Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Saakaşviliyə
25 may 2010, 18:30
Hörmətli cənab Prezident,
Əziz dostum,
Gürcüstanın milli bayramı – Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün xalqlarımız arasındakı münasibətlər tarixən təşəkkül tapmış dostluq, mehriban qonşuluq ənənələrimizdən qaynaqlanır. Belə bir möhkəm təməllər üzərində qurulmuş və qarşılıqlı etimada, dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin inkişafı, strateji tərəfdaşlıq xarakteri almış əməkdaşlığımızın gündən-günə genişlənməsi böyük məmnunluq doğurur.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Gürcüstan dostluğu və əməkdaşlığının möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 may 2010-cu il.
