İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib

27 yanvar 2015, 13:05
İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib

Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan sərgidə 2004-2014-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sahələrində əldə edilən uğurlardan bəhs olunur.

Sərgidə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilir. Nümayiş olunan foto, cədvəl və diaqramlardan aydın görünür ki, müvafiq dövrdə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan proqramların icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib.

2004-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçib. Son 10 ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 10,3 dəfə, sənaye məhsulunun ümumi həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,6 dəfə, əsas kapitala investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə artıb. Bu dövrdə əhalinin gəlirləri 8,2 dəfə, orta aylıq əməkhaqqı isə 5,8 dəfə çoxalıb. Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə də əsaslı dəyişikliklər baş verib.

Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.

Prezident İlham Əliyevin giriş nitqi


- Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramı keçən il qəbul edilmişdir. Keçən il biz Heydər Əliyev Mərkəzinin bu salonunda ikinci Dövlət Proqramının yekunlarını müzakirə etmişdik və üçüncü proqramın qəbul olunması məsələsi o vaxt qoyulmuşdur. Bir il keçibdir və bir il ərzində görülən işlər haqqında bu gün məlumatlar veriləcək, eyni zamanda, bu il görüləcək işlər haqqında danışacağıq.

Bir il ərzində dünyada müxtəlif hadisələr baş vermişdir, müxtəlif proseslər getmişdir. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlamışdır.

Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim çoxsaylı görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər.

Yəni, budur bizim bugünkü reallıqlarımız. Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yəni, son bir il ərzində bütün bu və digər amillər əslində mənfi tərəfə gedən amillərdir. Yəni, mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir.

2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Yadımdadır, 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər xalq mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam və proqram qəbul ediləcəkdir. Belə də oldu, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı qəbul olunmuşdur və 5 il ərzində uğurla icra edilmişdir. O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaqdır. Ancaq ondan daha çox iş yeri yaradılmışdır. Baxmayaraq ki, o vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər hələ ki, qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı qəbul edərkən artıq Azərbaycan dəyişmişdi. 2009-cu ildə Azərbaycan artıq ayaqda möhkəm dayanmışdı. Artıq bizim gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ 2009-cu ildə ikinci proqramın icrası ilə bağlı demişdim ki, mən heç bir problem görmürəm. O proqram da artıqlaması ilə icra edilmişdir.

Biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Baxmayaraq, bir daha demək istəyirəm ki, ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişmişdir. İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik. Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq.

Bu gün bu salonda bütün rayonların, şəhərlərin icra hakimiyyəti başçıları, tanınmış biznes strukturlarının rəhbərləri əyləşiblər. Yəni, bu proqramın icrası məsələsi böyük dərəcədə sizin fəaliyyətinizdən asılı olacaq. Əlbəttə ki, dövlət öz siyasətini aparır, bu il və gələn illərdə investisiya proqramı icra ediləcək. Bizim düşünülmüş siyasət imkan verir ki, bütün məsələlər həll olunsun. Sahibkarlara kömək davam etdiriləcək, quruculuq-abadlıq, infrastruktur layihələrinin icrası təmin ediləcək, ancaq yerlərdə dövlət qurumlarının və biznes strukturlarının nümayəndələri birgə çalışmalıdırlar ki, işlər daha da sürətlə getsin.

Əgər biz 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir. Sadəcə olaraq bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir. Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər.

Bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Bu da daimi proses olmalıdır. Mən bu barədə dəfələrlə demişəm. Çünki əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində işsizlik 5 faizə düşmüşdür, yoxsulluq da 5 faiz səviyyəsindədir. Dünyanın aparıcı kredit reytinq agentlikləri Azərbaycanın suveren reytinqlərini artırmışlar. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bax, budur əsas makroiqtisadi göstəricilərimiz. İnflyasiya da çox aşağı səviyyədədir, manat da ildən-ilə öz dəyərini artırır.

Ona görə bu statistik rəqəmlərə baxdıqda hər kəs görə bilər ki, biz nə qədər böyük yol keçmişik. Deyə bilərəm ki, heç kim bizə kömək etməmişdir. İndi dünyanın hətta inkişaf etmiş ölkələri xarici yardımdan bəhrələnmək istəyirlər. Xarici yardım olmadan o iqtisadiyyatlar çökür, defolt vəziyyətinə düşür. Qapı-qapı gəzirlər, yalvarırlar ki, onlara vəsait ayırsınlar. İndi yəqin ki, özlərini bir növ o qədər də rahat hiss etmirlər.

Amma Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Bizi bunu da bilirik.

Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq. Ona görə iqtisadi güc bizə, bax, bu imkanları yaradır. Ona görə xatırlayıram, hələ 2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, bizim siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Bu gün biz ətrafdakı ölkələrin vəziyyətini görürük. Baxın, dilənçi Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökər adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq.

Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik.

Ona görə iqtisadi amil, bax, bu imkanları yaradır. Eyni zamanda, ciddi iqtisadi islahatlar ciddi sosial siyasətlə də tamamlanmalıdır. Bu olmasa, cəmiyyətdə islahatlara o qədər də böyük dəstək olmayacaq. Ona görə biz sosial sahəni də prioritet kimi götürmüşük. Yaxşı başa düşürdük, sosial sahə ancaq o vaxt inkişaf edə bilər ki, güclü iqtisadiyyat olsun. Yoxsa, gəl xaricdən alınan kreditlər hesabına sosial sahəni inkişaf etdir. Biz defolta düşən ölkələrin vəziyyətinə düşərdik. Burada rəhbərliyin məsuliyyətli davranışı da qeyd edilməlidir. Bəzi ölkələr ki, indi xarici yardımsız yaşaya bilmirlər, onların rəhbərliyi hakimiyyətə gəlmək naminə çoxlu vədlər vermişlər - maaşları on dəfə qaldıracağıq, pensiya yaşını aşağı salacağıq və s. İnsanlar da onlara inanıb, onlara səs verib. Onlar da hakimiyyətə gələndən sonra gərək o sözləri yerinə yetirərdilər. Bunun üçün resurs yox idi. Ona görə nə etdilər? Getdilər xarici bazarlardan borc aldılar, özlərini asılı vəziyyətə saldılar. Ondan sonra borcun üstünə borc gəldi. Bir borcu qaytarır, o biri borcu götürür və beləliklə, piramida yaranır. Piramidanı təkcə dələduz şirkətlər yaratmır. Bəzi hallarda hökumətlər də yaradır. Bir gün bu piramida dağılmış və həmin ölkələr çox ağır vəziyyətə düşmüşlər. Ona görə siyasi məsuliyyət də çox böyük əhəmiyyət daşıyır.

Sosial sahəyə gəldikdə, sosial islahatların təməlində güclü iqtisadiyyatımız dayanır. Mən bu sahədə də bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır. Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilmişdir. 2900 məktəb binası, 560 tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılmışdır. Bax, bu, sosial sahəyə, sosial infrastruktura qoyulan vəsaitin və ayrılan diqqətin təzahürüdür.

Bu illər ərzində sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza - məcburi köçkünlərə də biz daim qayğı ilə yanaşmışıq. Son on bir il ərzində 84 qəsəbə yaradılmışdır. Hazırda, 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülmüşdür. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard dollar vəsait ayrılmışdır. On bir il ərzində 210 min insanı yerləşdirmək asan məsələ deyil. Bu, böyük bir şəhər boyda qəsəbələrdir. Bunu da biz edirik və edəcəyik. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz var. Bu il də onların problemlərinin həlli üçün həm dövlət büdcəsində, həm Dövlət Neft Fondunda kifayət qədər böyük vəsait nəzərdə tutulur.

Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər. Ona görə bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz sadəcə olaraq, memarlıq abidələri deyil. Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bax, Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ancaq bu, həmişə belə olmalıdır. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir.

Bu illər ərzində infrastruktur layihələrinə böyük diqqət göstərilmişdir və görülən işlər göz qabağındadır. Düzdür, bəzi hallarda bu görülən işlər unudulur, bəzilərinə elə gəlir ki, həmişə belə olubdur. Ancaq indi bəzən o köhnə görüntüləri televiziya ilə göstərəndə hər kəs yada salır ki, əvvəlki vəziyyət necə idi. Son illərdə həm Bakıda, həm bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyırdı. Çünki bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə bilməz. Bu, necə icra edilsin, o müəssisə necə yaradılsın ki, o bölgədə, rayonda elektrik enerjisi, yol yoxdur?

Ona görə, bax, ilk növbədə, infrastruktur layihələri, - onu da mən 2003-cü ildə demişəm, - elektrik təminatı və yollar olmalıdır. Ondan sonra prioritet olaraq qazlaşdırma, içməli su, meliorasiya. Biz, bax, bu ardıcıllıqla da gedirik. Ona görə ilk növbədə, elektrik enerjisi qurğularının yaradılmasına böyük vəsait ayrıldı. Son 11 il ərzində 23 elektrik stansiyası tikilmişdir ki, onların gücü 2400 meqavatdır. Müqayisə üçün deyə bilərəm ki, ölkəmizin ümumi enerji potensialı 6300 meqavatdır. 2400 meqavat son 11 ildə yaradılmışdır. Əgər yaranmasaydı, bu gün ölkəmizin üçdəbir hissəsi işıqsız qalacaqdı, heç bir inkişafdan söhbət gedə bilməzdi, heç bir müəssisə yaradılmazdı. Müəssisələrə gəldikdə, son 11 ildə 64 min müəssisə yaradılmışdır. Ona görə elektrik enerjisi ilə təchizat təmin edildi.

Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Heç vaxt belə olmamışdır. Hətta sovet dövründə bəzi rayonlarda ümumiyyətlə təbii qaz çəkilişi aparılmamışdır. İndi bütün şəhərlərimizdə hər bir evdə yüz faiz təbii qaz var. Kəndlərdə də bu proses gedir. Hər rübdə bir dəfə mənə məlumat verilir. Hansı kəndlərdə qazlaşdırma işləri aparılıb. Biz böyük işlər görmüşük və qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq.

Son 11 il ərzində 10 min kilometr yol çəkilmişdir. Magistral yollar, kənd yolları, 340 körpü və tunel tikilmişdir. Bakı-Tbilisi-Qars kimi beynəlxalq strateji əhəmiyyət daşıyan layihə Azərbaycanın təşəbbüsü ilə başlamışdır, indi tikintisi başa çatır. Bölgələrdə 6 aeroport tikilmişdir, onlardan 4-ü beynəlxalq aeroportdur. Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminal binası tikilmişdir. İndi bölgələrdən beynəlxalq uçuşlar təşkil edilir. Bu aeroportların bəziləri yenidən quruldu, bəziləri heç yox idi, tikilmişdir. Bu işə başlayanda bəziləri hesab edirdilər ki, buna - əlavə vəsait xərclənməsinə ehtiyac yoxdur. Amma görün indi nə qədər insan cənub, şimal-qərb bölgələrindən müxtəlif ölkələrə rahat gedir, daha Bakıya gəlməyə ehtiyac yoxdur.

Bu infrastruktur layihələrinin arasında əlbəttə, içməli su layihələri də prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb. Mən də hər bir layihənin başa çatması tədbirlərində şəxsən iştirak edirəm və yerlərdən gələn məlumatlar da məni çox sevindirir. Bu da tarixi hadisədir. Çünki Azərbaycanın daxili su mənbələri məhduddur. Bizim əsas mənbələrimiz xaricdə formalaşan çaylardır. Ona görə bu çayların sularından səmərəli şəkildə istifadə etmək, orada təmizləyici qurğuların tikintisi, eyni zamanda, daxili mənbələrin aşkarlanması prosesi gedirdi. Oğuz-Qəbələ-Bakı su kəməri tikilmişdir. Bu da simvolik xarakter daşıyır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gəlirlərindən əldə edilmiş vəsait su kəmərinin tikintisinə qoyulmuşdur. Bax, bizim siyasətimiz bundan ibarətdir. Hər kəs yaxşı bilir ki, o sahəyə qoyulan vəsait heç vaxt qayıtmayacaq. Yəni, onlar sırf sosial xarakter daşıyan layihələrdir. Əgər elektriklə, yolların tikintisi ilə bağlı görülən müxtəlif işlər nəticəsində o vəsait uzun müddətdən sonra qayıdacaqsa, su təsərrüfatına qoyulan vəsait qayıtmayacaq. Su təsərrüfatına yüz milyonlarla, milyardlarla vəsait qoymuşuq. İndi Bakının su ilə təminatı 78 faizə çatmışdır, 2004-cü ildə 29 faiz idi. Yəni, şəhərin 24 saat su ilə təchizatı nəzərdə tutulur. Ölkə üzrə 60 faizdən çoxdur, amma 11 il bundan əvvəl bəlkə 10-15 faiz idi.

İnfrastruktur layihələrinin arasında meliorasiya layihələri də böyük önəm daşıyır. Biz bu layihələrin icrasını təmin etmişik. İki nəhəng meqalayihəni icra etmişik - Şəmkirçay və Taxtakörpü su anbarları, kanallar, elektrik stansiyaları. Bu da Azərbaycana bundan sonra xidmət edəcək. Yəni, onilliklər, yüzilliklər bundan sonra bu anbarlar, çəkilən bu kanallar kənd təsərrüfatının inkişafına xidmət edəcək. Eyni zamanda, suların idarə edilməsi məsələlərinin həllində də bu layihələrin böyük əhəmiyyəti var. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq biz bunu etmişik. Bir daha demək istəyirəm ki, infrastruktura, real sektora vəsait qoyulmalıdır. Eyni zamanda, qeyd etdiyim kimi, ehtiyatlar da yığılmalıdır. Bax, biz belə etmişik. Həm ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq. Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur. Mən hələ enerji layihələrini qeyd etmirəm. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi - bu layihələr regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə istifadəyə verilmişdir, dəhliz yaradılmışdır. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik, heç vaxt “Cənub” qaz dəhlizi icra edilməyəcəkdi. Mən vaxtilə şəxsən Nabukko layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etmişəm. Yəni, orada müzakirədən başqa heç nə yox idi. Bəyanatlar, çıxışlar, qətnamələrin qəbul edilməsi, vəssalam. Ondan sonra hamı dağılır gedir, iş də qalır kənarda. Mən minimum on tədbirdə iştirak etmişəm. Hər dəfə də demişəm ki, burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək lazımdır? Bunun əsas elementləri nədən ibarətdir? Bu o qədər də çətin məsələ deyil. Amma elə mən deyirdim, mən eşidirdim. Daha sonra gördük ki, artıq bu layihə yerində sayır. Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı. Bunu etməsə idik nə olacaqdı?! Elə belə də qalacaqdı. Ya da ki, Bakı-Tbilisi-Qars. Bu məsələ on il bundan əvvəl müzakirə olunurdu və hələ müzakirə kimi gedirdi. Əgər təşəbbüs göstərməsəydik, real təklifi, maliyyə resurslarını ortaya qoymasaydıq, elə indi də danışacaqdıq. Nazirlər indi də gedib orada-burada konfranslar keçirəcəkdilər. Biz real işlərlə məşğuluq. Real işlər həyatda öz əksini tapır. Ona görə bu gün Azərbaycan modeli var. Ona görə ki, biz boşboğazlıqla yox, real işlərlə məşğuluq, xalqa xidmət edirik və edəcəyik.

İndi isə son bir il ərzində görülən işlərlə bağlı məlumatlar səslənəcək və söz verilir iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə.

X X X

İqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Son 10 il Azərbaycanın sürətli və hərtərəfli inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, ölkənin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin rifahının davamlı olaraq yaxşılaşması dövrü kimi tariximizə daxil olmuşdur. Bu uğurların əsasında Prezident İlham Əliyevin müasir çağırışlara cavab verən, məqsədyönlü və praqmatik siyasəti durur.

Ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, dünya iqtisadi böhranının mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının böyük uzaqgörənliklə apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti vardır.

2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

Ötən il də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində görülən işlər, həyata keçirilən layihələr, əldə edilən uğurlu nəticələrlə zəngin olmuşdur.

Möhtərəm cənab Prezident, Sizin 2014-cü il ərzində bölgələrə 23 səfəriniz çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakınız, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağınız, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə imzaladığınız 72 sərəncam regionların inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir.

Cənab Prezident, Sizin ötənilki konfransda verdiyiniz tapşırıqların yerinə yetirilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş, regionların inkişafına ötən il bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilmişdir.

Hesabat ilində regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilmişdir.

İl ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilmiş və ya təmir olunmuşdur. Tapşırığınıza uyğun olaraq kənd yollarının tikintisi davam etdirilmiş, hesabat ilində Sizin 43 sərəncamınızla bu məqsədlərə əlavə vəsait ayrılmış, əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılmışdır.

Ötən il 5 elektrik stansiyası istifadəyə verilmiş, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilmiş və ya əsaslı təmir olunmuş, 24 rayon üzrə 58 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir.

İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 26 yeni ATS istifadəyə verilmiş, 42 poçt şöbəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Sumqayıt, Gəncə və Sabirabadda “ASAN xidmət”in fəaliyyətə başlaması regionlarda yaşayan əhalinin gündəlik həyatını asanlaşdırmış, mərkəzlərin xidmətindən 1,1 milyondan çox vətəndaş istifadə etmişdir.

İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınmış, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmış, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilmişdir.

Sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən miqyaslı işlər insanların rifahının yaxşılaşması üçün yeni imkanlar açır. Şübhəsiz ki, 2014-cü ildə başlayan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı da digər layihələr kimi uğurlu olacaq və əhalinin rifahının artmasına töhfəsini verəcəkdir.

Möhtərəm cənab Prezident, tərəfinizdən 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bu çərçivədə tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan vermiş, ötən il regionlarda 105 sənaye müəssisəsi açılmışdır. Ümumilikdə “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artmışdır.

Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri bu il başa çatdırılacaqdır. Hazırda parkda 3 rezident qeydiyyata alınmış, 2 rezident ilə danışıqlar yekunlaşır və layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcəkdir.

Son illərdə sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə ixrac potensialı yaranmışdır. 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılmış və artıq 22 zavod istifadəyə verilmişdir.

Sərəncamınıza uyğun olaraq sənaye məhəllələrinin təşkili üçün bir sıra ölkələrin təcrübəsi öyrənilmiş, qanunvericilik bazası formalaşdırılmışdır və cari ildə sənaye məhəllələrinin təşkilinə başlanılacaqdır.

Son illərdə infrastruktur layihələrinin icrası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, həyata keçirilən dövlət dəstəyi tədbirləri regionların iqtisadi potensialını gücləndirməklə, cənab Prezident, Sizin iqtisadi siyasətinizin prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına təkan vermişdir.

Ötən il bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə mühüm işlər görülmüş, elektron xidmətlərin sayı 450-yə çatmışdır. Regionlarda 4400 müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, regionlardan vergi daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artmış, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatmışdır. İl ərzində ölkə üzrə 123 min yeni iş yeri açılmışdır.

Gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlamışdır.

2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə sahibkarın iştirakı ilə 169 tədbir keçirilmiş, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmiş və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. Bu il isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Cənab Prezident, ötənilki konfransda verdiyiniz göstərişə əsasən regionlarda kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya əlaqələrini gücləndirmək məqsədilə Fondla əməkdaşlıq edən bank olmayan kredit təşkilatlarının sayı 20-yə çatdırılmışdır. Bu isə kiçik sahibkarların uzun illərdir ki, üzləşdikləri girov problemini həll etməyə imkan verir.

Möhtərəm Prezident, intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasətiniz, dövlət dəstəyi tədbirləri, eləcə də bu sahədə sahibkarlığın inkişafı, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisənin açılması öz nəticəsini vermiş, idxaldan asılılığın azalmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Son illərdə dövlət dəstəyi tədbirləri, o cümlədən 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artmasına, 3 ildə ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.

Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsi və ixrac imkanını yaratmışdır.

Eyni zamanda, qiymətlərin sabit saxlanılması məqsədilə istehlak bazarında gündəlik monitorinqlər aparılmaqla bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmiş, nəticədə süni qiymət artımına yol verilməmişdir.

Şəmkirdə təməli qoyulmuş və məhsulların istehsalından satışınadək bütün mərhələləri əhatə edəcək özəl pilot aqroparkında işlər artıq praktik müstəviyə keçmişdir.

Hazırda Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır, Bərdə və Xaçmazda da aqrar-sənaye kompleksləri yaradılır.

Cənab Prezident, tapşırığınıza uyğun olaraq, ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına 47 milyon manat güzəştli kreditlər verilmişdir.

Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Tapşırığınıza əsasən müəssisələrin regionlar üzrə optimal yerləşdirilməsi işləri yerli resurslar, iqlim şəraiti, kadr potensialı və formalaşmış ənənələr nəzərə alınmaqla aparılan təhlillər əsasında hazırlanan plana uyğun olaraq növbəti illərdə də davam etdiriləcəkdir.

Xarici ölkələrdə ixrac infrastrukturunun yaradılması tapşırığınıza uyğun olaraq, Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisi bu il başa çatdırılacaqdır. Gələcəkdə digər ölkələrdə də mərkəzlərin yaradılması perspektivləri araşdırılır. Bu mərkəzlər ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, ixracın həcminin artmasına müsbət təsir göstərəcəkdir.

Möhtərəm cənab Prezident,

Müəllifi olduğunuz regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş, bütün regionlarda quruculuq işləri geniş vüsət almış, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşların bu strategiyanın nəticələrinin öz gündəlik həyatında hiss etməsinə səbəb olmuşdur.

Sizin xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli siyasətiniz bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini təmin edəcəkdir.

Diqqətinizə görə minnətdaram!

X X X

Kənd təsərrüfatı naziri Heydər ƏSƏDOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

İcazə verin ilk növbədə 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etdiyinizə görə Sizə kənd təsərrüfatı işçiləri adından öz dərin minnətdarlığımızı və ali ehtiramımızı bildirim.

Biz böyük məsuliyyət hissi ilə anlayırıq ki, belə bir qərarın qəbul edilməsi aqrar sektorun işçilərinə göstərilən böyük etimadla yanaşı, Sizin qarşınızda olan öhdəliklərimizi layiqincə yerinə yetirmək üçün daha böyük məsuliyyət yaradır.

Dünyada ilk dəfə Sizin tərəfinizdən irəli sürülmüş və ölkəmizin bütün ərazisinin inkişafının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsini nəzərdə tutan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının müvəffəqiyyətlə icra olunması “vahid milli iqtisadi məkan”ın tarixi nümunəsini formalaşdırmaqdadır.

Cənab Prezident, Dünya Bankının məlumat bazasına əsasən Dövlət proqramlarının həyata keçirildiyi son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olmuşdur. Bu dövr ərzində ərzaq məhsullarının artımı 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil etmişdir.

Bu illər ərzində milli ərzaq təhlükəsizliyinin təminatı möhkəmlənmiş, daxili istehsal hesabına əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artmış, meyvə-tərəvəz və bir sıra digər məhsulların tələbatdan artıq istehsal edilməsi bu məhsullar üzrə ixrac potensialını artırmışdır.

Hesabat ilində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5,2 milyard manat təşkil etmiş, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 milyard manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Hesabat ilində son 50 ildə görünməmiş quraqlıq və havaların əlverişsiz keçməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilməmişdir.

Hesabat ilində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz məhsullarının ixrac həcmi qonşu dövlətlərdə monetar sahədə baş verən məlum hadisələrə baxmayaraq, 291 milyon ABŞ dolları və ya əvvəlki illə müqayisədə 16,1 faiz çox olmuşdur. Bu dövr ərzində ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının həcmi isə 25,2 milyon ABŞ dolları və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 faiz az olmuş, o cümlədən natural ifadədə meyvə idxalının həcmi 32,7 faiz, tərəvəz və bostan məhsullarının idxalının həcmi 47,3 faiz azalmışdır. Bu faktlar ərzaq məhsullarına olan daxili bazar tələbatının ödənilməsində yerli istehsalın rolunun əvvəlki illə müqayisədə xeyli artdığını göstərir.

Möhtərəm cənab Prezident!

Məlum olduğu kimi, istehsalın intensivləşdirilməsi müasir dövrdə qlobal inkişafın əsas istiqamətini təşkil edir. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən son onilliklər ərzində dünya üzrə əkin sahələri 9 faiz artdığı halda, bitkiçilik məhsullarının həcmi 2,3 dəfə, dünya üzrə mövcud mal-qaranın sayı 26 faiz artdığı halda, süd istehsalı 61 faiz artmışdır. Ölkəmizdə də son 10 ildə eyni tendensiyanın saxlanılması aqrar siyasətin əsas prinsiplərindən biri olan kənd təsərrüfatının intensiv metodlarla inkişafının stimullaşdırılması üçün dəfələrlə verdiyiniz tapşırıqların, eləcə də bu istiqamətdə imzaladığınız fərman və sərəncamların məntiqi nəticəsidir.

Məhz bunların nəticəsidir ki, son illərdə əksər kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım tempi, ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələmişdir. Bu müddət ərzində bitkiçilikdə istehsalın artım tempi əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi tempindən yüksək olmuş, mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunmuşdur.

Möhtərəm cənab Prezident!

Bir il öncə mən bu kürsüdən çıxış edərkən kənd təsərrüfatı işçilərinin dövlətin bu sahəyə qayğısını yüksək qiymətləndirməklə bərabər, müasir kənd təsərrüfatı texnikasının dəyərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması, alınmış texnika ilə bağlı yaranmış borcların müəyyən hissəsinin dövlət hesabına ödənilməsi, mineral gübrələrin satış qiymətinə tətbiq edilən dövlət güzəştinin həcminin artırılması arzusunda olduqlarını ali diqqətinizə məruzə etmişdim.

Bu gün sonsuz minnətdarlıq hissi ilə qeyd edirəm ki, Sizin göstərişiniz əsasında kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən qarşılanmasına və satılmış texnika ilə bağlı yaranmış borcların eyni hissəsinin dövlət hesabına silinməsinə, habelə güzəştlə satılan mineral gübrələrin həcminin hər hektar üzrə 50 manatdan 80 manata qədər artırılmasına və eləcə də bu mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcminin 50 faizdən 70 faizə yüksəldilməsinə qərar verilmişdir.

Bütün bunlar isə kənd təsərrüfatına göstərilən sistemli dövlət qayğısının əhəmiyyətli dərəcədə artması ilə bərabər, hətta dünyada belə güzəştlərin azaldığı bir zamanda Sizin onların yanında olduğunuzu və Azərbaycan iqtisadiyyatının nə dərəcədə dayanıqlı olduğunu bir daha göstərir.

Dövlət qayğısının artırılmasının nəticəsidir ki, hesabat ilində fermerlərin istehsal vasitələri ilə təminatında yaddaqalan nəticələr olmuşdur. Belə ki, hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artmışdır. Son ildə alınmış ümumi kənd təsərrüfatı texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil etmişdir. Son on ildə ölkəyə gətirilmiş və 50 faiz güzəştlə lizinqə verilmiş iribuynuzlu damazlıq heyvanların 25 faizi, xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi hesabat ilinin payına düşmüşdür.

Beləliklə, idxal qiymətlərinin azaldılması ilə yanaşı, tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə edə bilmişlər. Bu da məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salmaqla bərabər, onların gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə eyni səviyyədə müsbət təsir göstərmişdir.

Bundan əlavə, bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoхillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım verilmişdir.

2014-cü ili ölkəmiz ilə FAO arasında əməkdaşlığın dönüş ili adlandırmaq olar. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda FAO-nun ofisinin yaradılması üzrə razılıq əldə edilmişdir. İndiyədək yalnız ABŞ, Yaponiya, Belçika və İsveçrədə mövcud olan belə ofisin ölkəmizdə təsis edilməsi, qlobal və milli səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycan dövlətinin siyasi iradəsindən xəbər verir.

Dövlət başçısının tapşırığına uyğun olaraq Bakı şəhərində hər həftə sonları və bayram günləri təşkil edilən yarmarkaların fəaliyyəti daha da təkmilləşdirilmişdir. Özəl biznes subyektləri ilə əməkdaşlıq sistemi yaradılaraq iqtisadi tənzimləmə və valyuta bazarında olduğu kimi ərzaq bazarına natural məhsullarla “intervensiya” tədbirləri nəticəsində həm Qurban bayramı, həm də Yeni il ərəfəsində bazarlarda tələbata uyğun məhsul bolluğu yaradılmış və qiymət dəyişmələri baş verməmişdir.

Möhtərəm cənab Prezident!

FAO-nun hesablamalarına görə, qlobal səviyyədə istehsal həcmini lazımi səviyyədə artırmaq üçün inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatına tələb olunan illik xalis investisiya qoyuluşu təqribən 83 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu investisiyaların 60 faizdən çoxunun məhz kənd təsərrüfatı istehsalına xidmət edən bazar infrastrukturuna yönəldilməsi zəruri hesab edilir. Bütün bunlar, Azərbaycan dövlətinin anbar-tədarük və topdansatış bazar infrastrukturunun inkişafını dəstəkləməklə bağlı siyasətinin qlobal çağırışlarla tam səsləşdiyini göstərir.

Əvvəldə qeyd etdiyim quraqlıq və əlverişsiz hava şəraiti səbəbindən toxumçuluq sahəsində yaranmış ciddi problemlərin Sizin göstərişinizlə dövlət büdcəsindən ayrılan 2,8 milyon manat vəsait hesabına bir sıra rayonlarda fermerlərə pulsuz toxum verilməsi yolu ilə qısa müddət ərzində aradan qaldırılması insanların bu sahəyə olan marağının azalmasına imkan verməmişdir.

Cənab Prezident, fürsətdən istifadə edərək kənd zəhmətkeşlərinin Sizə olan sonsuz inam və istəyini ifadə edərək aşağıdakı problemlərin həlli istiqamətində ali diqqətinizi xahiş edirik:

- yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi;

- ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması;

- tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması;

- mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi məqsədəuyğun olardı.

İcazə verin kənd təsərrüfatına göstərdiyiniz daimi qayğıya görə kənd əməkçiləri adından bir daha Sizə dərin minnətdarlığımı bildirim və əmin edim ki, onlar ölkənin tərəqqisi naminə daha böyük əzmlə çalışacaqlar.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd ƏHMƏDZADƏ çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz fəaliyyətiniz, gərgin əməyiniz, qətiyyət və əzmkarlığınız, milli maraqları və mənəvi dəyərləri ahəngdar şəkildə uzlaşdırmağınız sayəsində dünyanın ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilmişdir.

Bu yüksəlişin bir sirri, bir səbəbi də vardır ki, bu da Sizin müəllifi olduğunuz respublika iqtisadiyyatının hərtərəfli inkişafını təmin edən, real icra imkanlarına söykənən, çoxsaylı Dövlət proqramlarının qəbul edilməsi, bu proqramların həyata keçirilməsi üçün respublikanın potensialının səfərbər edilməsi, ən başlıcası isə bu böyük miqyaslı işlərə Sizin şəxsən rəhbərlik, nəzarət etməyiniz, kömək və tələbkarlıq göstərməyinizdir. Bu gün keçirilən tədbir bunu bir daha təsdiq edir.

Cənab Prezident, ölkə iqtisadiyyatının inkişafında öz yeri olan meliorasiya və su təsərrüfatı sahəsinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı, onun həmişəyaşar ideyaları bu gün Sizin rəhbərliyiniz altında uğurla davam etdirilir. Bunun nəticəsi olaraq son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmişdir. 171 min hektar sahədə suvarılan torpaqların su təminatı və 178 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 20 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd subartezian quyusu qazılmışdır. Sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilmişdir.

Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihələri olan su elektrik stansiyaları ilə birlikdə Taxtakörpü və Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr bilavasitə Sizin rəhbərliyiniz, daimi nəzarətiniz, yaxından köməyiniz və qayğınız sayəsində qısa müddət ərzində başa çatdırılmışdır.

Möhtərəm cənab Prezident!

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin tədbirlər üzrə 2014-cü ildə müvafiq işlər həyata keçirilmişdir. Şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi üçün tikinti işlərinə başlanılmışdır və hazırda bu işlər davam etdirilir.

Sizin, 2014-cü il iyulun 22-də yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suyun Xızı rayonunun torpaq sahələrinə verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirakınız zamanı Taxtakörpü su anbarının tikintisi ilə əlaqədar 30 min hektara yaxın yeni suvarılan torpaqların istifadəyə verilməsinin sürətləndirilməsi barədə verdiyiniz tapşırıqların icrası olaraq, ilkin mərhələdə rayonun 3400 hektar torpaq sahələrində meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

2014-cü il noyabrın 15-də Sizin iştirakınızla açılış mərasimi keçirilmiş Su Elektrik Stansiyası ilə birgə Şəmkirçay su anbarının tikintisinin başa çatdırılması ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, 17 min hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin içməli su ilə təmin edilməsi və ildə 56 milyon kilovat elektrik enerjisinin istehsal edilməsi mümkün olacaqdır.

2014-cü ildə Dünya Bankının krediti hesabına respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, 10 rayonda isə 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılmışdır. Müvafiq Sərəncamınızın icrası olaraq respublikanın 32 rayonunun 223 yaşayış məntəqəsində əkin sahələrinin suvarma və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250, ümumilikdə isə 305 ədəd subartezian quyuları qazılmışdır.

Ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyiniz tapşırığa əsasən Füzuli və Ağcabədi rayonlarının ərazilərində 1725 hektar az məhsuldar qış otlaq sahələri suvarma suyu ilə təmin edilmiş, Neftçala rayonunda isə bu məqsədlə Kür çayı üzərində nasos stansiyasının və suvarma kanalının tikintisi işləri davam etdirilmişdir.

İstismar tədbirləri və əsaslı təmir işləri üçün ayrılmış vəsait hesabına su anbarlarında, hidroqovşaqlarda, 67 kilometr suvarma və kollektor-drenaj şəbəkəsində, 90 hidrotexniki qurğuda, 71 nasos stansiyasında, 91 subartezian quyusunda və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri görülmüşdür. Kür, Araz və onlara qovuşan çaylarda 91 kilometr məsafədə sahilbərkitmə və torpaq mühafizə bəndlərində möhkəmləndirmə işləri görülmüşdür.

Möhtərəm cənab Prezident!

Bildiyiniz kimi, 2014-cü ildə havaların kəskin isti və quraq keçməsi səbəbindən respublikanın çaylarında sululuq çoxillik normalardan xeyli az olmuş, bir sıra dağ çaylarının suyu tamamilə qurumuşdur. Mingəçevir, Şəmkir, Araz, Ağstafaçay, Coqazcay və digər su anbarlarında toplanılmış su həcmləri də normadan az olmuşdur. Lakin ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi nəticəsində yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatını ödəmək üçün əlavə olaraq 260 milyon kubmetrə yaxın su verilməsi mümkün olmuşdur. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edilmiş, respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1361 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılmışdır.

Cənab Prezident, Sizin 2015-ci il 12 yanvar tarixli Sərəncamınızla 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi bizim məsuliyyətimizi xeyli artırır. Bu məqsədlə 2015-ci ildə də konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sizin Sərəncamınızla Dövlət Neft Fondundan “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə ayrılmış vəsait hesabına Xızı rayonunda ümumilikdə 7100 hektar (5415 hektar yeni suvarılan), Siyəzən rayonunda isə 4670 hektar (3963 hektar yeni suvarılan) sahədə meliorativ tədbirlər başa çatdırılacaqdır. Bu da yeni istifadəyə veriləcək 9378 hektar sahədə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan verəcəkdir. Şabran rayonunda isə yaxın vaxtlarda meliorativ tədbirlərin layihə sənədləri başa çatdırılaraq bu işlərə başlanılacaqdır. 20 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının, Şəmkirçay su anbarı zonasında isə əkin sahələrini suvarma suyu ilə təmin edəcək magistral kanalların tikinti işləri başa çatdırılaraq istifadəyə veriləcəkdir.

Sizin Sərəncamınızla ehtiyat fondundan ayrılan vəsait hesabına 34 şəhər və rayonun 241 yaşayış məntəqəsinin əkin sahələrinin suvarılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 300 subartezian quyusu qazılacaqdır.

Dünya Bankının krediti ilə respublikanın 8 rayonunda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, 15 rayonda təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin təmir-bərpası və tikintisi işləri davam etdiriləcəkdir.

Cari ildə kənd təsərrüfatı əkinlərinin tələbata uyğun olaraq suvarma suyu ilə təmin edilməsi, torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, mövcud sistemin modernləşdirilməsi, normal istismarının təmin edilməsi və su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində işlər də davam etdiriləcəkdir.

Möhtərəm cənab Prezident!

Respublika melioratorlarının gördüyü işlərə həmişə yüksək qiymət vermisiniz. Buna görə bütün kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildirir və əmin edirik ki, kollektivimiz bundan sonra da Sizin bütün tapşırıqlarınızın yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaqdır.

Diqqətinizə görə çox sağ olun.

X X X

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz HÜSEYNOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli konfrans iştirakçıları.

Son illər Azərbaycan iqtisadiyyatının sürətli inkişafı infrastrukturun digər sahələrində olduğu kimi, içməli su təchizatı və kanalizasiya sahəsində də köklü dəyişikliklərə səbəb olmuşdur. Cənab Prezident, Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası regionların dinamik inkişafını sürətləndirmiş, bölgələri əhatə edən bütün layihələr Azərbaycan vətəndaşlarının həyat şəraitinin yüksəldilməsinə xidmət etmişdir.

2004-2008 və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir və hazırda icra olunan Dövlət Proqramı çərçivəsində işlər davam etdirilir. Ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunmuş, artıq 12 şəhərdə işlər yekunlaşmış, digər 28 şəhərdə isə davam etdirilir.

Görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunmuşdur ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Möhtərəm Prezident, xüsusi vurğulamaq istəyirəm ki, memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadası ilə yanaşı, su çatışmazlığı müşahidə olunan bəzi regionların problemlərinin həllinə də imkan vermişdir. Belə ki, bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin digər mənbəyi olan Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi Aran və Muğan bölgəsinə yönəldilmişdir. Bundan əvvəlki proqramın icrası dövründə Şirvan-Muğan qrup su kəməri tikilmiş və Kür sutəmizləyici qurğularının potensialından istifadə etməklə Biləsuvar, Şirvan və Hacıqabul şəhərləri keyfiyyətli içməli su ilə təmin edilmişdir. Gələcəkdə bu mənbədən Salyan və Neftçala şəhərlərinə, həmçinin 121 kəndə də suyun verilməsi nəzərdə tutulmuşdur.

2014-cü ildə həyata keçirilən ən böyük layihə Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisi olmuşdur. Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası 8 aya başa çatdırılmışdır. Cənab Prezident, Sizin iştirakınızla ötən ilin dekabr ayında Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmiş, eyni zamanda, Saatlı şəhərinə də suyun verilməsi təmin edilmişdir. Kəmərlə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verəcəkdir.

Bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq, Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhərində də su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı mühüm işlər görülmüşdür. Bu məqsədlə Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilmiş, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşmışdır.

Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi may ayına qədər başa çatdırılacaqdır. Növbəti illərdə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcəkdir.

2014-cü ildə Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılmış, 4900 mənzildə smart sayğac quraşdırılmış və şəhər sakinləri fasiləsiz su ilə təmin olunmuşlar.

Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilmişdir. Layihəyə uyğun olaraq hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur. Ötən il şəhərdə 78 kilometr su və kanalizasiya xətti, həcmi 17 min kubmetr olan 4 su anbarı tikilmiş, 170 yaşayış binasının daxili kommunikasiya xətləri və məhəllədaxili şəbəkələri yenilənmiş, 7000 abonent smart sayğacla təmin olunmuşdur.

Gəncə şəhərinin digər su mənbəyi - Qızılqayada drenaj sistemlərinin və magistral xəttin çəkilişi yekunlaşmış, şəhərə suyun verilməsinə hazırlıq görülür.

Ötən il bölgənin suvarma və içməli suya olan tələbatının ödənilməsində müstəsna əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində Gəncə şəhəri, Şəmkir və Samux rayonlarının etibarlı içməli su mənbəyi yaradılmışdır. Gəncə şəhərini qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq yekunlaşmışdır. Dövlət Proqramına uyğun olaraq sutəmizləyici qurğunun, Şəmkir və Samux rayonlarına suyun verilməsi üçün magistral xəttin tikintisi üzrə layihələndirmə işləri davam etdirilir.

Ötən il Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi başa çatdırılmış, Ağdaş şəhərində isə bu işlər 70 faiz icra olunmuşdur. Artıq hər üç şəhərin sakinləri yeni mənbələrin suyundan istifadə edir. Bununla yanaşı, Göyçay şəhərində kanalizasiya şəbəkəsinin 97, Beyləqan şəhərində 92, Ağdaş şəhərində isə 70 faizinin tikintisi başa çatdırılmışdır.

2014-cü ildə daha bir beynəlxalq maliyyə qurumu - İslam İnkişaf Bankı ilə layihənin icrasına başlanılmışdır. “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilmişdir. 2015-ci ildə bu layihə çərçivəsində Daşkəsən, Tərtər, Qazax və Samux, həmçinin Ağcabədi və Qobustan şəhərlərində infrastrukturun yenidən qurulmasına başlanılacaqdır.

Qeyd etmək istəyirəm ki, rayon mərkəzləri və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilmişdir. Digər şəhərlərdə isə onların layihələndirilməsi və tikintisi davam etdirilir.

Dövlət Proqramında içməli sudan əziyyət çəkən kəndlərdə də layihələrin icrası nəzərdə tutulmuşdur. Ötən il düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapmışdır. Eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilmişdir. Hesabat dövründə Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də işlər görülmüş, nəticədə 35 min nəfərin su təminatı yaxşılaşmışdır.

Dövlət Proqramı çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılmış, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilmişdir.

Cənab Prezident, Dövlət Proqramının icrasının birinci ilində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilmiş, 50 min ədəd smart sayğac quraşdırılmışdır. Qeyd etmək istəyirəm ki, Dövlət proqramlarında nəzərdə tutulmuş işlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların xüsusi çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılmışdır.

Möhtərəm cənab Prezident!

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı “İnfrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək” fikriniz, Azərbaycan vətəndaşına, onun sağlamlığına və həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərdiyiniz qayğı ilə yanaşı, həm də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivinin üzərinə ciddi məsuliyyət qoymuşdur. Sizi əmin edirəm ki, ölkə əhalisinin, xüsusən regionlarda yaşayan insanların içməli su təminatının yaxşılaşdırılması və verilmiş tapşırıqların həlli üçün kollektivimiz daha əzmlə çalışacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin yekun  nitqi

- Bu il görüləcək işlərlə bağlı müvafiq göstərişlər verilmişdir. Dövlət İnvestisiya Proqramı qəbul edilmişdir. Kifayət qədər geniş həcmli proqramdır. Əminəm ki, proqram icra ediləcək və beləliklə, 2015-ci il də Azərbaycanda uğurlu il kimi tarixdə qalacaq. Bütün planlarımızı həyata keçirmək üçün ilk növbədə, ölkədə makroiqtisadi vəziyyət sabit olmalıdır. Bu istiqamətdə böyük işlər aparılmışdır. Uzun illər makroiqtisadi vəziyyət diqqət mərkəzindədir. Bizim göstəricilərimiz də çox müsbətdir. Keçən il inflyasiya cəmi 1,4 faiz olmuş, iqtisadiyyat təxminən 3 faiz, qeyri-neft sektorumuz isə 7 faiz artmışdır.

Qeyd etdiyim kimi, manatın məzənnəsi sabitdir. Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmamışdır. Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq. Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir. Bir qədər sonra mən bu barədə öz fikirlərimi daha da geniş şəkildə deyəcəyəm. Ona görə ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın.

Maliyyə resurslarımız kifayət qədər böyükdür. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Bu göstəriciyə görə bəlkə də biz dünyada birinci 10 ölkənin arasındayıq. Bütün işləri daxili resurslar hesabına görmüşük. Bax, bu göstərici onu əyani şəkildə təsdiq edir. Biz borclanmamışıq, lazım olan borcları götürməmişik. Halbuki götürə bilərdik. Hazırda Azərbaycanın kredit reytinqi, makroiqtisadi vəziyyəti, valyuta ehtiyatları o qədər müsbət mənzərə yaradır ki, biz xarici bazarlardan istənilən məbləğdə - 10 milyard, 20 milyard, 30 milyard dollar vəsait götürə bilərik, ancaq götürmürük. Çünki bayaq qeyd etdiyim kimi, bu məsələyə məsuliyyətlə yanaşırıq. Xarici borc daim aşağı səviyyədə olmalıdır. Biz əslində bu borcu bir gündə də ödəyə bilərik. Çünki xarici borcumuz valyuta ehtiyatlarımıza nisbətdə təxminən 10 faizdən bir qədər çox rəqəm təşkil edir. Ona görə xarici borc aşağı səviyyədədir. Bu, müsbət haldır. Müsbət hal kimi də qalmalıdır. Bu il də bizim büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulur.

Bununla bərabər, qeyd etməliyəm ki, neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir. Əgər əvvəlki illərdə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdiksə, artıq o dövr bitdi. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınır. Eyni zamanda, ciddi nəzarət aparılmalıdır. Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. İsrafçılığa, ümumiyyətlə, yol vermək olmaz - nə həyatda, nə siyasətdə, nə də ki, iqtisadi məsələlərin həllində, o cümlədən indiki şəraitdə. Neftlə zəngin olan bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz büdcələrini ixtisar edirlər, özü də böyük dərəcədə. Xərcləri ixtisar edirlər. Bu da təbiidir. Hər adam yorğanına görə ayağını uzatmalıdır. Hökumətlər də, dövlətlər də eyni qayda ilə hərəkət etməlidirlər. Ona görə bir daha demək istəyirəm ki, bizim nəzarət orqanlarımız buna nəzarət etsinlər, yerlərdə israfçılığa yol verilməməlidir. Hər bir vəsaitdən böyük səmərə ilə istifadə edilməlidir ki, bizim ümumi makroiqtisadi vəziyyətimiz bundan sonra da yüksək səviyyədə olsun.

Bununla bərabər, prioritet xarakter daşıyan bütün layihələr icra ediləcək, o cümlədən infrastruktur layihələri, sosial layihələr. Bu il məktəblərin tikintisi və təmiri nəzərdə tutulur. Tibb ocaqlarının, idman qurğularının, xüsusilə uşaq bağçalarının tikintisi son illərdə Azərbaycanda geniş vüsət almışdır. Bu proses davam etdirilməlidir. Çünki işsizliyin aradan qaldırılması nəticəsində indi ailədə hər iki valideyn işlə təmin olunur. Belə olan halda uşaq bağçalarının sayının artırılmasına çox böyük ehtiyac var. Yəni, bu məsələlər bir-biri ilə görürsünüz, nə qədər bağlıdır. İqtisadi inkişaf, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması bax, diktə edir ki, bu məsələ də öz həllini tapsın. Eyni zamanda, iqtisadi inkişaf və müsbət demoqrafik vəziyyət diktə edir ki, iş yerlərinin yaradılmasına diqqət daim yüksək səviyyədə olmalıdır. Çünki Azərbaycan üçün bu, daimi prosesdir. Bizdə demoqrafik vəziyyət müsbətdir, əhali artır, artıq əhalimiz 10 milyona yaxınlaşır. Ona görə hər il biz on minlərlə yeni iş yerlərini yaratmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun.

İnfrastruktur layihələrinin icrası davam etdiriləcək. Burada elektrik xətlərinin təmiri xüsusi əhəmiyyət daşıyır, çünki artıq yeni güclər yaranıb. Ötürücü xətlərə də vəsait ayrılıb. Bütün xətlər yenidən qurulmalıdır, təmir edilməlidir. İçməli su, kanalizasiya layihələri, - burada qeyd olundu “Azərsu”, eyni zamanda, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icra edilir. Yəni, üç qurum bu işlərlə məşğul olur. Çaylar boyunca yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır. Bu məqsədlə Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Artezian quyularının qazılması bu il davam etdiriləcək. Bu məqsədlə də Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Bu il üç yüzdən çox artezian quyusu qazılacaqdır. Bu sahə daim diqqət mərkəzindədir.

Bütün şəhərlərdə ictimai yerlər, parklar, xiyabanlar, gəzinti yerləri yaradılır. Mən bunu alqışlayıram. Əslində, bu işin təşəbbüskarı mən olmuşam. Bakıda, bütün rayonlarda həm şəhərlər gözəlləşir, eyni zamanda, insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni, gözəl imkanlar yaradılır. Bu sahə də diqqətdən kənarda qalmamalıdır.

Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Keçən il qeyri-neft sektorumuz 7 faiz, 2013-cü ildə isə 9 faiz artmışdır. Bizim ümumi daxili məhsulumuzun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Getdikcə bu rəqəm daha da artacaq və artmalıdır. Biz əlbəttə ki, bu məqsədlərə çatmaq üçün lazımi tədbirləri görürük. Burada sahibkarlığın inkişafı əlbəttə ki, öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektorumuz sahibkarlığın inkişafı hesabına böyük dərəcədə tərəqqi edir.

Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə iki milyard dollar məbləğində güzəştli kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılmışdır. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı məsələlərinə, qalan hissə isə sənaye müəssisələrinin yaradılmasına yönəldilmişdir. Bu il də vəsait nəzərdə tutulur və biz görürük ki, bu kreditlər, doğrudan da, gözəl nəticələrə gətirib çıxarır. Həm sahibkarlarda inam artır, çünki Azərbaycan dövləti bu layihələrdə, necə deyərlər, onlarla ortaqdır və öz payını güzəştli şərtlərlə təqdim edir, vəsait ayırır. Eyni zamanda, sahibkarların uğurlu fəaliyyəti üçün İqtisadiyyat və Sənaye Nazirliyi müxtəlif metodik sənədlər də tərtib edib ki, istənilən həcmli biznesi başlamaq istəyən üçün gözəl vəsait, yəni, əyani vəsait kimi təqdim edilir.

Bank sektorunun inkişafı son illərdə sürətlə getmişdir. Azərbaycanda indi bank sektorunda konsolidasiya gedir. Nizamnamə kapitalının artırılması nəticəsində artıq bu, bank sisteminə, ümumiyyətlə, çox müsbət təsir göstərmişdir, ölkəni və əhalini hər hansı bir sürprizdən qoruyur. Çünki artıq banklarımızın kifayət qədər böyük nizamnamə kapitalı var. Bizim banklarımızın bir neçəsi artıq xarici bazarlara çıxır, xaricə investisiya qoyur. Mən prinsip etibarı ilə buna etiraz etmirəm. Ancaq hesab edirəm ki, ilk növbədə, o bankların ki, böyük resursları var, ölkə iqtisadiyyatına vəsait ayırsınlar. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank sektorunun formalaşmasında çox böyük rol oynamışdır. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olmuşdur, eyni zamanda, onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Yəni, bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu qədər qayğı göstərir. Dövlət də, öz növbəsində, indi onlardan daha da fəal iş gözləyir. Hesab edirəm ki, ən azı ildə iki dəfə bu barədə məlumat verilməlidir.

Azərbaycan bankları hansı həcmdə, hansı layihələrə, hansı rayonlarda, yaxud da Bakı şəhərində hansı vəsait ayırıblar? Bax, bu məlumat olmalıdır. Mən də, ictimaiyyət də görsün ki, bank sektoru ancaq öz cibini güdmür, eyni zamanda, ölkənin inkişafı üçün də fəal çalışır. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, biz banklardan sosial məsuliyyət gözləyirik. Eyni zamanda, bu gün Azərbaycanda elə gözəl biznes mühiti yaranıb ki, ölkəmizə qoyulan vəsait özünü doğruldacaq və doğruldur.

Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq. Çoxsaylı sənaye müəssisələri yaradılıbdır. Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq yaxın zamanlarda bu proses də başlayacaq. Burada yerli icra orqanlarının nümayəndələrinin də böyük dəstəyinə ehtiyac vardır. Çünki onlar bu işi yerlərdə təşkil etməlidirlər ki, bu zonalar müəyyən edilsin. Orada infrastruktur layihələri icra edilməlidir, kommunikasiyalar yaradılmalıdır. Əlbəttə ki, dövlət bu işi öz üzərinə götürür. Ancaq bütün təşkilati məsələlərin həllində də yerli icra orqanları fəal iştirak etməlidirlər.

Azərbaycanda texnoparklar yaradılır və bu proses sürətlə gedir. Sənaye klasterləri yaradılır, yaradılacaqdır. Böyük, nəhəng sənaye obyektləri tikiləcəkdir. Xüsusilə mən burada metallurgiya kompleksinin tikintisini qeyd etmək istəyirəm. Çünki bu, bir növ bizim üçün yeni sənaye sahəsi olacaq ki, bunun da xammal, resurs bazası var, ixrac imkanları da kifayət qədər genişdir. Ona görə bu sahəyə dövlət investisiyaları qoyulur. O sahələr ki, ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və o sahələr ki, öz növbəsində, həm ixrac potensialımızı artıracaq, eyni zamanda, özəl sektorun fəaliyyətinə təkan verəcək, o sahələrə dövlət investisiyalar qoyur, qoymalıdır. Çünki böyük metallurgiya kompleksinin işə düşməsi nəticəsində minlərlə şirkət, özəl şirkət yaranacaq ki, orada hazırlanan məhsullardan son məhsulu Azərbaycanda istehsal etsin və biz idxaldan asılılığımızı azaldaq.

Bakı, Sumqayıt, Gəncə bizim əsas sənaye şəhərlərimizdir. Eyni zamanda, Mingəçevir də böyük sənaye şəhərinə çevrilməlidir. Sumqayıt, nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Gəncə şəhəri isə əminəm ki, gələcəkdə Cənubi Qafqazın üçüncü böyük sənaye şəhərinə çevriləcəkdir. Bu məqsədlər üçün lazımi tədbirlər görülür.

Son vaxtlar sürətlə inkişaf edən sənaye sektorumuz imkan verir ki, biz özümüzü tikinti materialları ilə də təmin edək. Tikinti materialları ilə də bağlı çox gözəl mənzərə yaranmışdır. İndi mən bəzi rəqəmləri səsləndirəcəyəm, ilk növbədə, ictimaiyyət, eyni zamanda, biznes qurumları da bunu bilsinlər ki, hansı sahələrə onlar daha çox investisiya qoysunlar.

Azərbaycan bazarı böyüyür. Azərbaycan indi kiçik ölkə sayıla bilməz. Əhali təxminən 10 milyona yaxınlaşır. Biz əhalinin sayına görə orta səviyyəli ölkəyik. Ancaq bu qədər sürətli inkişafın getdiyi bir ölkədə əlbəttə ki, daxili bazar ya yerli məhsullarla artıq tam dolacaq, ya da ki, bir neçə ildən sonra. Ona görə gələcəkdə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq. İxrac potensialı yaratmaq olar və yaradırıq. İndi söyləyəcəyim rəqəmlər bunu göstərəcək. Ancaq biz gərək ixrac bazarları da əldə edək.

İndi bazarlar uğrunda mübarizə gedir. Böyük dövlətlər, böyük sənaye potensialına, əlaqələrə, təsir gücünə malik olan ölkələr bütün mövcud bazarları əldə ediblər. Onlar bir çox hallarda siyasi nüfuzdan istifadə edərək digər ölkələrin bazarlarına öz məhsulları ilə çıxırlar və düz də edirlər. Biz də bunu edirik və etməliyik. Siyasi hakimiyyət biznesi dəstəkləməlidir. Azərbaycan dövləti də, biz də dəstəkləyirik. Sənaye məhsullarının istehsalında, ilk növbədə, iş adamları yeni bazarlara çıxmalıdırlar. Mən bunu dəfələrlə demişəm, xaricdə fəaliyyət göstərən səfirlərlə görüşlərdə onlara da tapşırmışam, gedin, çalışdığınız ölkələrdə Azərbaycan biznesi üçün şərait yaradın ki, gəlsinlər, öz ixrac məhsulları ilə o bazarlara girsinlər.

Bizim ümumi daxili məhsulumuzda neft amili artıq üstünlük təşkil etmir. Amma ixrac potensialımızın əksəriyyəti təbii resurslarımızdır. Biz hazır məhsullarla xarici bazarlara çıxmalıyıq, indi çıxırıq və çıxacağıq. Ona görə söyləyəcəyim rəqəmlər iş adamlarına da bir tövsiyə olmalıdır ki, artıq bu sahələrdə biz özümüzü təmin etmişik. Bu sahələrə vəsait qoymaq istəyirsinizsə siz artıq rəqabətqabiliyyətli sənaye müəssisəsi yaratmalısınız ki, indi mövcud olan şirkətlərlə rəqabətdə siz udasınız. Yoxsa, əgər biz hansısa bir məhsulla özümüzü yüz faizdən çox təmin ediriksə, indi buna bənzər başqa eyni sənaye müəssisəsinin yaranmasına nə ehtiyac var? Ona görə burada tənzimləmə işlərini aparan İqtisadiyyat və Sənaye Nazirliyi ixrac bazarlarına çıxmağımız üçün daha da çox iş görməlidir.

Beləliklə, əsas tikinti materiallarının istehsalı üzrə son məlumat: Sement istehsalı – Azərbaycanda istehlak 4,4 milyon ton. Daxili istehsal hazırda 3 milyon ton. Amma ölkə üzrə istehsal gücü 5,2 milyon ton. Yəni, gələn il, bəlkə də bu il biz özümüzü sementlə tam şəkildə təmin edəcəyik və sement zavodları məhsullarını ixrac edəcək. Ona görə hazırda yeni sement zavodunun tikintisinə ehtiyac yoxdur.

Bentonit – istehlak 8 min ton, istehsal 85 min ton, ixrac etmişik 72 min ton, istehsal gücü 250 min ton, yəni, 100 faizdən çox. Gips –istehlakımız 58 min tondur, daxili istehsal 193 min ton, potensial 3 yüz min ton, yəni, üç dəfə çoxdur.

Beton bloklar, borular – istehlak 100 min ton. 100 min ton da istehsal edirik, potensial 300 min ton, 100 faizdən çox. Alçipan, yəni, karton gips 12 milyon kubmetr istehlak edirik. Daxili istehsal 11 milyon, istehsal gücü 16 milyon, 100 faizdən çox.

Polietilen borular – daxili istehlak 22 min tondur. 18 min ton istehsal olunur. İstehsal gücü 300 min tondan çoxdur və artıq ixrac da edilir.

Mərmər və qranit - Azərbaycanda istehlak 83 min ton. İxrac edirik 30 ton. İstehsal edirik 62 min ton və potensial 100 min tondan çox.

Əhəng - 20 min ton istehlak olunur. 14 min ton daxili istehsal və 40 min tondan çox istehsal gücü. Bu da 100 faizdən çox.

Elektrik kabelləri - 10 min ton istehlak edirik. 5 min ton istehsal edirik, potensial 40 min tondan çoxdur.

Poladdan uzun yayma məhsullar - 335 min ton istehlak edirik. Daxili istehsal 235 min ton, potensial 500 min ton, yəni, burada biz özümüzü təmin etmirik.

Metal konstruksiyalar 114 min ton daxili istehsal, 200 min tondan çox istehsal gücü, 100 faizdən çox.

Seramik plitələr - 8 milyon kubmetr Azərbaycanda istehlak olunur və 4 milyon kubmetr bizim potensialımız var. Bax, budur əsas tikinti materialları. Demək olar ki, biz özümüzü əsas tikinti materialları ilə təmin etmişik və ona görə ixrac edirik. Gələcəkdə bax, bu sahəyə qoyulan investisiyalar bu statistikanı nəzərə almalıdır.

Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı, sənaye inkişafı bu qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır. Bu gün bu barədə məlumat verildi, həm struktur islahatları aparılır, eyni zamanda, kənd təsərrüfatının səmərəliliyinin artırılması üçün tədbirlər görülür. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır. Biz sovet dövründə özümüzü əsas ərzaq məhsulları ilə təmin edə bilməmişik. Ona görə yox ki, təmin edə bilmirdik. Ona görə ki, o vaxt - sovet dövründə bir bölgü var idi. Azərbaycanda neft, ağır sənaye, neft-kimya, pambıq, üzüm istehsalı və s. Ancaq o vaxt heyvandarlığın o qədər də inkişaf etməsinə imkan vermirdilər. Ona görə biz əsas ərzaq məhsullarını Rusiyadan, Ukraynadan gətirirdik. Yəni, belə bölünürdü. Sovet xalq təsərrüfatı sistemi belə idi. Ona görə müstəqilliyin ilk dövrlərində biz idxaldan böyük dərəcədə asılı vəziyyətə düşmüşdük. Bu vəziyyəti dəyişmək üçün çox ciddi tədbirlər görüldü və son illər ərzində biz ərzaq təhlükəsizliyimizi demək olar ki, təmin etmişik. Bu barədə də mən rəqəmləri bir qədər sonra səsləndirəcəyəm.

Müasir texnika, cins mal-qara alınır. Fermerlərə güzəştlər edilir. Fermerlər bildiyiniz kimi, torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübə tətbiq edilməlidir. Taxılçılıqda iri fermer təsərrüfatları yaradılıbdır və biz bunun gözəl nəticələrini görürük. Bu iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur - 55 sentner. Bu il isə bizdə taxılda məhsuldarlıq 23 və ya 24 sentnerdir. Yəni, bu proses davam etdiriləcək. Birinci mərhələdə 4 min 8 yüz hektar torpaq sahəsi əhatə edilmişdir. İndi icra edilən layihələr çərçivəsində 30 min hektar torpaqda iri fermer təsərrüfatları fəaliyyət göstərəcək.

Bir daha demək istəyirəm ki, biz dünyanın ən qabaqcıl təcrübəsini, müasir texnikanı tətbiq etməliyik, bütün lazımi tədbirləri görməliyik, xidmət lazımi səviyyədə göstərilməlidir. Burada səslənən məsələlər də öz həllini tapmalıdır. Yem təminatı əsas məsələdir, toxum fondu yaradılmalıdır. Biz özümüzü indi yeni texnika ilə təmin edirik. Hesab edirəm ki, yaxın illərdə biz bu məsələni tam şəkildə həll edəcəyik.

İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir.

Mərkəzi orqanlar da burada yeni təkliflərlə çıxış etməlidirlər ki, istifadəsiz torpaqlar olmasın. Onsuz da bizim o qədər də çox torpağımız yoxdur. İcazə verə bilmərik ki, istifadəsiz qalsın, yaxud da ki, torpaqdan səmərəli şəkildə istifadə edilməsin. Əksinə, mən keçən il demişəm, bir daha demək istəyirəm ki, hər bir rayonda ixtisaslaşma aparılmalıdır. Hansı rayonda nə əkilməlidir, hansı məhsul yetişdirilməlidir?! Budur, bizim əsas işimiz.

Ona görə kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir. Üstünlüyümüz ondan ibarətdir ki, bizim ətrafımızda böyük bazarlar var. O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər. Ona görə biz ənənəvi bazarlarda işləməliyik, daha fəal, daha da geniş əhatə dairəmiz olmalıdır və biz yeni bazarlara çıxmalıyıq, həm regional, həm beynəlxalq. Biz Avropa bazarlarına çıxmalıyıq. Bizdə indi emal müəssisələri dünya səviyyəsinə cavab verir, gözəl müəssisələrdir. Onların - əsas emal müəssisələrinin açılışlarında mən şəxsən olmuşam, yəni, bilirəm, onların vəziyyəti necədir. İstehsal olunan məhsullar da keyfiyyətlidir. Biz niyə Avropa bazarlarına çıxmayaq?! Biz nə vaxtsa Dünya Ticarət Təşkilatına üzv olacağıq. Biz buna əlbəttə ki, hazır olanda. Hazır olmaq üçün gərək ixrac potensialımız çoxşaxəli olsun.

Ona görə kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir. Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq. Budur, bizim işimiz.

Artıq o yerlər müəyyən edilib. İndi Azərbaycanda aqroparklar tikilir. Şəmkirçay su anbarının açılışı günü aqroparkın təməl daşı qoyuldu. Nə üçün? Çünki Şəmkirçay su anbarı tikildi. Şəmkirçay su anbarı tikilməsəydi, orada aqroparkı heç kim tikməzdi. Çünki su olmayan yerdə hansı aqropark ola bilər. Ona görə bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Aqroparkların tikintisi geniş vüsət almalıdır.

Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik. İndi mən rəqəmləri deyəcəyəm. Ümumiyyətlə, bir daha demək istəyirəm ki, ixrac olmadan Azərbaycan iqtisadiyyatı, həmçinin qeyri-neft sektoru inkişaf edə bilməz. Çünki biz daxili tələbatı artıq ödəyirik. İxrac, bir daha demək istəyirəm ki, düşünülmüş siyasət nəticəsində mümkündür.

“Yaşıl market”lər Azərbaycanda yaranmaqdadır. Bu da bir yenilik olacaq. Bakıda yaranır. Gələcəkdə bütün şəhərlərdə yaranmalıdır.

Torpaqların elektron uçot sistemi məsələsi var, - bu məsələ ilə bağlı mən öz fikirlərimi keçən il demişəm. Bu, torpaqlardan səmərəli istifadə etmək üçün əsas şərtdir. Biz bilməliyik ki, harada, nə qədər, hansı keyfiyyətə və münbitliyə malik olan torpaq sahələrimiz var. Bütün bu məsələlər dünyanın inkişaf etmiş ölkələrində çoxdan həll olunub. Bizim indi belə gözəl imkanımız var. “Azersky” ikinci peykimizdir. Bu peykin üstünlüyü ondadır ki, o, Yer səthini böyük dəqiqliklə müşahidə edir. Yəni, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu imkanlardan istifadə etməlidir. Bu, sizə əlavə bir dəstək olacaq. O peykdən bütün sahələri müşahidə etmək mümkündür ki, harada hansı torpaq var, bu torpaq kimə məxsusdur, bu torpağın ölçüləri nədir, orada nə əkilir və nə əkilməlidir. Bu tövsiyələr verilməlidir. Elektron uçot sistemi budur. Yoxsa, biz indi kortəbii, belə arayışda, kağızda, xəritə ilə işləyirik. İş belə getməyəcək. Bu işdə müasir yanaşma olmalıdır. Özü də bir daha demək istəyirəm ki, bütün şəraiti yaradırıq, vəsait ayırırıq. Dəfələrlə torpaqların elektron uçotu haqqında demişəm. Yaxşı, mən nəticə gözləyirəm. Ona görə nəticə çıxarın. Gələn müşavirədə torpaqların elektron uçotu ilə bağlı mənə məruzə edilməlidir.

Ümumiyyətlə, “elektron kənd təsərrüfatı” layihəsi lazımi səviyyədə getmir. Ona görə ciddi tədbir görün. Yerlərdə icra başçıları, şöbələr bütün məlumatları dəqiqliklə verməlidirlər. Bu təhlil bir yerdə aparılmalıdır. “Azersky”dan müşahidə aparılarkən bu məlumatlar təsdiq edilməlidir. Ondan sonra düyməni basıb biz biləcəyik ki, harada nəyimiz var, nə əkilməlidir və haradan istifadə olunmur. Çünki mən bilirəm ki, istifadəsiz torpaqlar çoxdur. Amma dəqiqliklə kim mənə deyə bilər ki, haradan istifadə olunur, haradan yox. İndi yerlərdən istənilən arayış da verilə bilər. Amma nəzarət mexanizmi olmalıdır. İnsanlar o yerlərə ezam edilməlidir, müşahidə aparılmalıdır, müşahidə də yuxarıdan təsdiqlənməlidir.

İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur. Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır.

Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər.

Qeyd etdiyim kimi, təşviq sistemi yaradılmalıdır. Bir çox ölkələrdə belə sistem var. Əvvəllər biz buna o qədər də meyilli deyildik, çünki bizim ixrac potensialımız da yox idi, ancaq hələ idxaldan asılılığı azaltmaqla məşğul idik. İndi isə ixrac potensialımız var, ona görə təşviq sistemi yaradılmalıdır. Mən İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıram ki, bu mexanizmi işləyin. Yaxın vaxtlarda biz bunu müzakirə edəcəyik. Bu, sahibkarlara imkan verəcək ki, daha da maraqlı olsunlar və öz məhsullarını xaricə satsınlar. Beləliklə, onlar üçün əlavə güzəştlər olacaq.

Ərzaq təhlükəsizliyi ilə bağlı görülən işlərin statistik əksi bu arayışdadır. Mən indi bəzi rəqəmləri səsləndirəcəyəm. Mal əti - özümüzü təminetmə səviyyəsi 87 faiz, qoyun əti - 97 faiz, quş əti - 98 faiz, yumurta - 100 faiz, süd və süd məhsulları - 76 faiz, taxıl - 60 faiz, üzüm - 98 faiz, kartof - 90 faiz, bostan məhsulları - 100 faiz, meyvə və giləmeyvə - 120 faiz, tərəvəz - 103 faiz, duz - 87 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar - 170 faiz. Ancaq burada nəzərə alınmalıdır ki, şəkər tozunun istehsalının maya dəyərində 64 faiz xam şəkər idxal olunur, 36 faiz dəyər Azərbaycanda formalaşır. Bitki yağları və marqarin - 77 faiz, kərə yağı - 52 faiz, makaron məmulatları - 58 faiz. Bu cədvəldə göstərilir ki, bizim gələcək fəaliyyətimiz hansı istiqamətlərdə daha da ciddi olmalıdır. Biz bütün bu pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq. Burada ən ağır pozisiya əlbəttə ki, taxıldır. Ancaq hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz bu məqsədə çatacağıq.

Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması nəticəsində biz bütün bu rəqəmləri 100 faizdən artıq səviyyədə görməliyik və görəcəyik.

Regionlarda, ümumiyyətlə, ekoloji vəziyyət yaxşıdır. Biz ekoloji tədbirlərin görülməsi üçün daha çox diqqəti Bakıya yönəldirik, bu da təbiidir. Bölgələrdə yaxşıdır, amma bu, daim diqqət mərkəzində olmalıdır.

Azərbaycanda turizmin inkişafı sürətlə gedir, yeni otellər, istirahət zonaları, beynəlxalq səviyyəli istirahət zonaları açılır. Bizdə turizm potensialı şimal, şimal-qərb, cənub və qərb bölgələrində, əlbəttə ki, Bakı şəhərində inkişaf edir. Biz vaxtilə fəaliyyət göstərən, sonra köhnəlmiş turizm yerlərimizi bərpa edirik. Misal üçün, indi Naftalan öz şöhrətini özünə qaytarır. Naftalan Sovet İttifaqı zamanında bir mərkəz idi. İndi beynəlxalq mərkəzdir. Burada üç gözəl otel fəaliyyət göstərir. Mən üçünün də açılışında olmuşam. Yeni otellər tikilir və gözəl bir turizm mərkəzidir. “Qalaaltı” müalicəvi su kurortunda da artıq böyük işlər görülür. Yəqin ki, bu il açılacaqdır. Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortu da indi dünya səviyyəli turizm mərkəzidir. Digər bölgələrdə, cənub və qərb bölgələrində turizm imkanları genişlənir.

Bölgələrdə xidmətlər göstərilir. “ASAN xidmət” mərkəzlərinin sayı artıq yeddiyə çatıb. Üç mərkəz də bu il açılacaq. Beləliklə, bölgələrdə altı, Bakıda dörd mərkəz fəaliyyət göstərəcək. Gələcəkdə onların sayını artıracağıq. On avtobusla səyyar xidmət də göstərilir və bütün bölgələrdən “ASAN xidmət”lə bağlı çox müsbət məlumatlar gəlir. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət” bir dönüş yaratdı. Ona görə biz bu sistemi bütün sahələrdə tətbiq etməliyik.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək.

Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir.

Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın. Əminəm ki, belə də olacaq, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10