinə nəzarətin gücləndirilməsi, bununla bağlı qanunvericilikdə dəyişikliklərə dair təkliflər hazırlanması və aidiyyəti üzrə təqdim olunması
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi
2015