Gerb

10 fevral 2015, 12:20

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Bütün Azərbaycan xalqı kimi biz ağdamlılar da Sizin həm ölkə daxilində, həm də xaricdə söylədiyiniz hər bir nitq və çıxışınızı diqqətlə izləyir, müdriklik və uzaqgörənliyinizdən, qətiyyətli və prinsipial mövqeyinizdən, ən əsası əsl Azərbaycan kişisinə xas olan sözü insanların üzünə şax demək, yalan və riyakarlığı ifşa etmək xarakterindən doğan cavablarınızdan qürur və iftixar hissi duyuruq. Siz növbəti dəfə beynəlxalq tədbirdə mayası yalanla yoğrulmuş erməni nümayəndəsinin fitnəkar çıxışına özünüzə məxsus mərdlik və təmkinlə cavab verməklə onları bir daha ifşa etdiniz, artıq neçənci dəfə ağır diplomatik zərbə vurdunuz.

Siz sözü ilə əməli bir olan dövlət rəhbərisiniz. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan, ən müasir silahlarla təchizatına görə dünyada onuncu yeri tutan bu qüdrətli və modern ordunu Siz yaratmısınız! Biz Sizinlə fəxr edirik! İnanırıq ki, məhz Sizin rəhbərliyiniz altında təkcə Ağdamı deyil, bütün Dağlıq Qarabağı və işğala məruz qalan digər rayonları tezliklə azad edəcəyik!

Ağdamdan seçilmiş Millət vəkili kimi öz adımdan, bütün Ağdam camaatı adından bu mövqeyinizə, bu cəsarətinizə, müdrikliyinizə və məcburi köçkünlərə göstərdiyiniz daimi qayğınıza görə Sizə sonsuz təşəkkür və minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Sadıqov Bəxtiyar Yusif oğlu,
“Azərbaycan” qəzetinin Baş redaktoru,
Milli Məclisin deputatı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.