23 yanvar 2015, 15:00

Nəbi Əmrahlıdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident! 

Sizin Almaniya kansleri Angela Merkel ilə keçirdiyiniz birgə mətbuat konfransı Azərbaycan vətəndaşı olaraq mənim diqqətimi cəlb etdi. Mətbuat konfransında Almaniya kanslerinin söylədikləri, ölkəmizin nəinki Avropada, hətta bütün dünyada əhəmiyyəti gündən-günə artan, böyük potensiala malik olan bir dövlətə çevrilməsi, Azərbaycan ilə görüşlərin onların diktəsi ilə yox, qarşılıqlı diqqət və əməkdaşlıq şəraitində aparılmasının zamanı gəldiyinə əsas verir.

Cənab Prezident, bunu, ilk növbədə, yürütdüyünüz uğurlu iqtisadi-sosial siyasətlə əlaqələndirmək olar. Bu siyasət sayəsində Azərbaycan bəzi sahələrdə dünya dövlətləri içərisində bir etalona çevrilib. Buna misal olaraq, ölkəmizdə dini tolerantlıq, multikulturalizm istiqamətində aparılan işləri, məmur-vətəndaş münasibətlərini minimuma endirən “ASAN xidmət”i qeyd etmək olar. Çıxışınızda çox doğru olaraq vurğuladınız ki, Azərbaycan suverenliyinə yenicə qovuşmuş gənc ölkədir və hər bir ölkədə olduğu kimi, bizdə də çatışmazlıqlar var. Ən azından Sizin bir Prezident kimi bunu inkar etməməyə cəsarətiniz yetir. Bəzi ölkələrin demokratiya adından çıxış etməsinə, insan hüquqlarından bəhs etməsinə baxmayaraq ölkəmizə qarşı ikili standartlar, qərəzli yanaşma tətbiq etməsi Sizi bu yoldan yayındıra bilmir.

Möhtərəm Prezident, biz əminik ki, sifarişli çıxışlara cəhd Sizi sarsıtmayacaq, öz yolunuzdan döndərməyəcək. Bildirmək istərdim ki, hər bir vətənpərvər azərbaycanlı daim Sizinlədir.

Hörmətlə,

Əmrahlı Nəbi Rəsul oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.